Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3864/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən İddiaçı Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən İddiaçı Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsi ayrılmışdır. Ləhiş bağlar massivində 3688A saylı bağ sahəsi 1991-ci ildən hal-hazıra kimi İddiaçı qanuni istifadəsindədir. Qeyd edilən torpaq sahəsi iddiaçıya müvafiq qərar əsasında ayrılandan sonra, o, bağ sahələrinin sənədləşdirməsi qaydalarını bilmədiyinə görə özünə məxsus 3688A saylı bağ sahəsinə 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativindən ona torpaq sahəsinin ayrılması barədə order almağa cəhd etməmişdir. 17 may 2023-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd olunur ki, İddiaçı 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində Ləhiş bağlar massivində bağ sahəsi ayrılmış, lakin onun adına bağ sahəsinin ayrılmasına dair order idarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda İdarə naməlum səbəbdən məktubda qeyd edir ki, hazırkı məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Daha sonra iddiaçı bir daha torpaq sahəsinə hüquqların qeydiyyatı tələbinə dair əsaslandırılmış məktub ilə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və 1 saylı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubunda əvvəlki, yəni xx.xx.2023-cü il tarixli məktuba istinad edərək qeyd etmişdir ki, məsələ ilə bağlı bizə cavab artıq verilmişdir. Hesa edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubu və daha sonra xx.xx.2023-cü il tarixli məktubu rəsmi imtina kimi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, hal-hazırda AR Prezidentinin 22 may 2007-ci il tarixli №2186 saylı sərəncamının 1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrin ləğv edildiyinə görə, İddiaçıa məxsus Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması barədə orderin alınması qeyri-mümkündür. Eyni 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarı ilə, iddiaçının keçmiş yoldaşı X3 Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688B saylı bağ sahəsi ayrılmışdır (iddiaçı ilə qonşuluqda yerləşən torpaq sahəsi). Həmçinin onun da 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativindən orderi olmayıb, məhkəməyə müraciət edərək, öz hüquqlarının tanınmasına nail olmuşdur (qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1012/2020 saylı qətnaməsi, hakim Afaq Nuriyeva). Ləhiş bağlar massivində 3688A saylı bağ sahəsi 1991-ci ildən hal-hazıra kimi İddiaçı qanuni istifadəsindədir və torpaq ilə bağlı üçüncü şəxslər tərəfdən heç bir tələb və ya iddia mövcud deyil. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********80 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən 226 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir. Lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin hazırda istinad edilən məlumat bazasında İddiaçı adına bağ sahəsinin (eləcə də 3688a saylı bağ sahəsinin) ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar olunmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən 226 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, torpaq sahəsinin faktiki ölçüsü 1057 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilmiş, iddia tələbi “Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən İddiaçı ayrılmış Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı 1057 kv.m bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə olunması” şəklində icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin 17 may 2023cü il tarixli, **********17 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən 226 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin hazırda istinad edilən məlumat bazasında İddiaçı adına bağ sahəsinin (eləcə də 3688a saylı bağ sahəsinin) ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 26 dekabr 2011-ci il 5432 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarı ilə Bağ-Tikinti Kooperativi üzvlərinə bağ sahələri ayrılmışdır. Həmin qərarın 1 nömrəli əlavəsi ilə verilmiş 226 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında ümumi növbə əsasında SP -10366 qeyd nömrəsi ilə ünvan 1 ünvanında yaşayan İddiaçı adı siyahının 9-cu sırasında qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 08 iyul 2019-cu il Ə-308 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarı ilə Bağ-Tikinti Kooperativi üzvlərinə bağ sahələri ayrılmışdır. Həmin qərarın 1 nömrəli əlavəsi ilə verilmiş 226 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında ümumi növbə əsasında SP -10361 qeyd nömrəsi ilə ünvan 2 ünvanında yaşayan X1 adı siyahının 6-cı sırasında qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 28 iyul 2020-ci il arixli 039-11341-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən (226 nömrəli BTK) 3688a nömrəli bağ sahəsinə verilmiş orderin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 18 aprel 2024-cü il 3-48-2F/2-850/2024 nömrəli məktubuna əlavə edilmiş arxiv çıxarışından müəyyən olunur ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarı ilə Bağ-Tikinti Kooperativi üzvlərinə bağ sahələri ayrılmışdır. Həmin qərarın 1 nömrəli əlavəsi ilə verilmiş 226 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında ümumi növbə əsasında SP-10366 qeyd nömrəsi ilə ünvan 1 ünvanında yaşayan İddiaçı adı siyahının 9-cu sırasında qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********43 nömrəli məktubunda qeyd edilmişdir ki, 226 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının, eləcə də idda olunan ərazinin yaxınlığında yerləşən 226 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində **********14-11301 reyestr nömrəsi ilə 3688 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mübahisəli bağ sahəsi ilə qonşuluqda yerləşən Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3688 nömrəli ümumi sahəsi 210.7 kv.m olan bağ evi xx.xx.2024-cü il tarixdə ********** reyestr nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********43 nömrəli məktubunda qeyd edilmişdir ki, 226 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının, eləcə də idda olunan ərazinin yaxınlığında yerləşən 226 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində **********14-11301 reyestr nömrəsi ilə 3688 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Faktiki sahəsi 1057.0 kv.m təşkil edir. Eyni zamanda sahədə köməkçi tikili və su quyusu mövcuddur. İdarənin arxivində 226 BTK-nın nəzdində 3688a saylı bağ sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla göstərilən sahə heç bir özəl torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin sahəyə digər şəxsin müraciəti aşkar olunmamışdır. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş ortofo görüntüsündən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3688 a saylı bağ sahəsi ilə qonşuluqda yerləşən bağ sahələrinə çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1655 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərmanına əsasən:
3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; 3.2. müvafiq dövlət arxivinə təhvil verilməmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərinə təhvil verilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi: 4.1. bu Fərman qüvvəyə mindiyi günədək, habelə bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq dövlət arxivlərinə təhvil verilmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) elektron məlumat bazasının yaradılmasını və həmin bazaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çıxışına imkan yaradılmasını altı ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Fərmanın 4.1-ci bəndi icra olunanadək qaytanlanmış torpaq kitablarından çıxarışların sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə kağız daşıyıcıda təqdim olunmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə tərəfindən aparılan araşdırma, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlər və mütəxəssis rəyindən də göründüyü kimi, iddia tələbində qeyd edilən mübahisəli torpaq sahəsi hasar daxilindədir, faktiki sahəsi 1057 kv.m-dir, 3688a saylı bağ sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir, koordinatlarla göstərilən sahə heç bir özəl torpaq sahəsi ilə üst-üstə düşmür, həmçinin sahəyə digər şəxslərin müraciətləri aşkar olunmamışdır. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş ortofotoya əsasən torpaq sahəsinin qonşu bağ sahələrinə münasibətdə yerləşməsi müəyyən edilmişdir, cavabdeh tərəfindən qonşu bağ sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli qərarının arxiv nüsxəsi məhkəmə tərəfindən sorğu edilərək alınmışdır, qərar qüvvədədir və 226 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvləri sırasında İddiaçı adı siyahıda vardır. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8/447 saylı qərarına əsasən İddiaçı ayrılmış və faktiki istifadəsində olan Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı 1057 kv.m bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, cavabdeh imtinasında istinad etdiyi iddia olunan ayrılmış bağ sahəsinin nömrəsinin göstərilməməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Bununla belə cavabdeh tərəfindən təqdim edilən siyahının təsdiq edilmiş surətində 38-ci sırada iddiaçının adının qarşısında əlyazma ilə 3688a nömrəsi qeyd edilmişdir. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli №8/447 saylı qərarına əsasən Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində İddiaçı ayrılmış və onun faktiki istifadəsində olan 3688A nömrəli 1057 kv.m bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X7.