Məhkəmə qərarları › İş №e-2-1(112)-3930/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3930/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3930/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1952-ci il təvəllüdlür. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən 3-17-1/3-3-10097/2024 №-li, xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya xx.xx.2009-cu il tarixdən (57 yaşdan) əmək pensiyası təyin edilmiş, pensiya məbləği 2123,79 manatdan 1192,56 manata azaldılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda qeyd etmişdir ki, “...araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşınızın tamamlandığı xx.xx.2007-ci il tarixindən hesablanaraq təyin edildiyi aşkar olunub. Bundan başqa, sizə əmək pensiyası təyin edilərkən təqdim etdiyiniz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nın arayışında 2004-2005-ci illər üzrə 55.015.676,00 AZM əmək haqqına uyğun hesablandığı müəyyən olunub. Bununla əlaqədar olaraq, sizin həmin dövr üzrə əmək haqqınıza dair məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən sözügedən müəssisəyə sorğu göndərilib. Sorğumuza cavab olaraq, Mərkəzi Filiala göndərilmiş 29 aprel 2024-cü ıl tarixli 13-3/3-9-89/2024 nömrəli arayışda qeyd olunan məlumatlara əsasən həmin dövrdə sizə ödənilən əmək haqqının ümumillikdə 25.535.220,00 AZM olduğunun müəyyən edildiyi qeyd edilib. Həmçinin 2005-ci ilin iyun və oktyabr ayları üzrə sizə əmək haqqı ödənilməsi barədə məlumatların aşkarlanmadığı bildirilib. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%dən çox olmamaqla hesablanırdı. Sözügedən Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Mərkəzi Filialda mövcud olan sənədlərinizdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı ıl tarixinədək ümumi iş stajınız 37 il təşkil edir. Əmək pensiyanız əmək haqqına əsasən hesablanarkən, tələb olunan 25 ilə gorə 65 faiz, 25 ildən artıq olan 12 ilə gorə 24 faiz (12 x 2% olmaqla orta aylıq əmək haqqının 89 faizi (65%+24%) miqdarında müəyyən edilib. Belə ki, xx.xx.2006-cı il tarixinə 212,79 (25535220,00 AZM:5000:24 ay) manat orta aylıq əmək haqqınıza uyğun (2004- 2005-cı illər üzrə) əmək pensiyanızın sığorta hissəsi həmin tarixə 164,3 (212,79x89%=189,38-25 manat (baza hissə)) manat hesablanaraq indeksləşdirilməklə xx.xx.2009-cu il tarixinə 250,97 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-15 01.2009cu tarixləri arasındakı dovr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 1065,60 manat pensiya sığorta kapitalına uyğun 7,40 (1065,60:144) manat və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixinə 333,37 (250,97+7,40+75) manat məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 409,64 manat), xx.xx.2006-cı il tarixinə 458,46 (55015676,00 AZM:5000:24 ay) manat orta aylıq əmək haqqına uyğun (2004-2005-ci ili üzrə) əmək pensiyanızın sığorta hissəsi həmin tarixə 383,03 (458,46x89%=408,03-25 manat (baza hissə)) manat hesablanaraq indeksləşdirilməklə xx.xx.2007-ci il tarixinə 414,82 manat müəyyən edilmiş və üzərinə xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabınız sığorta hissəsində qeydə alınmış 1031,04 manat pensiya sığorta kapitalına uyğun 7, (1031,04:144) manat və 40 manat baza hissəsi əlavə edilərək xx.xx.2007-ci il tarixinə 461 (414,82+7,16+40) manat (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 812,91 manat) artıq əmək pensiyası təyin edilərək sizə ödənilib. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksıyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalını toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Bununla əlaqədar olaraq, xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızı sığorta hissəsində qeydə alınmış 8609,41 manat pensiya sığorta kapitalınıza əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (8609,41:77 ay (144 ay-67 ay (əmək pensiyaçı kimi işlədiyiniz ayların sayı))=111,81 manat) qanuni əmək pensiyanız həmin tarixdən yenidən hesablanaraq 409,64 manatdan 521,45 (409,64+111,81) manata (indeksləşdirilərək xx.xx.2015- il tarixinə 527,35 manat) artırılıb. Eyni zamanda, xx.xx.2015-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyinizlə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 964,05 manat pensiya sığorta kapitalına görə qanuni əmək pensiyanız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (964,05:73 ay (14 ay-71 ay (əmək pensiyaçısı kimi işlədiyiniz ayların sayı))=13,21 manat) həmin tarixdən yenidən hesablanaraq 527,35 manatdan 540,56 (527,35+13,21) manata (indeksləşdirilərək xx.xx.2018-ci tarixinə 660,62 manat) artırılıb. Həmçinin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 231,84 manat pensiya sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (231,84:72 ay (144 ay-7 ay)=3,22 manat) əmək pensiyanız xx.xx.2018-ci il tarixindən yenidən hesablanaraq 660,6 manatdan 663,84 (660,62+3,22) manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1192,5 manat) artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə sizə 28705,25 manat artıq pul vəsaiti ödənildi) müəyyən edilib. Həmin 28705,25 manat pul vəslıtinın əmək pensiyanızdan tutularaq büdcəyə bərp edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təodim etməyinizi xahiş edirik. Həmçinin iştirakınız ilə 19 iyul 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə sizə ətraflı məlumat verilməklə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1192,56 manat təşkil edir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 10097/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1972-ci ildə Bakı Dəniz Yolları məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır (həmçinin məktəbi bitirdikdən sonra ona 1973-cü ildə hərbi bilet verilmişdir). xx.xx.1973-cü ildən xx.xx.2008-ci il tarixədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Neftçala”, “Biləcəri”, “Karakum Kanal”, “Pavlik Morozov”, “Nizami”, “Fizuli”, “Əli Bayramov”, “Şəmkir”, “Aşıq Ələsgər”, “General Şıxlınski”, “Gəncə”, “Lənkəran” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, Kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi, kapitan vəzifələrində fasiləsiz olaraq işləmişdir (bununla bağlı müvafiq sənədlər iddia ərizəsinə əlavə olunur). Ona 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixində həmin dövrün qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. O, cari ilin iyul ayınadək heç bir çətinlik olmadan pensiyasını almışdır. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-D-21977/2024 nömrəli məktub ilə ona təyin edilmiş pensiya ilə bağlı yenidən araşdırılma aparılmış və düzgün olaraq təyin edilməmə əsası ilə onun pensiyası əhəmiyyətli dərəcədə azaldılmışdır. Məktubda qeyd edilmişdir ki, ona güzəştli şərtlərlə 55 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixində deyil, 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixində pensiya təyin edilməli idi. Bu halda isə şəxsin pensiyasının hesablanmasına yeni qüvvəyə minmiş qanunvericilik normaları tətbiq ediləcəkdir ki, bu da onun əmək pensiyasının və ona əlavənin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır (artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktuba əsasən cavabdeh tərəfindən son üç il üzrə ona guya artıq ödənilmiş 28705,25 (iyirmi səkkiz min yeddi yüz beş, iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin ondan geri qaytarılması tələb olunmuşdur). İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirir, lakin cavabdeh həmin qərarın iddiaçıya təqdim etməsinə dair sübut təqdim etmir. Mübahisələndirilən qərar məhkəmə sorğusuna əsasən məhkəmə iclasında təqdim edilmiş, iddiaçı bundan sonra dəqiqləşmə verərək qərarın tarixini və nömrəsini qeyd etməklə qərarı mübahisələndirmişdir. Cvabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda da, qeyd edilən qərar (tarixi və nömrəsi) barədə iddiaçıya ümumiyyətlə məlumat verilməmişdir. Ona görə də, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2007-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya xx.xx.2009-cu il tarixdən, yəni 57 yaşından əmək pensiyası təyin edilmiş, pensiya məbləği 2123,79 manatdan 1192,56 manata azaldılmışdır. Hazırda iddiaçı qeyd olunan qərarın ləğv edilməsini, xahiş edir. Cavabdeh öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıya 55 yaşdan deyil, 57 yaşdan pensiya təyin edilməli idi. Çünki Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321- İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış, 1 abqust 2000-ci il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, tələb olunan stajı yaş həddində dəyişikliyin başlandığı xx.xx.1997-ci ilədək topladığından, yəni staja görə 55 yaşdan pensiya almaq hüququ yarandığından, yaş həddindəki dəyişiklik (ağırlaşdırıcı hal) ona münasibətdə tədbiq edilməməldir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh orqan inzibati icraatla bağlı qanunveriliyin tələblərini pozaraq, iddiaçıya münasibətdə əlaverişli inzbati akta iddiaçının ziyanına dəyişiklik edərkən iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin edərək mülahizələrini dinləməmiş və yekunda qəbul etdiyi inzibati akt barədə iddiaçıya məlumat verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, iddiaçıya 55 yaşdan əmək pensiyası təyin edilməsinə dair qərarda dəyiliklik edərək iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi barədə qərar qəbul etmiş, nəticədə iddiaçının pensiya məbləği azalmışdır. Məhkəmə cavabdehin qərarını və həkətlərini həmçinin maddi hüququnun tətbiqi baxımından da əsassız hesab edir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Baxılan işdə iddiaçının 1.08.1997-ci ilədək ümumi və xüsusi stajının olması işin mübahisələndirilməyən halı olmaqla, iş materiallarında olan sənədlərlə müəyyən edilir. İş materiallarına əlavə edilmiş və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, iddiaçının təhsil aldığı dövrlər də daxil olmaqla 1.08.1997-ci il tarixə qədər onun ümumi stajı 28 il, 10 ay, 10 gün təşkil edir. İddiaçı həmin dövrün 24 il, 5 ay, 3 gününu (xx.xx.1973-xx.xx.1997-ci illər) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş güzəştli peşələrdə çalışmışdır. Cavabdeh də bu halı, yəni iddiaçının ümumi və güzəştli stajını mübahisələndirmir. Məhkəmə cavabdehin yaşla bağlı mövqeyini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi, həmin Qanunun qüvvəyə mindiyi günədək, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi hüququnu tanımışdır. Belə olan halda, iddiaçının əgər xx.xx.1997-ci ilədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı vardırsa, o zaman iddiaçının 55 yaşının sonradan, yəni qanunda müvafiq dəyişikliklərin edildiyi xx.xx.2000-ci ildən sonra tamam olması, onun qazanılmış hüququna təsir etməməlidir. Oxşar işlər üzrə, məhkəmə təcrübəsi də bu istiqamətdədir. Belə ki, 57 yaşdan pensiya təyin edilməsi üçün şəxsin xx.xx.2006-cı ilədək, ümumi və xüsusi stajının olması şərti ödənilikdə, şəxsin 57 yaşının xx.xx.2006-cı ildən sonra tamam olmasının, ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatının aparılmasına təsir etmir. Qeyd olunanlara əsasən, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixinədək topladığına görə ona əmək pensiyası 57 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 55 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1293/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadına məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, xx.xx.2019-cu il tarixli 2-1(102)-2641/2019 nömrəli, xx.xx.2023- cü il tarixli 2-1(102)-2023/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Hazırki iş üzrə iddiaçının ümumi iş stajı 32 il 3 ay 24 gün (01.01 2006-cı il tarıxinədək 28 il 3 ay 24 gün əmək stajı (xx.xx.1972-xx.xx.1974-cü il, xx.xx.1975- xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000- ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il siğorta stajı), güzəştli iş stajı isə 11 il 5 ay 5 gün (xx.xx.1975-xx.xx.1982ci il, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Beləliklə, iddiaçının 01 avqust 1997-ci il tarixində ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Qeyd edilməlidir ki, iddiaçının 01 avqust 1997-ci il tarixinədək azı 20 il ümumi və 1 saylı Siyahı üzrə 10 il xüsusi (güzəştli) iş stajına malik olmasını mübahisələndirmir. Bununla da, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə və “Əmək pensiyaları haqqında” Qanun 9.8-ci maddəsinə əsasən, 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur”. Məhkəmə kollegiyasının qeyd edilən hüquqi mövqeyi hazırkı işə də aiddir. Belə ki, həmin işdə iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə 50 yaşdan pensiya təyin edilməsi məsələsinə hüquqi qiymət vermişdir. Hazırkı işdə isə, hüququn tədbiqi ilə bağlı eyni yanaşma hazırkı mübahisəyə tədbiq edildikə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə iddiaçıya 57 yaşdan deyil, 55 yaşda pensiya təyin edilməli idi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Elşad Rza oğlunun “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-10097/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar