Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3848/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “altsistemə yerləşdirilmiş məlumatlara dəyişikliyin edilməsi öhdəliyinin qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 əmək müqaviləsinə səhvən xitam verilməsi nəticəsində altsistemə yerləşdirilmiş məlumatlara dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı işəgötürən olaraq, X4 ilə 04 noyabr 2023-cü il tarixdə müqavilə bağlayaraq "Layihələndirmə və tikintinin təşkili şöbəsi" bölməsində "Fəhlə" vəzifəsinə işə qəbul olunmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə texniki səhv olaraq "Layihələndirmə və tikintinin təşkili şöbəsi" bölməsində "Fəhlə" vəzifəsində işləyən X2 əmək müqaviləsinə xitam verilməsi barədə məlumat (əmr №551/X) emas.sosial.gov.az altsistemində yerləşdirilmişdir. Bununla əlaqədar olaraq "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə RN-M-168/24 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək qeyd edilən faktın, yəni X2 əmək müqaviləsinə xitam verilməsi barədə texniki səhv nəticəsində altsistemə yerləşdirildiyi bildirilmiş və alt sistemdə dəyişikliyin edilməsi barədə xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə 3-17-512-65759/2024 nömrəli məktubla "xxxx" MMC-yə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə"də xitam əmrlərinin ləğv olunması Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir və bununla bağlı məhkəməyə müraciət edilməsi hüququ olması izah edilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı müraciəti nəzərə alınaraq alt sistemdə dəyişikliyin edilməsi mütləqdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı MMC-nin iddiası mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi, İddiaçı MMC ilə X2 arasında mövcud olan əmək müqaviləsinə səhvən xitam verilmiş, bu barədə əmr müvafiq altsistemə yerləşdirilmişdir. Həmin əmrin ləğv edilməsi və müvafiq dəyişikliyin edilməsi Xidmətə həvalə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “k” bəndinə əsasən, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən, 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1 -ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”yə əsasən Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam əmrlərinin ləğv olunması Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı MMC-nin hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır və iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid olmadığından belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin qeyrimümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 məhkəməyə teleqram ünvanlayaraq İddiaçı MMC-nin iddiası ilə tam razı olduğunu və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirərək, əmək müqaviləsi üzrə elektron qeydiyyat sisteminə zəruri düzəliş edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi izahatında ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-65759/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın məzmnuna uyğun imtina cavabı verilmişdir. -İddiaçı ilə X4 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, nəticədə X5 Layihələndirmə və tikintinin təşkili şöbəsinə “fəhlə” vəzifəsinə işə götürülmüş və elə həmin tarixdə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi müvafiq sistemə daxil edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən Əmək Məcəlləsinin 68.2-ci maddənin a bəndinə istinadən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar X4 ilə olan əmək müqaviləsi bildirişi ləğv edilmişdir. -“Xitam əmrinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 551.1/XD nömrəli əmrdən görünür ki, texniki yanlışlıq nəticəsində fəhlə vəzifəsində işləyən X2 əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2024-cü il tarixli, 551/X nömrəli əmri ilə xitam verilmiş və bununla bağlı məlumatlar “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) daxil edilmişdir. Qeyd olunan xətanın aradan qaldırılması ilə əlaqədar Cəmiyyətin fəhlə vəzifəsində işləyən X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 551/X nömrəli əmri ləğv olunaraq etibarsız hesab edilsin. Beləliklə işin faktiki hallarına görə, işəgötürən "xxxx" MMC ilə işçi X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən T.Həsənov "Layihələndirmə və tikintinin təşkili şöbəsi" bölməsində "Fəhlə" vəzifəsinə işə qəbul olunmuş, lakin xx.xx.2024-cü il tarixdə sözügedən əmək müqaviləsinə xitam verilməsi barədə məlumat (əmr №551/X) emas.sosial.gov.az altsistemində yerləşdirilmişdir. Lakin İddiaçı MMC-nin eyni tarixli 551.1/XD əmr ilə işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilmişdir. Bundan sonra əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin texniki səhv olması əsası altsistemdə düzəliş edilməsinə dair idiaçının cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnaməsində xitam əmrlərinin ləğv olunmasının Xidmətin vəzifəsi olaraq nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. AR Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinin “k” bndinə əsasən, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalardan: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir. 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Məhkəmə qeyd edir ki, qeyd edilən qaydalar məhz işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini tənzimləyir. Hazırkı halda iddiaçı ilə işəgötürən-iddiaçı arasında əmək müqaviləsi bildirişinin müvafiq sistemə daxil edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Çünki işin hallarına əsasən nə işəgötürən, nə də ki, X4 tərəfindən aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi niyyətində olmadıqları, bu istiqamətdə, yəni müqavilənin ləğvi ilə bağlı qanunda müəyyən olunan hərəkətlərin edilmədiyi aşkar görünən haldır. İddiaçı cavabdeh inzibati orqandan üçüncü şəxsin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini deyil, müvafiq altsistemə səhvən daxil etdiyi üçüncü şəxsin əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinə müvafiq elektron informasiya sistemində dəyişiklik edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdehin əmək müqaviləsi bildirişi ilə bağlı elektron informasiya sistemində dəyişiklik edilməsinin onun vəzifəsi kimi müəyyən edilmədiyini bildirməsi hazırkı tələbin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanır, tərəflərdən hər birinin ayrılıqda təşəbbüsü ilə xitam verilə bilər. Qeyd edildiyi kimi, işçi ilə işəgötürən arasında əmək münasibətləri ilə bağlı mübahisə mövcud deyil. İşəgötürənin isə elektron sistemə yanlış daxil edilmiş məlumatı düzəltmək üçün texniki imkanı mövcud deyil. Belə olan halda, “elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir” kimi yanaşılma hazırkı vəziyyətdə tərəflərin bərabərlik hüququnun, nəticədə işçinin əmək hüququnun pozulması ilə nəticələnə bilər. Cavabdehin dəlillərinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilmişdir. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən: 1.2. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. 2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər; 2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs; 5.1. Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin aşağıdakı hüquqları vardır: 5.1.1. elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq; 5.1.2. elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək; 5.1.3. elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək; 7.1.3. elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi; 7.2. Elektron xidmətlərin göstərilməsi zamanı təminatçı istifadəçidən inzibati reqlamentdə nəzərdə tutulmayan sənədlərin, həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların təqdim edilməsini, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, digər dövlət qurumlarına əlavə müraciət etməsini, hər hansı razılaşdırma aparılmasını tələb etməməlidir. 7.3. Təminatçı istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Fərmanın 3.1.1-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin vəzifəsidir. Qeyd edilən normativ hüquqi aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir, qarşıya qoyulan məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasıdır. Bu sahədə dövlət siyasətini həyata keçirən və əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. Cavabdeh qurumun imtinası isə qeyd edilən tələblərə cavab vermir. Bu isə qeyd edilən normativ aktlarla qarşıya qoyulmuş məqsədlərə mütənasib deyil, nəticədə isə vətəndaşın konstitusion bərabərlik və əmək hüquqlarının pozulması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilərək İddiaçı MMC ilə X4 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə dəyişiklik edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə X4 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair məlumatlara dəyişikliyin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3848/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3848/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver