Məhkəmə qərarları › İş №e-2-1(112)-3816/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3816/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3816/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (3-cü şəxs: "xxxx" MMC) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barədə çıxarılmış xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-168685/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-168685/2024 saylı, 18 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-368783/2024 saylı və 04 fevral 2025-ci il tarixli 3-21-2-3/2-156539/2025 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (VÖEN: **********) qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2024-cü ilin fevral və avqust ayları üzrə ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli qərarla 9 900 manat və 03 oktyabr 2024cü il tarixli qərarla ƏDV hesablanmışdır. İddiaçı "xxxx" MMC ilə 2023-cü ilin dekabr ayında 1 ədəd e-qaimə üzrə aparılan 55 000 manat və "xxxx" MMC 2024-cü ilin fevral ayında 1 ədəd e-qaimə üzrə aparılan 115 000 manat məbləğində əməliyyatları riskli əməliyyatlar hesab edərək həmin əməliyyatlara görə əvəzləşdirmiş ƏDV-ni ləğv etməklə əlavə ƏDV hesablamışdır. Digər tərəfdən, ümumiyyətlə 2 e-qaimə heç 2024-cü ilin müvafiq olaraq fevral və avqust ayları üzrə ƏDV bəyannamələrində əvəzləşdirilən dövriyyəyə salınmamışdır. Həmin e-qaimələr elə tərtib edilən (2023 dekabr və 2024 fevral) aylarda ƏDV bəyannamələrinə əvəzləşdirilən dövriyyəyə salınmışdır ki, vergi orqanı da məhz həmin aylar üzrə kameral keçirərək əlavə vergilər hesablaya bilərdi. Yuxarıda qeyd edilən e-qaimələr müvafiq olaraq 2023-cü ilin dekabr və 2024-cü ilin fevral ayları üzrə iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannamələri üzrə əvəzləşdirilən dövriyyəyə daxil edilmiş və əvəzləşdirilmişdir. Lakin cavabdeh həmin aylar üzrə bununla bağlı hər hansı kameral vergi yoxlamaları ilə əlavə vergilər hesablamamış və əvəzləşmələri ləğv etməmişdir. İddiaçı 11 dekabr 2023-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 11 dekabr 2023-ci il tarixində 1 ədəd (EBDU seriyalı 798146 nömrəli) elektron vergi qaiməfaktura əsasında 55 000,00 manat məbləğində mallar almışdır. Lakin cavabdeh iddiaçının "xxxx" MMC ilə apardığı əməliyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 11 dekabr 2023-cü il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyata görə ƏDV əvəzləşməsini ləğv etmişdir. Bundan başqa, iddiaçı 29 fevral 2024-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 29 fevral 2024-cü il tarixində 1 ədəd (EBDZ seriyalı 676413 nömrəli) elektron vergi qaimə-faktura əsasında 115 000 manat məbləğində mallar almışdır. Lakin cavabdeh iddiaçının "xxxx" MMC ilə apardığı əməliyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən etaxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 29 fevral 2024-cü il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyata görə ƏDV əvəzləşməsini ləğv etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, 03 oktyabr 2024-cü il tarixli 3-21-2-3/2-168685/2024 nömrəli qərara münasibətdə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 20700 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. 0 3 oktyabr 2024-cü il tarixli 3-21-2-3/2-168685/2024 nömrəli qərar üzrə aparılan hesablamanın əsası EBDZ seriyalı 676413 nömrəli elektron qaimə fakturanın riskli hesab edilməsi ilə əlaqədardır. Müvafiq elektron qaimə isə "FABEN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" MMC-yə təqdim edilmişdir. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş EBDZ seriyalı 676413 nömrəli elektron qaimə faktura xx.xx.2024-cü il tarixində **********032000 nömrəli Qərarla riskli elektron qaimə fakturalar siyahısına daxil edilmiş və müvafiq ay üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə hesablama aparılmışdır. ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətri məhz əvvəllər əvəzləşdirilmiş və müvafiq əvəzləşmə hüququ olmayan ƏDV məbləğlərinin büdcəyə bərpa olunması üçün nəzərdə tutulmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla, hesablanmış vergi məbləği Vergi Məcəlləsinin 175.11 -ci maddəsi əsas götürülməklə, düzgün hesab edilir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ƏDV depozit hesabı üzrə vergidən yayınma sxemi qurulmaqla riskli əməliyyatların aparılması, əldə edilmiş vəsaiti riskli vergi ödəyicilərinə və dolayı yolla bir sıra iri topdançılara və ya gömrük orqanlarına köçürərək əldə olunan və ya idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyicinin fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbiri zamanı aktiv təsərrüfat subyekti olmadığından yoxlama keçirilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq ödəyicinin fəaliyyəti riskli hesab olunmuş və müvafiq bildiriş göndərilmişdir. Lakin ödəyici bildirişdə qeyd olunan müddət ərzində Baş İdarədə görüşdə iştirak etməmiş və riskə daxil edilmə prosesi davam etdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir. 18 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-368783/2024 nömrəli qərara münasibətdə qeyd olunmuşdur ki, müvafiq qərarla "xxxx" MMC-yə 2024-cü ilin fevral ayı üzrə 9.900 manat vergi hesablanmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin qarşılıqlı əməliyyatlar apardığı "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyindən həmin vergi ödəyicilərindən əldə etmiş olduğu elektron qaimə fakturalar (EBDU seriyalı 798146 nömrəli) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üzrə aparılmış təhlillər nəticəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması şübhəsi yaranmışdır. Bununla bağlı olaraq ödəyicinin qeydiyyatda olan AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Dadaş Bünyadzadə (Lökbatan) ev.2 D yerləşən Anbarına baxış keçirilmişdir. Həmin Anbarın boş olduğu, malmaterial qalığının olmadığı müəyyən olunmuşdur. Həmçinin aparılmış təhlillər zamanı rəhbər X3 ixtisassız peşə sahibi olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisi riskli hesab edilmiş və müvafiq risk meyarlarına əsasən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) riskli hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir. 04 fevral 2025-ci il tarixli 3-21-2-3/2- 156539/2025 nömrəli qərara münasibətdə qeyd edirik ki, müvafiq qərarla "xxxx" MMC-yə 2024-cü ilin mənfəət vergisi üzrə 20.111,01 manat vergi hesablanmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 345931.96 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (115000.00) istisna olmaqla) və alış aktlarının məbləği (230931.97 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 230931.97 manat) bəyannamənin 1 №li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (230931.97 manat) məbləğin müqayisəsi nəticəsində 114999.99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********869400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024cü il mənfəət vergisi bəyannaməsi üzrə 20111,01 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********877200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşılıqlı əməliyyatlar aparmış, 676413 saylı qaiməni xərc sənədlərində göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-168685/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 20.700 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 20 700 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-368783/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 9.900,00 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 798146 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9900,0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 9900 manat kənarlaşma yaranmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-156539/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 20111,01 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı 114999,99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 15/004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı "xxxx" MMC iddiaçıya (alıcı) malı satmağı, iddiaçı (alıcı) isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş 29 fevral 2024-cü il tarixli 1 nömrəli Qiymətlərin razılaşdırma protokoluna əsasən tərəflər iddiaçının "xxxx" MMC-yə 135700 manat pul məbləğinin ödənilməsinə dair razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş 29 fevral 2024-cü il tarixli 1 nömrəli Təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 135700 manat dəyərində mallar təhvil verilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 11-12/23 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı (alıcı) sifariş verməyi, "xxxx" MMC (satıcı) ilə adları qiymətlərin razılaşdırılması protokollarında sadalanan mal-materiallarla təmin etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşdırılma protokoluna əsasən tərəflər iddiaçının "xxxx" MMC-yə 64900 manat pul məbləğinin ödənilməsinə dair razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş 11 dekabr 2023-cü il tarixli Təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 64900 manat dəyərində mallar təhvil verilmişdir. EBDZ seriyalı, 676413 nömrəli, xx.xx.2024-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 135700 manat pul məbləği ödənilmişdir. EBDU seriyalı, 798146 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 64900,00 manat pul məbləği ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********032000 nömrəli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********436000 nömrəli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-168685/2024 saylı, 18 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-368783/2024 saylı və 4 fevral 2025-ci il tarixli 3-21-2-3/2- 156539/2025 saylı qərarların ləğv edilməsini xahiş edir. Həmin qərarlarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 15/004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı "xxxx" MMC iddiaçıya (alıcı) malı satmağı, iddiaçı (alıcı) isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq pul məbləğləri ödənilmişdir. Eyni zamanda iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 11-12/23 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı (alıcı) sifariş verməyi, "xxxx" MMC (satıcı) ilə adları qiymətlərin razılaşdırılması protokollarında sadalanan malmateriallarla təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq pul məbləğləri ödənilmişdir. Lakin, sonradan həmin vergi ödəyiciləri ("xxxx" MMC, "xxxx" MMC) cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına salınmışdır. İddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış həmin əməliyyatlar isə riskli əməliyyat hesab edilərək, bununla bağlı qaimələr xərc sənədi kimi nəzərə alınmamış və iddiaçı barəsində hazırkı mübahisələndirilən qərarlar qəbul edilərək, əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). İddiaçı bildirir ki, o "xxxx" MMC və "xxxx" MMC ilə qeyd edilən əməliyyatları apardığı vaxt həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmamışlar. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında aparılan həmin əməliyyat əmtəəsiz olmuş və bu səbəbdən həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri siyahısına salınmışlar. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2024-cü il tarixində, "xxxx" MMC ilə isə xx.xx.2023-cü il tarixlərində bağlanmışdır. "xxxx" MMC xx.xx.2024-cü il tarixində, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimələrin verildiyi vaxt "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olmamışlar. Həmin əməliyyatların riskli olması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, iddiaçının müvafiq əməliyyatlar apardıqları şəxslər göstərdikləri xidmətlərə görə müvafiq mal və materialların onun alışında müəyyən edilməməsi, həmçinin zəruri işçi qüvvəsinə malik olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin hüquqi şəxs tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış əməliyyatların birmənalı olaraq riskli əməliyyat olduğunu təsdiq edən sübut kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-168685/2024 saylı, 18 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-368783/2024 saylı və 04 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-156539/2025 saylı qərarlar qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 168685/2024 saylı, 18 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-368783/2024 saylı və 04 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-156539/2025 saylı qərarlar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar