Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3823/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X11, inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş üçüncü şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı, X3, X2, X4 və X5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə Bakı ŞİH) və "xxxx" məhdud məsuliyyəti cəmiyyətinə (bundan sonra mətndə "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının qanunsuz hesab edilərək, ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının İddiaçı əmlakına aid hissədə qanunsuz hesab edilərək, ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" MMC-nin rəsmi və qeyri-rəsmi nümayəndələri tərəfindən qeyri-iş günlərində, o, və onun anası evdə olduğu saatlarda qanusuz sökülməyə məruz qalmışdır. Şirkətin əməkdaşları zəruri olan bütün “icazə”ləri aldıqlarını, icra hakimiyyəti ilə müqavilələri olduqlarını, Sabunçu rayon İcra Hakimiyyətinin bu söküntü ilə bağlı müvafiq sərəncamının olmasını qeyd etmişlər. Dəfələrlə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə məktub və ərizələrlə müraciət edərək müvafiq sərəncamın ona təqdim edilməsini xahiş etsə də, ona bu sərəncam qərəzli şəkildə təqdim edilməmiş, "Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən ona qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmış, yalnız həmin mülki iş üzrə vəkili xx.xx.2023-cü il tarixdə əlavə edilərkən onun həmin sərəncamdan məlumatlı olmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 161 saylı sərəncamında qeyd edilir ki, müvafiq ərazidə daşınmaz əmlak mülkiyyətçilərinin və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri mülki münasibətlərə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "Memarlıq Şəhərciyi 2021” MMC-nin icarə əsasında istifadəsinə verilsin. Həmin sərəncam qanunsuz və əsassız hesab edilməlidir. Hazırda onun mənzili podratçı şirkət tərəfindən elə yaşanılmaz bir vəziyyətə gətirilmişdir ki, ortada hər hansı razılıqdan söhbət belə gedə bilməz. Eyni zamanda, çirkab suları və xətləri partladığına görə antisanitariya vəziyyəti yaranmışdır. Bundan başqa sərəncamda qeyd olunan "tikintiyə icazənin təmin olunması” öhdəliyi də icra edilməmişdir. Yəni mənzili qanunsuz olaraq söküldükdən sonra bu ərazidə doğurdan da hər hansı iri yaşayış və qeyri-yaşayış binalarının tikilib-tikilməyəcəyi də sual altındadır. Eyni zamanda iddiaçılar X8, X6, X9 və X10 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamın 2-ci maddəsində sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. Qeyd olunan sərəncamın 3-cü bəndində göstərilmişdir ki, qeyd olunan tələblər yerinə yetirilməsə, bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır. "xxxx" MMC tərəfindən sərəncamda göstərilən tələblər kobud şəkildə pozulur. "xxxx" MMC mülkiyyət hüququ ilə onlara məxsus mənzillərin yerləşən binaların çardaqlarını tam olaraq sökmüş, razılaşdıqları qonşu mənzillərin qapıpəncərələrini sökmüş, istilik sistemini yararsız vəziyyətə salmışlar və binanın dam hissəsi söküldüyü üçün axan yağış suları mənzilin daxilinə axır ki, qeyd olunan hallar binada yaşayışı mümkünsüz etməklə, orada yaşayan sakinlərin həyatı üçün ciddi təhlükələr yaradır. MMC bu qanunsuz hərəkətləri ilə onların hüquqları pozulmaqla yanaşı, həmçinin qanunvericiliyin tələblərini də köbud şəkildə pozaraq qarşılıqlı razılıq olmadan yalnız və yalnız öz şərtlərinə uyğun olaraq onları müqavilə bağlamağa məcbur etmək istəyir. Bakı İnzibati Məhkəməsinin (hakim A.Almazova) e-2-1(112)-4746/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəmənin (hakim N.Abıyev) icraatında olan 2-1(112)-4746/2024 saylı inzibati iş üzrə məhkəmə icraatının 2-1(112)-3823/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi və 2-1(112)3823/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi, 2- 1(112)-4746/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112) 3823/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizələri məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs "xxxx" MMC tərəfindən İddiaçı iddia tələbinə dair təqdim olunmuş yazılı münasibətdə göstərilmişdir ki, iddia ərizəsində qeyd edilir ki, "xxxx" MMC-nin qeyrirəsmi nümayəndələri tərəfindən qeyri-iş günlərində iddiaçının və onun anasının yaşadığı mənzil sökülməyə məruz qalmışdır. "xxxx" MMC xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama uyğun olaraq ərazidə yerləşən bütün sakinlərlə danışıqlar apardıqdan və razılaşdıqdan sonra müqavilə imzalayır və bu proses rəsmləşdikdən sonra həmin mənzilin söküntü işlərinə başlayır. Bu proses iddiaçıya nisbətdə həyata keçirilə bilmədiyi üçün "xxxx" MMC İddiaçı qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində “mülkiyyət hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” iddiası ilə müraciət etmişdir və hazırda həmin iş həmin məhkəmənin icraatındadır. İddia ərizəsində iddiaçı qeyd edir ki, https://tdr.e-tikinti.gov.az/ saytında "xxxx" MMC-nin tikintiyə icazə alınası barədə heç bir qeyd yoxdur. Buna cavab olaraq bildirirlər ki, iddia ərizəsində qeyd edilən saytda yalnız tikintiyə icazəsi olan təşkilatlar barədə məlumat yerləşdirilmişdir. Yəni, hazırkı vəziyyətdə "xxxx" MMC ərazidə tikinti işləri aparmır, yalnız binaların sakinlərini oradan köçürüb binaları sökəndən sonra tikinti işlərinə başlayacaq. Belə nəticəyə gəlmək olar ki, sakinlərin hamısı oradan çıxarıldıqdan və orada binalar söküldükdən sonra tikinti işlərinə başlamaq hüququ "xxxx" MMC-də yaranacaq və yalnız ondan sonra Sərəncamın bəndində göstərilən tikinti işlərinə başlama hüququ yaranacaqdır. Amma hazırkı vəziyyətdə "xxxx" MMC bunu edə bilməz çünki həmin ərazidə köçürülməmiş sakinlər var. Üçüncü məsələ ondan ibarətdir ki, iddia ərizəsində guya ki, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncamından xəbəri olmamış və bu sərəncam barədə məlumatı iddiaçı yalnız vəkili vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iş qaldırılarkən əldə edə bilmişdir. Buna cavab olaraq bildirirlər ki, İddiaçı "xxxx" MMC 25 avqust 2023-cü il tarixli 35/2023 saylı məlumat xarakterli məktub ünvanlamış və həmin məktub iddiaçının anası tərəfindən qəbul edilərək, buna dair imza atılmışdır. Məktubun məzmunundan da göründüyü kimi, iddiaçının yaşadığı mənzilin ərazisi Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən söküləcəyi nəzərdə tutulması barədə qeydlə bildirilmişdir, yəni, iddiaçının bu Sərəncamın mövcudluğundan xəbəri vardır, əgər bu Sərəncamı mübahisələndirmək istəsəydi, avqust ayında Bakı İnzibati Məhkəməsinə müraciət edib iddia qaldırmaq hüququ var idi, və hazırkı iddiada qeyd etmək ki, “İddiaçının bu sərəncamdan xəbəri yoxdur” əsassız bir iftiradır. Dördüncü məsələ ondan ibarətdir ki, iddia ərizəsində qeyd edilir ki, ərazidə kanalizasiya xəttləri partladılıb və orada antisanitariya halı baş verməkdədir. Hazırda sökülməsi nəzərdə tutulan 5 binadan 2 binanın sakinlərinin 90% ilə razılaşma olub və onlar ərazidən köçürülmüşdür. Ərazidən köçürülən sakinlərin yaşadıqları mənzillər isə tədricən sökülür və ora təmizlənir. Lakin, iddiaçının da qeyd etdiyi kimi, ərazidə yerləşən kanalizasiya sistemi dağıdılmamış və sökülməmişdir. Hal-hazırda orada bütün kommunikasiya xidmətləri aktivdir və bəzi narazı sakinlər hələ də orada qalmaqda və yaşamaqda davam edirlər. Beşinci məsələ ondan ibarətdir ki, iddia ərizəsində qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti bu Sərəncamı verərkən sakinlərə bu barədə məlumat verməmiş və onları dinləməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncamdan da görünür ki, 1.0858 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən daşınmaz əmlakın mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun razılıq əsasında həll edilməsi şərtilə çoxmənzilli yaşayış kompleksin tikintisi üçün icazə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bu Sərəncamdan da görünür ki, hazırkı Sərəncamla yaşayış kompleksin tikintisi üçün torpaq sahəsi ayrılmışdır və bundan əlavə həmin Sərəncamda başqa öhdəliklərin də icra edilməsi müəssisənin üzərinə qoyulmuşdur və bu öhdəlikləri mərhələli şəkildə icra edilməsi göstərilmişdir. Bu o deməkdir ki, oradan əhali köçürülməsə, həmin ərazidə tikinti işləri də aparıla bilməz. Həmçinin tikinti işlərinin aparılmasına dair icazə müddətli verilir, və əgər indi "xxxx" MMC həmin icazəni alsa və bu müddət ərzində həmin ərazidən sakinləri köçürdə bilməsə, o zaman həmin icazə öz qanuni qüvvəsini itirəcəkdir və onun indiki halda alınmasının heç bir mənası olmayacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il 482 saylı Qərarına əsasən, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1-mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2.-qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini. Odur ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən sərəncamına uyğun olaraq, köhnə tikililərə baxış keçirilməsi və onların qəzalı vəziyyətdə olub-olmaması işlərinə başlanılmışdır. Belə ki, mıibahisələndirilən sərəncam verilməmişdən öncə, xx.xx.2022-ci il tarixli 7-3884/7 saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvanlanaraq, 1.0858 ha torpaq sahəsində "xxxx" MMC icarə qaydasında ayrılmasına etiraz etməmələri bildirilmişdir. Eyni zamanda, digər bir razılıq məktubu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən xx.xx.2022-ci il tarixli məktubu Bakı Şəhəri İcra Hakimiyyəti başçısına ünvanlanaraq, Sərəncamda göstərilən ərazidə "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılmasına etiraz etməmələri barədə bildirilmişdir. Sonradan, bu razılıqlar əsasında, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Memarlıq Şəhərciyi 2021" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən Sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin Yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021 -ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL- 744/2022 saylı 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi "xxxx" MMC-yə müddətsiz verilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçılardan İddiaçı və X9 məhkəmə iclaslarına gəlmədiyindən, gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, digər iddiaçılardan X3 nümayəndəsi Yalchyn Khudaverdiyev və X5 nümayəndəsi X13 məhkəmə iclasına gəlsələr də, hazırki işlərin bir icraatda birləşdirilməsinə etiraz olaraq məhkəmə iclasında iştirak etməkdən imtina etdikləri üçün məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X17 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, mübahisələndirilən sərəncamın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyini göstərərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İnzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək və təqdim etdiyi yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları: Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 3-52/2- 7364/2023 №li 29 dekabr 2023-cü il tarixli məktubu ilə surətləri məhkəməyə təqdim olunmuş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubla ərazidə (Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən 1,30 hektar torpaq sahəsi) yaşayış binaları, tikililər, qarajlar və qeyri-yaşayış sahələri, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan yaşayış binası, həmçinin "xxxx" ASC-nin balansında olan nasosxana binası ilə bağlı məsələlər mövcud qanunvericiliyə uyğun həll edildikdən sonra, tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 1,0858 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış kompleksinin tikintisi mıəqsədilə "xxxx" MMC-yə icarə qaydasında ayrılmasına etiraz etmədikləri bildirilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1/1867 nömrəli məktubla Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış evlərindəki mənzillərin sahibləri ilə "xxxx" MMC arasında qarşılıqlı razılaşma əsasında həmin yaşayış evlərinin sökülərək yerində müasir tələblərə cavab verən yeni, çoxmənzilli yaşayış kompleksinin inşası məqsədilə qeyd edilən ünvanda 1,3 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-4202 nömrəli məktubda göstərilmişdir ki, Bakıxanov qəsəbəsi, H.Ərəblinski, Aşıq Alı və M.Fətəliyev küçələrinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsinin yaşayış evlərinin sökülərək yerində yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" MMCnin istifadəsinə ayrılmasına dair rəy verilməsi barədə xx.xx.2021-ci il tarixli 7-3884/7 nömrəli məktuba baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ərzidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ səndlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" MMC-nin istifadəsinə ayrılmasına etiraz etmirlər. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 161 №-li, xx.xx.2022-ci il tarixli sərəncamından (surəti) görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 9 nömrəli müraciəti, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/1867 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********19 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-4202 nömrəli razılıq məktubları və “Azərdövlətlayihə” DBLİ-nin xx.xx.2021-ci il tarixli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında "Memarlıq Şəhərciyi 2021” MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2- ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli 161 nömrəli sərəncamı iddiaçılar üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, sözügedən sərəncamdan göründüyü kimi dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq orqanların rəyləri nəzərə alınmaqla torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 2.5-ci bəndində “Sifarişçi”yə tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövəladə Hallar Nazirliyinin Tikintidə X7 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyekin tikintisinə icazənin alınmasını təmin etsin. Beləliklə, iş üzrə mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir. Ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə torpağın icarə əsasında istifadəsinə verilməsi barədə sərəncamı həmin toraq sahəsində tikintiyə icazə barədə məsələni həll etmədiyindən konkret hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan inzibati aktın ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Bu halda sözügedən sərəncamı mübahisələndirməyə dair iddiaçıların hüquqi marağı da müəyyən olunmur. Odur ki, mübahisə predmeti olan sərəncama münasibətdə iddia mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3823/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3823/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver