Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3833/2025 01.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya məbləğinin əvvəlki məbləğə 4118,01 manata bərpa edilməsi və azaldıldığı tarixdən etibarən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi və vəkilinin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “cavabdeh qurumun “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-8666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, yəni iddiaçının barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və yenidən hesablanma nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. Həmin pensiya Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş 13 iyun 2024-cü il tarixli, 3-17-1/2- K-140158/2024 nömrəli məktubdan da göründüyü kimi azaldılaraq 2588,28 manat müəyyən edilmişdir. Həmçinin pensiya yenidən azaldılaraq hesablandıqdan sonra 16612,55 manat məbləğində artıq ödəmə hesablanmışdır. Cavabdeh qurumun pensiya məbləğinin azaldılması ilə bağlı hərəkətlərinin qanunsuz və əsassızdır. Hazırki işdə pensiyanın yenidən hesablanmaqla azaldılmasından öncə cavabdeh qurum tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılması və inzibati icraatın başlanması barədə qərarın qəbul edildiyi müəyyən olunmur. Bundan əlavə inzibati orqan şəxsin barəsində qəbul edilmiş əlverişli inzibati akta etimad hüququnun mövcudluğunu, şəxsin etimadının qanunla qorunmasını “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından nəzərə almamışdır. Nəticə etibarilə əmək pensiyasının məbləği yenidən hesablanaraq azaldılması zamanı cavabdeh inzibati qurum “İnzibati icraat haqqında” Qanunun tələblərini kobud surətdə pozmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 4118,01 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının xx.xx.2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda onun əmək pensiyasının aylıq məbləği 4579,23 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə əmək pensiyası yenidən hesablanaraq 2327,59 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 2588,28 manat) məbləğində müəyyən edilməli olduğu halda, 4118,01 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödənişi aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh hesab edir ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyisiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn əliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Əlavə olaraq qeyd edilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulanır ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1 -ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfmn 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti"nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2007-ci il tarixdə pensiya təyin olunmuş, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 278 aya (173975.18:278 ay (65 il - 47 il 10 ay=206 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Nəticədə iddiaçıya ümumilikdə 16612,55 manat artıq pul vəsaiti ödənilib. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 2588,28 manat məbləğində müəyyən olunması nəzərdə tutulub. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-140158/2024 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. -AZE 08528892 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. Müvafiq sorğu əsasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala maraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -AR Dövlət Sosial Müdafiə Fondu Departamenti tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə (uçuş heyəti kimi) yaşa görə əmək pensiyası təyin edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-171719/2023 saylı qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 1648,77 manat) yenidən hesablanma nəticəsində 3930,07 manat müəyyən edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-18256/2023 saylı qərardan görünür ki, yenidən hesablamanın səbəbi kimi “6 illik əskikvermə 3-17-1/3-3-171719/2023 saylı sərəncamın ləğv edilməsi” qeydi aparılaraq, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 1648,77 manat) yenidən hesablanma nəticəsində 3983,08 manat müəyyən edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-2894/2024 saylı qərardan görünür ki, yenidən hesablamanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad edilərək, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 4429,19 manat) yenidən hesablanma nəticəsində 4579,23 manat müəyyən edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-8666/2024 saylı qərardan görünür ki, yenidən hesablamanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilməklə, xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-2894/2024 saylı qərar etibarsız hesab edilərək, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 4579,23 manat) yenidən hesablanma nəticəsində 2588,28 manat müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh pensiya qurumu tərəfindən iddiaçıya xx.xx.2009-cu ildə güzəştli şərtlərlə (uçuş heyəti kimi) yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra iddiaçı əmək fəaliyyətini davam etdirimiş, nəticədə sığorta kapitalı toplamışdır. Yığılan pensiya kapitalı nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə yenidən hesablanmışdır. İddiaçının əmək pensiyası yenidən hesablanarkən cavabdeh tərəfindən iddiaçının pensiya kapitalı 72-yə bölünmüşdür. Sonradan cavabdeh pensiya qurumu inzibati icraatın təzələnməsi qənaətinə gəlmiş, nəticədə ƏPQ-nin 45-ci maddəsini tətbiq etməklə iddiaçının əmək pensiyasınn yenidən hesablamasına dair xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8666/2024 nömrəli qərar qəbul etmiş, həmin qərar ilə əvvəlki hesablanmaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 2894/2024 saylı qərar etibarsız hesab edilərək, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği 4579,23 manatdan azaldılaraq 2588,28 manat müəyyən edilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyasının hesablanmasının düzgün aparılmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsininin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bərabər olan 278 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Hazırda iddiaçı qeyd olunan xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8666/2024 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Beləliklə, iş üzrə mübahisə ƏPQ-nin 45.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi ilə bağlı yaranmışdır. Cavabdeh pensiyanın yenidən hesablanması barədə mövqeyini, “Əmək pensiyaları haqqında” Qanununa 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə və həmin Qanunun keçid müddəalarına istinad etməklə əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanundan: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. -1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. -1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. -1.0.15. əmək pensiyasının müəyyən edilməsi əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarına dair müddəalar "Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Göründüyü kimi, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu məcburi qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsində göstərilir ki, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci bəndində göstərilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. ƏPQ-nin 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsində göstərilirdi ki, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə hesab edir ki, cavabdeh Keçid müddəalarını hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh Keçid müddəalarında qeyd edilmiş normaların əks yanaşmasını, yəni həmin normanın ləğv edilənədək qüvvədə olan redaksiyasını həmin normanın qüvvəyə mindiyi günədək (xx.xx.2022) təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməli olduğunu bildirir. Məhkəmə hesab edir ki, Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (xx.xx.2022) Qanunun əvvəlki redaksiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Halbuki məhkəmə hesab edir ki, Keçid müddəaları əmək pensiyaçıların həmin norma qüvvəyə minənədək pensiyası yenidən hesablanmış şəxslərin həmin normaya istinadən yenidən hesablama tələb etməsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Başqa sözlə, Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 53/2025 saylı iş üzrə qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli Qərarında qeyd edilir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. İddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 8666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməli, iddiaçı barəsində “Əmək pensiyaları haqqında” AR Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-8666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması və yenidən hesablanma nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3833/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3833/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver