Məhkəmə qərarları › İş №e-2-1(112)-3795/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3795/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3795/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X4 xx.xx.2020-ci ildə keçirilən hərbi əməliyyatlar zamanı Göygöl rayonu ərazisində şəhid olub. Ona xx.xx.2021-ci il tarixli 003769 № Şəhid Ailəsi üzvünün vəsiqəsi verilib. Həmçinin birgə nikahdan anadan olan övladları - X2, X3 da şəhid ailəsinin üzvü vəsiqələri verilib. İddiaçı şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməyi üçün 05 mart 2021-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, həmçinin bunun üçün tələb edilən bütün sənədlər icra hakimiyyətinə təqdim edilib. İddiaçının şəhid ərinin anası X6 və şəhid ərinin atası X5 notarial ərizə verərək ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqəsdilə onun mənzil növbəsinə dayanmağına etiraz etmədiklərini bildiriblər. Sənədlər müvafiq qaydada yoxlandıqdan sonra Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 17 avqust 2021-ci il tarixli 198№ Sərəncamı ilə şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. 2022-ci ildə qeydiyyat yerini dəyişərək, övladları ilə birlikdə ünvan 1 ünvanında qohumlarından birinin mənzilində qeydiyyata düşmüşdür. Bununla əlaqədar olaraq Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Şəmkir rayonunda mənzil növbəsindən çıxarılmağı və qeydiyyat yeri üzrə mənzil növbəsinə qeydə alınmağı üçün sənədlərin əsillərinin müşayiət məktubu ilə Binəqədi rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınıb. İddiaçı hazırda övladları ilə birlikdə ünvan 2 ünvanında qohumlarından birinin mənzilində qeydiyyatda olsa da, övladları ilə birlikdə kirayədə yaşayır. Mənzil növbəsinə götürülmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdikdə, iddiaçıdan yenidən sənədlər toplamağı tələb edildi. Yenidən eyni sənədləri toplayıb Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edildi. Həmin qurumun 07 iyun 2024-cü il tarixli məktubu ilə ona imtina verilib. İmtina məktubunda bildirilib ki, “təqdim etdiyiniz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli **********78 3-21-3- 30./2-M-18778/2024 saylı arayışından Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-2171A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə adınıza (ümumbirgə pay) qeydiyyata alınmışdır. Qazax rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü tarixli 4Ə- 156 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi pay torpağı kimi verildikdə (xx.xx.2004-cü il tarixli JN-2171A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən) iddiaçının 8 yaşı olub və pay torpağı atasına verilib, sadəcə iddiaçı da ailə üzvü olduğuna görə birgə mülkiyyətçi (0.02 ha) kimi qeyd edilmişdir. Ancaq nə 8 yaşında olduğu zaman, nə də sonradan onun ümumiyyətlə bundan xəbəri olmayıb. Yalnız mənzil növbəsinə alınmaq üçün sənədləri toplayan zaman müvafiq qurumdan arayış alarkən bu ona məlum oldu. Bundan sonra müvafiq sənədləri Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim etdikdə onlar yuxarıda qeyd edilən imtina cavabını verdilər. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 198 saylı sərəncamı ilə İddiaçı imtiyazlı şəxslərin mənzil növbəsinə əlavə edilmişdir. Sonradan iddiaçının qeydiyyatı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, 72 saylı binanın 245 nömrəli mənzilinə qeydiyyata düşdüyündən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022ci il tarixli 225 saylı sərəncamı ilə İddiaçı Şəmkir Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalından mənzil növbəliyi siyahısından çıxarılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********78 3-21-3-30/2-18778/2024 saylı arayışından müəyyən olunmuşdur ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-2171A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçının adına (ümumibirgə pay) qeydiyyata alınmışdır. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-156 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçıya mülkiyyətində olmuş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bağışlanması müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyilə bağlı yenidən Rayon İcra Hakimiyyətinə müraciət edə biləcəyi barədə rəsmi məlumat verilmişdir. Beləliklə də, iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh səlahiyyətli nümаyəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahat və çıxışını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin cavab ona verilməmişdir; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 07 iyun 2024-cü il tarixli, 5-10/2-M-111- 068/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********78 3-21-3-30/2-M-18778/2024 saylı arayışından Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.08 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN- 2171A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə adına qeydiyyata alınmışdır. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-156 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olmuş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bağışlanması müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyi ilə bağlı yenidən müraciət edə bilər. Şəmkir rayonu İcra Hakimiyyəti başçısı aparatının 198 nömrəli “İmtiyazlı şəxslərin mənzil növbəsinə götürülməsi barədə” 17 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə uyğun olaraq Şəmkir rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Mənzil Komissiyası tərəfindən imtiyazlı şəxs kimi mənzil növbəliliyinə götürülməsi məqsədəuyğun hesab edilən, Şəmkir rayonu və inzibati ərazi dairələrində daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olmuş şəhid ailələrinin, habelə əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların mənzil növbəlik siyahısının təsdiq edilməsi qərara alınmışdır. Şəmkir rayon İcra Hakimiyyəti başçısının 225 nömrəli, 22 dekabr 2022-ci il tarixli “İddiaçı Şəmkir rayon İcra Hakimiyyətində “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”ndan mənzil növbəliyi siyahısından çıxarılması barədə” Sərəncamına əsasən, İddiaçı Şəmkir rayon İcra Hakimiyyətində “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”ndan mənzil növbəliyi siyahısından çıxarılması, İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərin əslinin Binəqədi rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı təqdim etdiyi sənədlərin, mənzil növbəsinə götürülməsi barədə Sərəncamın, mənzil növbəsindən çıxarılması barədə Sərəncamın və mənzil növbəsi sənədlərinin Binəqədi rayon İcra Hakimiyyətinə göndərilməsi ilə bağlı müşayiət məktubunun təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən:

Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;

7. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

8. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən: 2.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində, 49.6-cı, 103.2.1-ci, 146.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

9. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sinə əsasən:

3.9.6. yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 4.6.9. əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. 6.8. yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən:

Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir.

12. Hazırki iş üzrə iddia tələbi “iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarətdir.

13. İşin faktiki hallarına əsasən, iddiaçı X8 zamanı şəhid olmuş X1 arvadıdır. Ona xx.xx.2021-ci il tarixli 003769 № Şəhid Ailəsi üzvünün vəsiqəsi verilib. Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı güzəştli (şəhid ailəsi) mənzil növbəsinə götürülmüş, sonradan iddiaçının qeydiyyat ünvanının dəyişdirilməsi səbəbindən ünvan 3inə götürülməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə cavabdehin mövgeyini yanlış hesab edir. Belə ki, iş üzrə mübahisələndirilməyən hal odur ki, iddiaçı şəhid ailəsidir. İddiaçı mənzil şəraiti yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi yaşayış sahəsi ilə birinci növbədə təmin olunmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzil növbəsinə götürülməsindən cavabdehin imtinası işin faktiki hallarına və qanunvericiliyin normalarına, icra hakimiyyətinin vahidliyi prinsipinə uyğun deyildir. Belə ki, iddiaçının mənzil növbəsinə alınmasına dair müraciəti ilə bağlı hallar Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən tam araşdırıldıqdan sonra, iddiaçının mənzil uçotuna alınması barədə müvafiq inzbati akt qəbul edilmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin sərəncamı etibarsız və ya qanunsuz hesab edilməmiş və ya ləğv edilməmişdir. Odur ki, cavabdehin hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun olmamış, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, iddiaçı şəhid ailəsi üzvü olduğundan və yaşayış sahəsi olmadığı üçün, seçdiyi yaşayış yerində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Binəqədi RİH-dən tələb etməkdə haqlıdır. Göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir; - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

17. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

18.Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 68, 69, 85-ci maddələrini srəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar