Məhkəmə qərarları › İş №e-2-1(112)-3921/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3921/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3921/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı QSC xx.xx.2010-cu il tarixdə ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı "xxxx" MMC ilə 641 905,3946 manat dəyərində 20 may 2024-cü il tarixli M/0018/05 №-li Subpodrat müqaviləsi bağlayaraq elektron qaimə faktura əsasında iş görülmüş və görülmüş işlər (Ağbulaq-1 və Mirik KSES-larının yenidənqurulma işləri həyata keçirilmiş) "xxxx" ASC-yə təhvil verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-9619/2024 nömrəli qərarı ilə iddiaçıya 2024-cü il üçün 97917,74 manat əlavə dəyər vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9619/2024 №-li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinədarlığında büdcə hesabı var. QSC-də 2010-cu ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı QSC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-9619/2024 saylı qərarla 2024-cü ilin iyul ayı üçün 97.917,74 (doxsan yeddi min doqquz yüz on yeddi ,74q.) AZN ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqaviləyə aid Ağbulaq-1 və Mirik KSES-larının yenidənqurulma işləri həyata keçirilmişdir və müvafiq qaydada "xxxx" ASC-yə təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-nin əməliyyat apardığı tarixdən sonra, yəni xx.xx.2024-cü il, tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Müəssisə tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə onların məlumatları olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılması zamanı iddiaçının "xxxx"MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-8604/2024 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilərək əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı 10843954 nömrəli, MT2405 seriyalı 10844313 nömrəli, MT2406 seriyalı 10664370 nömrəli elektron qaimə-fakturalar üzrə 97917,74 manat aparılan əməliyyatlar riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermədiyi və bəyannamənin 324-cü sətrində kənarlaşma yarandığına görə təqdim edilmiş vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən izahat məktubu və sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddəsinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 97917,74 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 24 09.2024-cü il tarixli 3-21-2-2/2- 9619/20244 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı QSC tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı 10843954 nömrəli, MT2405 seriyalı 10844313 nömrəli, MT2406 seriyalı 10664370 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Belə ki, riskli hesab olunan elektron qaimə-fakturaları təqdiim edən şəxs "xxxx" QSC Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 16/2-5993/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. "xxxx" QSC-nin riskli vergi ödəyici hesab edilməsinə səbəb ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar( görülmüş işlər, göstərilmiş xidmətlər), idxalixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi ödəyicisinin 2022-2024-cü illər ərzində 14323.4 min manat satışı olmuşdur ki, bunun da 10379.6 min manatını iş və xidmət təşkil edir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsi müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC-dən (VÖEN: **********) 1 616.4 min manat və "xxxx" MMC-dən (VÖEN: **********) 728.1 min manat dəyərində polietlien boru və "xxxx" MMC-dən (VÖEN: **********) 385.6 min manat dəyərində yastı prokat alışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olanan əməliyyatlardan məlumatları olmadığını bildirmişdir. Eyni zamanda, ÇİRAQQALA MMC-dən (VÖEN: **********) 227.4 min manat dəyəridə polietilen boru və aksesuarları alışı olmasına baxmayaraq, araşdırma zamanı ÇİRAQQALA MMC-nin faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Tətbiq edilən hüquq: Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmənin mövqeyi İşin hallarına əsasən İddiaçı "xxxx" MMC ilə 641 905,3946 manat dəyərində 20 may 2024-cü il tarixli M/0018/05 №-li Subpodrat müqaviləsi bağlayaraq elektron qaimə faktura əsasında iş görmüş, yəni Ağbulaq-1 və Mirik KSES-larının yenidənqurulma işləri həyata keçirilmiş və görülmüş işlər "xxxx" ASC-yə təhvil verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdehin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsasında iddiaçıya 97 917,74 manat əlavə dəyər vergisi hesablanmışdır. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi iddiaçının əməliyyat apardığı hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və həmin əməliyyat əmtəəsiz hesab olunmaqla iddiaçıya əlavə dəyər vergisi hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işin hallarına əsasən iddiaçı ilə riskli vergi ödəyicisi hesab edilmiş hüquqi şəxs arasında əməliyyatlar, həmin şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdən öncə aparılmışdır. İş materiallarına əsaəsn iddiaçı yuxarıda qeyd edilən hüquqi şəxs ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda hüquqi şəxslər tərəfindən digər əməliyyatlarını riskli hesab edərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. İş materiallarından müəyyən edilir ki, iddiçının qarşılıqlı əməliyyata apardığı "xxxx" QSC-nin riskli vergi ödəyici hesab edilməsinə səbəb ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi ödəyicisinin 2022-2024-cü illər ərzində 14323.4 min manat satışı olmuşdur ki, bunun da 10379.6 min manatını iş və xidmət təşkil edir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC-nin işçisinin olmaması, vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi iddiaçının həmin vergi ödəyicisi ilə bağladığı podrat müqaviləsinin əmtəəsiz olması nəticəsində gəlmək üçün əsas deyildir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının 2- 1(102)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-1644/2024 nömrəli, 2-1(102)- 462/2021 nömrəli, 2-1(102)-1045/2023 nömrəli, 2-1(102)-1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). 12. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır” Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9619/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar