Məhkəmə qərarları › İş №e-2-1(112)-3831/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3831/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3831/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi X3 Apellyasiya Şurası tərəfindən 16 iyul 2024-cü il tarixdə qəbul edilmiş 24 iyul 2024-cü il tarixdə isə Agentliyin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş AP2024-060 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi X3 Apelyasiya Şurası tərəfindən 16 iyul 2024-cü il tarixdə qəbul edilmiş, 24 iyul 2024-cü il tarixdə isə Agentliyin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş AP2024 060 nömrəli qərarı ilə “İddiaçı” ASC-yə məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanının Azərbaycan Respublikası ərazisində ƏXBT-nin 05-ci sinif əmtəələri üzrə hüquqi mühafizəsinə xitam verilmişdir. Qərar “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinin tələbini pozmaqla qəbul edilmişdir. Cavabdeh qərarı qəbul edərkən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsinə istinad etmişdir. Həmin normada isə deyilir ki, əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Amma cavabdeh qurumun müraciətə baxarkən və qərar qəbul edərkən bu normaya istinad etməsi doğru deyildi. Belə ki, iddiaçı tərəf son 5 il ərzində ona məxsus olan “İddiaçı” əmtəə nişanından aktiv şəkildə istifadə etmişdir. Belə olduğu halda isə cavabdeh qurumun qəbul etdiyi qərarın qeyri-qanuniliyi bir daha öz təsdiqini tapmış olur. Belə ki, “İddiaçı” əmtəə nişanı altında olan məhsular iddiaçı tərəfindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına ixrac edilmiş, ölkə ərazisində mülki dövriyyədə olmuşdur (müvafiq icazə və sertifikatlar alınmış, anbarlarda toplanmış, satışa çıxarılmış və s.). Həmin əmtəə nişanı altında iddiaçı tərəfindən ölkəyə ixrac edilən və ölkədə mülki dövriyyəsi həyata keçirilən mallar içərisində – “Avegra”, “Asellbiya”, “Herticad”, “Genferon” adlı dərman preparatlarını misal göstərmək olar. Hansı ki, bu preparatların hər biri “İddiaçı” əmtəə nişanı altında istehsal olunur və iddiaçı tərəfindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına ixrac olunur. Bu deyilənlər həmin preparatlara aid qablaşdırma və içlik sənədlərində, həmçinin gömrük bəyannamələrində, habelə vahid mənbə olan www.tariff.gov.az portalında da əks olunmaqla sübuta yetirilir. “İddiaçı” əmtəə nişanı ƏXBT-nin 05 ci və 42-ci sinifləri üzrə qeydiyyata alınmışdır. Bu siniflərdən isə 05-ci sinfə aiddir: əczaçılıq məhsuları, tibbi və baytarlıq preparatları; tibbi məqsədlər üçün gigiyena preparatları; pəhriz qidası və tibbi və ya baytarlıq məqsədləri üçün maddələr, uşaq qidası; insanlar və heyvanlar üçün qida əlavələri; sarğılar, sarğı materia ları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar; dezinfeksiyaedici vasitələr; ziyanvericiləri məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlə. Yəni 05-ci sinfin məzmunundan da göründüyü kimi, bu sinfə daxil olan məhsular əsas etibarı ilə dərman və farmaseptik məhsulardır ki, həmin məhsuların da ölkəyə idxalını, habelə ölkədə satışını həyata keçirtmək üçün ilk növbədə onları müvafiq reyestrdə qeydiyyata salmaq mütləqdir. Bütün bu proseslər isə əmtəə nişanının istifadə edildiyini sübut edən faktlardır. Misal olaraq təkcə bu faktı göstərmək kifayətdir ki, iddiaçı “İddiaçı” əmtəə nişanı altında istehsal və dövriyyə olunan “Genferon” dərman vasitəsi üçün xx.xx.2018-ci il tarixli DV № 18-00588 saylı qeydiyyat şəhadətnaməsinə sahib olmuş, xx.xx.2023-cü il tarixdə isə bu şəhadətnamə 5 (beş) il müddətinə, yəni 2028-ci ilə qədər uzadılmışdır. Bu qeydiyyat şəhadətnaməsində və “Genferon” dərman vasitəsinin qutularında iddiaçının əmtəə nişanından istifadə olunmuşdur və hazırda da olunur. Bu hal da iddiaçının sözügedən əmtəə nişanından son 5 il ərzində istifadə etdiyini təsdiqləyir. Cavabdeh işə baxarkən və araşdırma apararkən iddiaçını qabaqcadan bu barədə lazımi qaydada məlumatlandırmamış, onun iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh əmtəə nişanının sahibini (yəni hazırki iş üzrə iddiaçını) qabaqcadan məlumatlandırmalı, onun işdə iştirakı və sübutlarını təqdim edə bilməsi üçün ona kifayət qədər vaxt verməli idi. Lakin cavabdeh qurumda işə baxılarkən iddiaçı tərəfə hər hansı bildiriş göndərilməmiş, belə bir məsələyə baxılması ilə bağlı iddiaçı məlumatlandırılmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, ENDO PHARMA” MMC tərəfindən “BİOCAL” (2023 00662 nömrəli iddia sənədi) əmtəə nişanının Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra-ƏXBT) 35-ci sinif “qida əlavələrinin satışı” xidmətləri üzrə qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinə müraciət edilmiş, lakin Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərar qəbul etmişdir. Ekspertiza Mərkəzi qərarını Azərbaycan Respublikasında daha əvvəl mühafizə verilmiş ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanına əsaslanaraq vermişdir. X6 “İddiaçı” tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanı ƏXBT-nin 05 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.2012-ci il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. "xxxx" MMC Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi X3 Apellyasiya şurası (bundan sonra - Apellyasiya şurası) müraciət edərək, aparılan araşdırmalar nəticəsində X6 “İddiaçı” şirkətinin ******* saylı beynəlxalq qeydiyyatla qüvvədə olan “İddiaçı” əmtəə nişanından 05-ci sinif “əczaçılıq, baytarlıq və sanitar preparatlar; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri, körpələr üçün qida; plasterlər, sarğı üçün materiallar; dişləri dayandırmaq üçün material, diş mumu; dezinfeksiyaedici maddələr; zərərvericiləri məhv etmək üçün hazırlıqlar; funqisidlər, herbisidlər“ əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya ondan istifadə olunmaması barədə verilən bu ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə edilmədiyinin məlum olduğunu və bu səbəbdən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 30-cu maddəsinə (Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər) əsaslanaraq, xx.xx.2012-ci il tarixdə ******* saylı Beynəlxalq qeydiyyatla qüvvədə olan “İddiaçı” əmtəə nişanından 05-ci sinif “Əczaçılıq, baytarlıq və sanitar preparatlar; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri, körpələr üçün qida; plasterlər, sarğı üçün materiallar; dişləri dayandırmaq üçün material, diş mumu; dezinfeksiyaedici maddələr; zərərvericiləri məhv etmək üçün hazırlıqlar; funqisidlər, herbisidlər” əmtəələri üzrə qeydiyyatının etibarsız sayılaraq ona xitam verilməsi haqqında qərar verilməsini xahiş etmişdir. Apellyasiya şurası Qanunun 30-cu maddəsinə əsaslanaraq ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanının Azərbaycan Respublikası ərazisində hüquqi mühafizəsinə ƏXBT-nin 05-ci sinif əmtəələri üzrə xitam verilməsi barədə qərar qəbul etmişdir. X6 “İddiaçı” ünvanına iclas barədə bildiriş göndərilmiş, poçt qəbzinə əsasən həmin bildiriş lazımi qaydada çatdırılmış, lakin iddiaçı iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə Şuraya məlumat verməmişdir. Apellyasiya şurası qərar qəbul edərkən X6 “İddiaçı” tərəfindən etiraz bildirilməməsinə dair dəlili, eləcə də hüquq sahibinin ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanının son beş il ərzində Azərbaycan Respublikası ərazisində istifadə olunmasına dair hər hansı sübut təqdim etmədiyini və nişanın Azərbaycanda qeydiyyatda olmasında maraqlı olmadığını nəzərə almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanı xx.xx.2012-ci ildə 05 və 42-ci siniflər üzrə qeydiyyata alınmış, qüvvədə olma müddəti xx.xx.2032-ci il tarixədək müəyyən edilmiş, əmtəə nişanı təqdim edildiyi formada standart simvollarla qeydə alınmışdır. İşdə olan Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi X3 Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6 "İddiaçı" məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanının ƏXBT-nin 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili M.Y.Qurbanov tərəfindən verilmiş etiraz ərizəsi təmin olunmuş və ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanının Azərbaycan Respublikası ərazisində hüquqi mühafizəsinə ƏXBT-nin 05-ci sinif əmtəələri üzrə xitam verilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “...X6 "İddiaçı" tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanı ƏXBT-nin 05 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.2012-ci il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. Nişan halhazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26-cı maddəsinə əsasən, əmtəə nişanının istifadəsi kimi aşağıdakılar hesab edilir: “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin birinci, dördüncü və beşinci hissələrinə əsasən: Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür. Apellyasiya şurası nəzərə alır ki, "xxxx" MMC tərəfindən BİOCAL (2023 00662 iddia sənədi nömrəli) əmtəə nişanı ƏXBT-nin 35-ci sinif “qida əlavələrinin satışı” xidmətləri üzrə qeydiyyata alınması üçün lakin Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinə (bundan sonra - Ekspertiza Mərkəzi) müraciət edilmiş, lakin Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərar qəbul etmişdir. Ekspertiza Mərkəzi qərarını Azərbaycan Respublikasında daha əvvəl mühafizə verilmiş ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanına əsaslanaraq vermişdir. Odur ki, "xxxx" MMC ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı" əmtəə nişanının qeydiyyatını istifadə olunmadığına görə mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Eyni zamanda Apellyasiya şurası qeyd edir ki, qanunvericilik əmtəə nişanından istifadə edilmədiyi təqdirdə onun mütləq olaraq ləğvini nəzərdə tutmur, bu zaman hüquq sahibinin dəlillərini araşdırmağı zəruri hesab edir. X6 "İddiaçı" tərəfindən etiraz bildirilməməsinə dair dəlili, eləcə də hüquq sahibinin ******* beynəlxalq qeydiyyat nömrəli “İddiaçı” əmtəə nişanının son beş il ərzində Azərbaycan Respublikası ərazisində istifadə olunmasına dair hər hansı sübut təqdim etmədiyini və nişanın Azərbaycanda qeydiyyatda olmasında maraqlı olmadığını nəzərə alır...” İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən: -maddə 1. əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); -maddə 21. Əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər. - maddə 26 Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər. Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır. Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır. Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. -Maddə 30 Qeydə alınmış əmtəə nişanından istifadə edilmədikdə qeydiyyata xitam verilməsi Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Apellyasiya şurasında ərizəyə dövlət rüsumunun ödənilməsi şərti ilə 3 ay ərzində baxılır. Ərizə barədə 2 həftə ərzində nişan sahibinə bildiriş göndərilir. İstənilən şəxsin, əmtəə nişanı sahibinin, onun lisenziatının, ərizəyə baxılmasında iştirak etmək hüququ vardır. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. Vahid keyfiyyət və başqa xüsusiyyətləri olmayan əmtəələrdə və göstərilən xidmətlərdə kollektiv nişandan istifadə edildikdə maraqlı hüquqi və ya fiziki şəxsin ərizəsinə əsasən onun qeydiyyatına məhkəmə qaydasında vaxtından əvvəl tamamilə və ya qismən xitam verilə bilər. Qeydiyyata xitam verilməsi barədə məlumat rəsmi bülletendə dərc edilir. - Maddə 31. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; İstinad olunan normalardan görünür ki, əmtəə nişanından istifadə dedikdə, aşağıdakılar nəzərdə tutulur: 1.onun aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi;

2. onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi;

3. əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı;

3. əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi. Məhkəmə qeyd edir ki, qanunverici burada əmtəə nişanından istifadə dedikdə, formal yox, həqiqi, əsl istifadəni nəzərdə tutur. Yəni Qanunun tələbi baxımından əmtəə nişanından istifadə dedikdə, hansı formada həyata keçirilməsindən asılı olmayaraq, bu, faktiki istifadəni ehtiva etməlidir. Belə ki, əmtəə nişanının əsas məqsədi bir sahibkarın əmtəəsini və ya göstərdiyi xidməti digər sahibkarın əmtəəsindən və ya göstərdiyi xidmətdən fərqləndirməkdən ibarətdir. Bu zaman əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Məhz bu baxımdan qanunverici istifadə dedikdə, onun müəssisədaxili istifadəsini deyil, bazarda istifadəsini nəzərdə tutur. Qanunun istinad olunan normasından da göründüyü kimi, əmtəə nişanından istifadə onun, aid edildiyi əmtəəyə tətbiqini nəzərdə tutur, hansı ki, bu tətbiq əmtəənin bazara çıxarılması məqsədi daşıyır. Bazara çıxarılma isə, əmtəənin reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında nümayişi, istehsal, anbara yığılma, idxal, ixrac, satış üçün təklif olunma və bilavasitə satış yolu ilə həyata keçirilir. O da vurğulanmalıdır ki, əmtəə nişanından istifadənin həqiqi sayılması üçün istifadənin kəmiyyət baxımından əhəmiyyətli olmasına ehtiyac yoxdur, çünki bu, bazarda müvafiq mal və ya xidmətlərin xüsusiyyətlərindən asılıdır. Yəni kəmiyyət əlaməti biznesin həcmi, iqtisadi sektor, marketinq imkanları və müvafiq bazarda mal və xidmətlərin xüsusiyyətləri kimi digər müvafiq amillərlə birlikdə təhlil edilməlidir. Buna görə də, əmtəə nişanının həqiqi istifadəsi onun kəmiyyət baxımından əhəmiyyətli olmasını tələb etmir, hətta minimum istifadə belə müvafiq iqtisadi sahədə təminatlı hesab edilərsə, kifayət edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı mübahisəli əmtəə nişanından istifadə etdiyini bildirməklə, məhkəməyə müvafiq sübutlar təqdim etmişdir. Lakin həmin sənədlərdən görünür ki, iddiaçı xitam verilmiş əmtəə nişanından deyil, digər. “İddiaçı Biotechnology” əmtəə nişanından istifadə etmişdir. Belə ki, işdən görünür ki, “İddiaçı” ASC-yə məxsus 3 əmtəə nişanı qeydə alınmışdır:

1. 05 və 42-ci siniflər üzrə ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı olan “İddiaçı”, hansı ki, həmin əmtəə nişanı təqdim edildiyi formada standart simvollarla qeydə alınmışdır (xx.xx.2012-xx.xx.2032);

2. 05,16, 25, 35, 41, 42 və 44-cü siniflər üzrə ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı olan “İddiaçı Biotechnology Company” xx.xx.2019-xx.xx.2029). Həmin nişan qara və yaşıl rəngdə olmaqla, “OC” hərfləri bağlanmamış sonsuzluq işarəsi kimi təsvir edilərək tünd yaşıl rəngə malikdir. Əmtəə nişanı sonsuzluq işarəsi formasında tünd yaşıl rəngli həcmli lentə bənzər fiqurlu elenmentdən ibatərdir (90° çevrilmiş 8 rəqəmi) və bağlanmamış ikinci bir halqa elementinə malik olmaqla “OC” hərflərinin dizayn edimiş təsviridir. Fiqurlu element “Bİ” və “AD” hərflərinin arasında yerləşməklə, bütündə “İddiaçı” xəyali sözünü yaratmışdır.

3. 01. 05, 10, 42 və 44-cü siniflər üzrə ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı olan “İddiaçı Biopharmaceutical Company”, hansı ki, xx.xx.2012-ci ildə qeydə alınmış, xx.xx.2012-ci ildə qüvvədə olma müddəti bitmişdir. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, o, ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanından deyil, ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanından istifadə etmişdir. Yəni istifadəyə dair təqdim edilmiş sənədlərdə təsvir olunan əmtəə nişanı sonuncu nişanın xüsusiyyətlərinə malik olan xüsusi fiqurlu element olmuşdur. Belə olan halda isə aydındır ki, iddiaçı ******* beynəlxalq qeydiyyat nömrəli standart simvollarla qeydə alınmış “İddiaçı” əmtəə nişanından son 5 il ərzində istifadə etməsini sübuta yetirə bilməmişdir. İddiaçının onun iştirakı olmadan qərar qəbul edilməsi barədə dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, üçüncü şəxs xx.xx.2024-cü il tarixdə etiraz ilə cavabdehə müraciət edərək, Apellyasiya şurasından, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 30-cu maddəsinin: "Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər" əsaslanaraq xx.xx.2012-ci il tarixdə ******* saylı Beynəlxalq qeydiyyatla qüvvədə olan "İddiaçı" əmtəə nişanından 05-ci sinif "Əczaçılıq, baytarlıq və sanitar preparatlar; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri, körpələr üçün qida; plasterlər, sarğı üçün materiallar; dişləri dayandırmaq üçün material, diş mumu; dezinfeksiyaedici maddələr; zərərvericiləri məhv etmək üçün hazırlıqlar; funqisidlər, herbisidlər" əmtəələri üzrə qeydiyyatının etibarsız sayılaraq ona xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan “İddiaçı” əmtəə nişanının qeydiyyatı ilə bağlı mübahisəyə baxılmasına dair bildirişlərdən görünür ki, "xxxx" MMC-nin etırazına baxılması ilə bağlı Agentliyin Apellyasiya şurasının iclası xx.xx.2024-cü il tarixə, daha sonra xx.xx.2024-cü il tarixə və son olaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş, iclas barədə bildirişlər “İddiaçı” ASC-nin Rusiya Federasiyası, Sant Peterburq şəhərində yerləşən ünvanına göndərilmiş, həmin göndərişləri təsdiq edən sübutlar iş materiallarına əlavə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Agentlik tərəfindən etiraza baxılarkən onun iştirakını təmin etməməsi barədə dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar