Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3929/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş adama məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha-dan ibarət olan xx/xx- 9263/9264 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha-dan ibarət olan xx/xx-9263/9264 nömrəli bağ sahəsi üzərində mərhum X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və İstismarı Birliyi ilə mərhum atası arasında bağlanmış 39789 №-li, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Ləhiş ərazisində yerləşən 0,10 ha-dan ibarət xx/xx-9263/9264 nömrəli bağ iddiaçının vərəsəsi olduğu mərhum həyat yoldaşı X3 istifadəsinə verilmişdir. Qeyd edir ki, sözügedən bağ yuxarıda göstərilən tarixdən bu günədək iddiaçının atasının və iddiaçının qanuni və faktiki istifadəsində olmuş və sahibliyindədir. Həmin bağ üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair ərizə və ərizəyə əlavə edilən hüquqmüəyyənedici və tələb olunan digər zəruri sənədlərlə birgə cavabdeh quruma müraciət etsə də, cavabdeh ərizənin icrasından imtina etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-N0360-8/2024, **********56 nömrəli imtina məktubunda iradların aradan qaldırılmadığı bildirilsə də, hansı qanuni iradlardan bəhs edildiyi konkret olaraq göstərilmir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və qeyd olunan bağ sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 İsmayıl Səftər oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “xx/xx-9263/9264” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir, ona xx.xx.2022-ci il tarixli, **********36 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağçılıq yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir.Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən bağ sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçı tərəfindən təqdim edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və İstismarı Birliyi ilə X8 arasında bağlanmış 39789 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsi olan xx/xx-9263/9264 nömrəli bağ sahəsi 10 il müddətinə sonuncunun istifadəsinə verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından intina edilməsi barədə bildiriş”ə əsasən iddiaçının X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsi olan xx/xx-9263/9264 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bağçılıq yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etdiyi göstərilmişdir. ünvan 1 ünvanlanmış məktubuna əsasən iddiaçı mərhum, xx.xx.2020-ci ildə vəfat etmiş X4 vərəsəsi kimi tanınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əsasən keçmiş X7 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 39789 nömrəli müqavilə İdarənin arxivində mövcuddur, göstərilən ərazi Ləhiş bağ massivinə aid olmaqla dövlət mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqdır. Elektron baza məlumatlarına əsasən göstərilən sahənin digər şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkar edilməmişdir.Həmin məktubla məhkəməyə bağ sahəsinə aid arxiv qovluğunda mövcud olan sənədlərin, “Bağban” bağçılıq yoldaşlığına aid bölgü sxeminin, ortofoto və ortofotoda göstərilən torpaq sahəsi ilə qonşuluğunda qeydiyyata alınmış **********18 (297 saylı), **********10 (7/8-9231/9232 saylı), **********05 (xx/xx- 9235/9236 saylı) reyestr bağ sahələrinə dair sənədlərin surətləri, həmçinin müayinə aktı (baş plan, koordinatlar) təqdim edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş: Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağ sahəsində yerləşən xx/xx-9263/9264 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1000 kv metr, faktiki 1203, kv metr təşkil edir, bağ sahəsi hasar daxilindədir, sahədə tikili yoxdur; Bağçılıq-yoldaşlıq cəmiyyətinin ümumi yığıncağının xx.xx.1995-ci ildə təsdiq edilmiş planına əsasən 39/40 nömrəli bağ sahəsi mövcuddur; X4 X7 və İstismarı Birliyinin rəisinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsinə əsasən o, Ləhiş bağlar massivi ərazisində Azərbaycan Respublikasının DİN “Bağban” bağçılıq yoldaşlığından ona verilmiş 39/40 №li bağın üzvlük kitabçasının müqavilə ilə əvəz edilməsinə razılığını bildirmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Bağban” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli, 9 №li protokolundan çıxarışa əsasən Nardaran qəsəbəsinin şimalqərb əraizindənki 39/40 nömrəli bağ sahəsi X4 istifadəsinə verilmişdir; “Bağban” bağçılıq yoldaşlığının 9 nömrəli, xx.xx.1996-cı il tarixli protokolu ilə təsdiq edilmiş sxematik xəritəsinə əsasən 39/40 nömrəli bağ sahəsinin yeri işarələnməklə qeyd edilmişdir. Cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi sənəd üzrə 1000,0 kv metr olsa da hasardaxili faktiki 1203 kv metr təşkil edir, torpaq sahəsinin üzərində tikili yoxdur, vahid elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığın ayrıc aktı barədə məlumat yoxdur, göstərilən torpaq sahəsi bağçılıq yoldaşlığın bölgü sxeminə uyğun gəlmir, məktuba “Bağban” bağçılıq yoldaşlığının xx.xx.1990-cı ildə təsdiq edilmiş sxemi və xx.xx.1995-ci il tarixdə təsdiq edilmiş sxemi əlavə edilmişdir, hər iki sxemdə 39/40 nömrəli bağ sahəsi mövcuddur. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçını aşağıdakılara görə iddia tələbində haqlı hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə qeyd edir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən iddiaçının qanun üzrə vərəsəsi olduğu X8 vəfat edənə qədər qanuni əsaslarla X7 və İstismarı Birliyi ilə bağlanmış 39789 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilə əsasında Sabunçu rayonun Ləhiş ərazisində xx/xx-9263/9264 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X6 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdeh iddiaçının həmin mötəbər sənədləri təqdim etməklə etdiyi müraciəti təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdlr ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi bağçılıq yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Məhkəmə cavabdehin qeyd edilən əsaslarla imtinasını və etirazını əsassız hesab edir: Belə ki, əvvəla cavabdeh həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş və həmin uyğunsuzluğun həqiqətən də mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, daha sonra məhkəmə qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi sənədlərdə “Bağban” bağçılıq yoldaşlığının nəzdindəki bağ sahələrinin sxematik xəritəsi mövcuddur və həmin sxematik xəritədə də iddiaçının iddia ərizəsində göstərdiyi bağ sahəsinin nömrəsi öz əksini tapmışdır, həmin bağ sahəsi hasarın daxilində olmaqla iddiaçının faktiki istifadəsindədir, habelə məhkəmənin sorğusuna cavab olaraq verdiyi məlumatda cavabdeh iddiaçının iddia ərizəsində göstərilən bağ sahəsinin başqa şəxsin adına qeydə alınmamasını göstərmişdir, yəni həmin bağ sahəsi üçüncü şəxslərin faktiki istifadəsində, icarəsində, kirayəsində və rəsmi mülkiyyətində deyildir. Bundan əlavə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1. –ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Əgər həqiqətən də iddiaçının iddiasında göstərilən bağ sahəsi ilə bağlı hər hansı bir uyğunsuzluq var idisə (halbuki cavabdeh buna dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və hətta uyğunsuzluğun nədən ibarət olduğunu belə göstərməmişdir) dövlət torpaq kadastrının tərtibi və aparılması, torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək və s.bu kimi vəzifələr cavabdehin özünün vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin hazırki işə baxılaraq qərar qəbul edilən tarixə qüvvədə olan redaksiyasına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda cavabdehin etirazında göstərilən əsaslar daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinanın əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, imtina məktubunda göstərilən əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə ziddir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilmiş halların mövcud olması isə hal-hazırda işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xeyrinə olan halları - bağ sahəsinin istifadəyə verilməsi haqqında müqavilənin, bağçının üzvlük kitabçasının, bağıçılıqyoldaşlığın sxematik xəritəsində bağın nömrəsinin əks olunması kimi halları nəzərə almamaqda ifadə olunan hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha-dan ibarət olan xx/xx-9263/9264 nömrəli bağ sahəsinin mərhum X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha-dan ibarət olan xx/xx-9263/9264 nömrəli bağ sahəsinin mərhum X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3929/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3929/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver