Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3839/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi və iddiaçının mənzil növbəsinə götürülməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «sərəncamın ləğv edilməsi və iddiaçının mənzil növbəsinə götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının atası 1 yanvar 1957-ci il təvəllüdlü X2 23 may 2003-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra Bakı şəhəri Yasamal RİH başçısının 27 sentyabr 2004-cü il tarixli 872 nömrəli sərəncamı ilə 3 nəfər ailə üzvü (özü, arvadı X3 və oğlu İddiaçı) ilə birlikdə güzəştli mənzil uçotuna götürülmüşdür. Məhərrəm Bayramov həmin sərəncamla “Ehtiyatda olan zabitlər” siyahısına daxil edilmişdir. Güzəştli mənzil uçotuna götürüldükdən vəfat edən tarixədək ona mənzil kirayə haqqı ödənilmişdir. Məhərrəm Bayramov 11 may 2019-cu il tarixdə “ürəyin ateroskierotik xəstəliyi” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Həmçinin iddiaçının anası X3 03 fevral 2010-cu il tarixində “koma, pankreotit” səbəbi ilə İran İslam Respublikasının Təbriz şəhərində vəfat etmişdir. İddiaçı ailə üzvü olaraq, 2022-ci ilin oktyabr ayında cavabdeg inzibati orqan Bakı şəhəri Yasamal RİH-ə müraciət edərək güzəştli mənzil növbəsinin mərhum atasının adından öz adına keçirilməsini xahiş etmişdir. Lakin həmin müraciət cavabdehin 10 oktyabr 2022-ci il tarixli 13-120-174 nömrəli məktubu ilə müsbət həll edilməmişdir. Məktubda qeyd edilir ki, Yasamal RİH başçısının 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamı ilə X2 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür. 11 may 2019-cu il tarixdə Məhərrəm Bayramov vəfat etdiyindən, Yasamal RİH başçısının 31 nömrəli 01 fevral 2021-ci il tarixli sərəncamına əsasən o ailə üzvləri ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Yasamal RİH başçısının 872 nömrəli 27 sentyabr 2004cü il tarixli sərəncamı ləğv olunmuşdur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqlarının ödənilməsi nəzərdə tutulmadığından qeyd olunan məsələ ilə əlaqədar iddiaçının xahişinin yerinə yetirilməsi mümkün olmamışdır. Cavabdeh Yasamal RİH-in imtinası qanunsuz və əsassızdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 21-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Qanunvericilikdə hərbi qulluqçu vəfat etdikdən sonra onun mənzillə təmin olunma hüququndan ailə üzvlərinin istifadəsi ilə bağlı hər hansı qadağanedici norma olmadığından hesab edilir ki, iddiaçının hərbçi olmuş mərhum atasının ölümündən sonra mənzil uçotuna alınmağını tələb etmək hüququ var. «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 10-cu bəndində göstərilir ki, hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Qeyd edilənlərə əsasən hesab olunur ki, X2 vəfat etdikdən sonra cavabdeh Bakı şəhəri Yasamal RİH həqiqi hərbi xidmətdən buraxılmış Məhərrəm Bayramovun ailə üzvünün (anası X3 da vəfat etdiyinə görə İddiaçı) mənzillə təmin olunma hüququnu saxlamalı idi. Lakin Bakı şəhəri Yasamal RİH-in 1 fevral 2021-ci il tarixli sərəncamına əsasən Məhərrəm Bayramov və onun ailə üzvləri ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Yasamal RİH başçısının 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamı ləğv edilmişdir. Yasamal RİH-in 01 fevral 2021-ci il tarixli sərəncamı qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12.1, 12.10 və 21.5-ci maddələrinə, İPM-in 14.3-cü maddəsinə əsaslanaraq cavabdeh Bakı şəhəri Yasamal RİH-in X1 və onun ailə üzvlərin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamın ləğv olunması barədə 31 nömrəli 01 fevral 2021ci il tarixli sərəncamının ləğv edilməsi və İddiaçı mənzil uçotuna götürülməsi öhdəlliyinin cavabdeh Yasamal RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış etirazında aşağıdakılar bildirilir: İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. «Hərbi qulluqçuların statusu haqqında» Qanuna əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2,-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 49.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən kateqoriyalardan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normalardan yuxarı ayrlılma norması müəyyən edilə bilər. Yuxarıda qeyd olunan istinadlara əsasən rayon icra hakimiyyəti tərəfindən mənzillərin ayrılması üçün icra hakimiyyətinin mənzil fonduna mənzillərin ayrılması zəruridir. Eyni zamanda, Yasamal RİH-in mənzil fondunda mənzillərin olmadığını nəzərə alaraq RİH tərəfindən mənzillərin ayrılması mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Bakı şəhəri Yasamal RİH-ə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. RİH mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq hesab olunur ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanuna əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqlarının ödənilməsi nəzərdə tutulmadığından iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı tərəf məhkəməyə gəlmiş, cavabdeh isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri tsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması bu Qanunla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir. Hərbi qulluqçuların məsuliyyəti onların statusunun xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin Qanunun 12-ci maddəsinin 10-cu hissəsinə görə hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Həmin Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı xüsusatları diqqətə çəkir: 1) Cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİH tərəfindən “X1 və onun ailə üzvlərin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamın ləğvi barədə” 1 fevral 2021-ci il tarixli 31 nömrəli sərəncamın qəbulu üzrə inzibati icraata marağına toxunulan şəxs kimi hazırkı İddiaçı cəlb olunmamış və onun dinlənilmə hüququ təmin edilməmişdir. Bununla da cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 21.2 və 36.3-cü maddələrinin tələbləri pozulmuşdur. 2) Qanunvericiliyin tələbinə görə ailə tərkibi ilə mənzil növbəsinə götürülmüş ehtiyatda olan hərbi qulluqçunun vəfat etməsi həmin tərkibə daxil olan şəxsin də mənziıl növbəsindən çıxarılmasını şərtləndirmir, həmin şəxsin məhrum hərbi qulluqçunun ailə üzvü kimi istifadə etdiyi güzəşt, o cümlədən mənzil növbəsi, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmadıqda, saxlanılır. Qanunvericililə digər müvafiq hal nəzərdə tutulmadığından, İddiaçı atasının vəfatından sonra ailə üzvü kimi mənzil növbəsi saxlanılır. Göstəriləblə əsasən məhkəmə cavabdeh Bakı şəhəri Yasamal RİH-in dəlilləri və mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdehin 31 nömrəli 01 fevral 2021-ci il tarixli sərəncamı və mənzil uçotunun iddiaçının adına dəyişdirilməsindən imtinası qanunsuzdur və onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, iddiaçı iddiasında onun mənzil növbəsinə götürülməsini tələb etsə də, o, mahiyyətcə mənzil növbəsinin öz adına dəyişdirilməsini arzulayır. Odur ki, məhkəmə bu halı da nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Yasamal RİH-in “X1 və onun ailə üzvlərin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamın ləğvi barədə” 31 nömrəli 01 fevral 2021-ci il tarixli sərəncamı ləğv edilməli və İddiaçı mənzil uçotuna götürülməsi (mənzil növbəsinin onun adına dəyişdirilməsi) öhdəliyi cavabdeh Yasamal RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 13, 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in “X1 və onun ailə üzvlərin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamın ləğvi barədə” 31 nömrəli 01 fevral 2021-ci il tarixli sərəncamı ləğv edilsin və İddiaçı mənzil uçotuna götürülməsi (mənzil növbəsinin onun adına dəyişdirilməsi) öhdəliyi cavabdeh Yasamal RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-3839/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3839/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver