Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3885/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X3 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X3 “Şəhid”, ailə üzvlərinə isə “Şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 - xx.xx.1977-ci il tarixdə Şamaxı rayon Əhmədli kəndində doğulmuşdur. 1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış, 1998-ci ilin avqust ayınadək (3 ilə yaxın) hərbi xidmətdə keçirmişdir. Xidməti zamanı ön cəbhədə düşmənlə üzbəüz xidmət aparmışdır. Torpaqların işğalı ilə barışmayan Zahid Səlimov 2001-ci ildə gizirlik kursuna yazılaraq hərbiçi olmaq arzusunu gerçəkləşdirmişdir. Gizirlik kursunu başa vurduqdan sonra 2001-ci ilin iyun ayından Gəncə şəhərində yerləşən 777 saylı Hərbi Hissədə xidmətə başlamışdır. 2010-cu ilədək Gəncədə xidmət edən Zahid Səlimov 2010-cu ildən sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərindən sonra könüllü olaraq israrla xidmətinin ön cəbhədə aparılmasını rəhbərlikdən xahiş etmiş və 2017-ci ildə bu arzusunu da gerçəkləşdirmişdir. 2017-ci ilin avqust ayından Füzuli rayonunda yerləşən N saylı Hərbi Hissədə xidmətə başlamışdır. Xidmət etdiyi müddətdə qüsursuz xidmətinə görə dəfələrlə medallarla təltif edilmişdir. Həmin medallardan 10 illik müddətdə qüsursuz xidmət medalı, 15 illik müddətdə qüsursuz xidmət medalı, 20 illik müddətdə qüsursuz xidmət medalı və s. medallarla da təltif edilmişdir. 2-ci Qarabağ müharibəsinin də aktiv iştirakçısı olmuşdur. O Füzulinin, Xocavəndin azad olunmasına və “Döyüşdə Fərqlənməyə görə” medallarla da təltif edilmişdir. xx.xx.2022-ci il tarixdə N saylı Hərbi Hissədən ön xəttə yerləşən döyüş postlarına təminat apararkən sürücü leytinant Məhəmməd Mənsurov avtoqəza törətmiş və həmin avtoqəzadə həlak olmuşdur. Baş Gizir Silahlı X8 Siyahısından çıxarılmasına dair N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 184 saylı əmrdə göstərilir ki, X2 ölümü xidməti vəzifələrinin icrası ilə bağlıdır. Eyni zamanda N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 1635 saylı Arayışında qeyd edilir ki, X5 xidməti vəzifələrini icra edərkən avtoqəza nəticəsində vəfat etmişdir. X2 2004-cü ildə ailə həyatı qurub. İki yetkinlik yaşına çatmayan övladı var. xx.xx.2006-cı il təvəllüdlü Səlimova Zümrüd qızı və xx.xx.2007-ci il təvəllüdlü X9. X9 doğulduğu vaxtdan beyindaxili təzyiqi ilə bağlı müalicələr alır. Müalicələr hələ də davam edir. “Silahlı Qüvvələr haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Silahlı Qüvvələrin təyinatında qeyd edilir ki, Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır. Onun Azərbaycan Respublikası suverenliyi, ərazi bütövlüyünün müdafiəsini həyata keçirərkən həlak olması ona Şəhid statusunun verilməsi üçün tam əsasdır. Lakin cavabdeh orqan şəhid statusu verilməsi üçün müvafiq arayışı verməkdən imtina edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəxslər şəhid hesab olunurlar. Qanunun tələbindən və işin faktiki hallarından da görsənir ki, X2 həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik pirinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İşin faktiki halları onu deməyə tam əsas verir ki, X3 Şəhidlik statusunun verilməsi qanunun birbaşa tələbidir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bu baxımdan Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslə, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Çünki hər iki halda - həlak olma və ya vəfat etmə - ölümlə onun baş verməsinin səbəbləri arasında (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər) birbaşa əlaqə vardır. Eyni zamanda, X2 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb edilməsi, atəşkəs dövrü olmasına baxmayaraq döyüş şəraitində olan ərazidə həlak olması ona Şəhidlik statusu verilməsini labüd edir. Hazırkı işdə olan sübutların məcmusu isə bu halın mövcudluğunu birbaşa təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994cü il tarixli Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.1-ci bəndinə görə Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hər kəs qanun qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konustitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (X13 Konvensiyası (1950) Avropa Şurasının üzvü olan ölkələr üçün əsas normativ hüquqi aktlardan biridir. Konvensiyanın 46-cı maddəsinə əsasən yüksək ali razılığa gələn tərəflər (Konvensiyanı ratifikasiya etmiş dövlətlər) Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi yurisdiksiyasını qəbul edir və onun qərarlarının icrasını təmin edirlər. Azərbaycan Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da göstərilir ki, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyır və tətbiq edir. Ali Məhkəməsi Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” həmin Qərarının 2-ci bəndində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı işlərə baxan məhkəmələrə tövsiyə edir ki, yerli qanunvericiliklə yanaşı, Avropa Konvensiya müddəalarını rəhbər tutsunlar və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etsinlər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə əsasən həmin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisiyasında “Şəhid" statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və yə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı"nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İddia tələbinin faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş N may 2022-ci il tarixli 1635 nömrəli arayışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş gizir X5 12 may 2022-ci il tarixdə xidməti vəzifələri icra edərkən avtoqəza nəticəsində vəfat etmişdir. Beləliklə də, baş gizir X2 12 may 2022-ci il tarixdə Füzuli rayonu ərazisində avtoqəza nəticəsində hadisə yerində həlak olması döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 1/S-6313 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalan”nın 1.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum baş gizir X2 12 may 2022-ci il tarixdə Füzuli rayonu ərazisində avtoqəza nəticəsində (travmatik ikincili və ya residivləşən qanaxma, dəqiqləşdirilməmiş fəaliyyət zamanı) hadisə yerində həlak olması qeyd edilən normativ hüquqi aktda nəzərdə tutulan, döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlmir. AZ-İ sariyalı, 003207 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və X5 xx.xx.2004-cü il tarixdə Şamaxı rayon Hacılı kəndi üzrə nümayəndəyilində nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən təqdim edilmiş 1635 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş gizir X6 xx.xx.2022-ci il tarixdə xidməti vəzifələri icra edərkən avtoqəza nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1005 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, N saylı hərbi hissə, xx.xx.2022-ci il tarixdə döyüş şəraitində olmuş, hərbi hissənin şəxsi heyəti döyüş növbətçiliyi aparmışdır. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir mərhum X5 xx.xx.2022-ci il tarixdə hərbi hissənin, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlarını yerinə yetirən bölməsinə təminat apararkən avtoqəza nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “X3 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq icraatı üzrə və şifahi məhkəmə baxışı iclaslarında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçılar inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»ndan: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X4 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X4 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İş materiallarından görünür ki, X5 “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” İİİ dərəcəli, “Qüsursuz xidmətə görə” İİ dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N saylı hərbi hissə xx.xx.2022ci il tarixdə döyüş şəraitində olmuş, hərbi hissənin şəxsi heyəti döyüş növbətçiliyi aparmışdır. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir mərhum X5 xx.xx.2022-ci il tarixdə hərbi hissənin döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlarını yerinə yetirən bölməsinə təminat apararkən avtoqəza nəticəsində həlak olmuşdur. Qeyd edilən məlumatın məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilməsini nəzərə alaraq, məhkəmə məhkəməyədək inzibati icraat zamanı X2 12 may 2022-ci il tarixdə Füzuli rayonu ərazisində avtoqəza nəticəsində hadisə yerində həlak olmasını döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmaması kimi qiymətləndirilməsinə tənqidi yanaşır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi məhkəmə tərəfindən konkret qərarın qəbul edilməsi ilə şərtlənmədiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X3 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3885/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3885/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver