Məhkəmə qərarları › İş №e-2-1(112)-3787/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3787/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3787/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh məktubunda qeyd edilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsini, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 36387 nömrəli icarə müqaviləsinin (keçmiş “X1 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq olunmamasını, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.05 ha qeyd edilsə də, faktiki 0.0380 ha təşkil etdiyini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0380 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə iddiaçının X6 arasında bağlanmış 08 yanvar 1970-ci il tarixli 5279 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 0,15 hektardan ibarət olan 200 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. X6 10 iyul 1998-ci ildə ölmüşdür. Onun ölmündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0,15 hektar torpaq sahəsi olan 200 nömrəli bağ sahəsi övladları: X4, X5 və İddiaçı arasında vərəsəlik qaydasında bölünərək hər birinə ayrı- ayrılıqda 0,05 ha torpaq sahəsi olmaqla 11 noyabr 2005-ci ildə X1 və Departamenti ilə icarə müqaviləsi bağlanmışdır. O, cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 200 "a” saylı 0,05 ha torpaq sahəsi də 11 noyabr 2005-ci il tarixli 36387 saylı icarə müqaviləsi əsasında istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən istifadəsində olan 200 "a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə rəsmi ərizə ilə müraciət olunmuşdur. İş üzrə cavabdeh İnzibati orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və imtinanın əsası belə göstərilmişdir; a)inventarlaşdırılma işləri aparılan zaman qeyd edilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. b)Bundan əlavə torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 36388 nömrəli icarə müqaviləsi (keçmiş X1 və İstismarı Birliyi) səlahiyyətli qurumun möhürü və imzası ilə təsdiq olunmamışdır. c)Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,05 ha qeyd edilsə də faktiki olaraq 0,0380 ha təşkil edir. Bu səbəbdən də hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, inzibati orqanın imtina məktubu sassız və qanunsuzdur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, araşdırma ilə əlaqədar inventarlaşdırma işləri aparılan zaman qeyd edilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 36387 nömrəli icarə müqaviləsi (keçmiş “X1 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq olunmamışdır. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.05 ha qeyd edilsə də, faktiki 0.0380 ha təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 və İstismar birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36387 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.05 ha torpaq sahəsi olan 200 "a” saylı bağ İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 200 "a” saylı bağ sahəsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir ki, burada yer alan xx.xx.2005-ci il tarixli, 36387 nömrəli müqavilənin surəti cavabdehin möhürü ilə arxivdə saxlanılan nüsxə ilə eyni olması barədə təsdiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi Bakı şəhəri İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə bağlanan xx.xx.2005-ci il tarixli, 36387 nömrəli müqavilədir. Cavabdehin imtinasının (etirazının) əsasını torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 36387 nömrəli icarə müqaviləsinin (keçmiş “X1 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq olunmaması, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.05 ha qeyd edilsə də, faktiki 0.0380 ha təşkil etməsi təşkil edir. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən müqavilə cavabdehin arxivində olduğu təqdirdə, icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş “X1 və İstismarı Birliyi”) möhrünün olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki səlahiyyətli qurumun (keçmiş “X1 və İstismarı Birliyi”) möhrünün olmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Mübahisə predmeti bağ sahəsinin ayrılması haqqında müqavilə mövcuddur və qanunun müddəasına görə həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Cavabdehin torpaq sahəsənin ölçüsü ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq faktiki ölçüsünə uyğun olaraq bağ sahəsinin hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən, 0,0380 ha olan, 200 "a” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən, 0,0380 ha olan, 200 "a” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar