Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3946/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ torpaq sahəsinə dair hüquqların qeydə alınmaqla, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində olan 5412 nömrəli bağ sahəsinin üzərində (üçüncü şəxs Məlahət Nəcəfovanın bağına gedən və yol kimi istifadə olunan sahə çıxılmaqla yerdə qalan 0,10 - 0,11 ha sahəsi üzərində) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində olan 5412 nömrəli bağ sahəsinin (üçüncü şəxs Məlahət Nəcəfovanın bağına gedən və yol kimi istifadə olunan sahə çıxılmaqla yerdə qalan 0,10 - 0,11 ha sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 saylı Sərəncamına əsasən İddiaçı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X11 bağlar sahəsindəki ərazidən 0.12 ha torpaq sahəsi olan 5412 saylı bağ sahəsi ayrılmışdır. Bağlar təsərrüfatının inkişafı və X11 bağlar sahəsindəki 210 nömrəli kooperativin 15 nömrəli orderinə əsasən, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ ayrılmışdır. xx.xx.1991-ci il tarixli akta əsasən 210 №li BTK-nın ümumi torpaq sahəsi 2,4 hektar olmaqla 20 bağ sahəsinə bölünmüş və BTKnın 20 nəfərdən ibarət üzvlərinə təhvil verilmişdir. 210 №li Ləhiş bağ-tikinti kooperativin üzvlərinin siyahısından görünür ki, İddiaçı həmin siyahıda 15-ci sırada qeyd olunmuş və ona 5412 nömrəli bağ sahəsi ayrılmışdır. BTK-210 Ləhiş massivində bağ sahələrinin yerləşmə sxeminə əsasən İddiaçı məxsus 5412 saylı bağ evi 19-cu sırada qeyd olunmuşdur. “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən naturada təqdim olunan 5412 saylı bağ sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə, təqdim olunmuş sənədlərə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, təqdim olunan ərazi bağ torpaq sahələrinin sxeminə əsasən naturadakı yerinə uyğundur, sahəsi 1028 kv. m təşkil edir, digər torpaq sahələri ilə üst-üstə düşmür, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olundu: a). 5412 saylı bağ sahəsi naturadakı yerinə uyğun gəlir. b). Döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. c). 5412 saylı bağ sahəsi başqa bağ sahələri ilə üst-üstə düşür. İşin halları: Qanuni istifadəsinə verilmiş və faktiki mülkiyyətçisi olduğu torpaq sahəsindən səhhətilə əlaqədar uzun müddət istifadə etmədiyindən, həmin torpaq sahəsi qanunsuz olaraq və özbaşına zəbt edilmiş və orada yaşayış evləri inşa edilmişdir. Həmin torpaq sahəsinə çıxarışın alınması ilə bağlı ASAN Xidmətə müraciət olunmuş, lakin oradan bildirmişlər ki, nə qədər ki, torpaq sahəsi başqa şəxslər tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilmişdir, torpaq sahəsinin ölçüsünün aparılması mümkün olmayacaq. Bu səbəbdən ilk növbədə həmin şəxslərin torpaq sahəsindən çıxarılması həyata keçirilməli, sonradan bağa dair çıxarışın alınması ilə bağlı müraciət edilməlidir. Həmin məsləhətə əsasən zəbt edilmiş torpaq sahəsinin boşaldılması ilə bağlı Sabunçu Rayon Məhkəməsində vindikasiya iddiası qaldırılmışdır. İşə baxılarkən məhkəmələr tərəfindən çox saylı ekspertizalar təyin edilmiş, torpaq sahəsinin harda yerləşməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün dəfələrlə 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi mübahisəli 5412 saylı bağa dair hüquqmüəyyənedici sənədlərin idarənin arxivində olan iş qovluğunda olmamasına əsaslanaraq torpaq sahəsinin naturada mübahisəli ərazidə yerləşib-yerləşməməsinə dair hər hansı qəti rəy verməkdən imtina vermişdir. Buna baxmayaraq, X3 eksperti elektron baza məlumatlarına əsasən 5412 saylı bağ sahəsinin koordinatlarını dəqiq müəyyən edərək həmin torpaq sahəsinin məhz mübahisə olunan yerdə yerləşməsinə dair qəti rəy vermişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6062 saylı ekspert rəyinə əsasən: - Baxış zamanı əldə oğlunmuş məlumatlara, “kadastrportalı.az” portalında olan məlumatlara və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs 1 salyı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunanlara əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı adına ayrılmış 5412 saylı bağ sahəsinin, X9 və X1 faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və sahələri müəyyən edilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı adına ayrılmış 5412 saylı bağ sahəsinin 488 kv.m hissəsinin X9 faktiki istifadəsində, 258 kv.m hissəsinin X1 faktiki istifadəsində olduğu müəyyən edilir. Torpaq sahəsinin qalan hissəsinin isə digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilir. - Həmin rəyin təsviri hissəsində qeyd olunur ki, mübahisəli torpaq sahələrinə baxış zamanı müəyyən edilmiş koordinatları ilə Ləhiş bağ massivinin bağ sahələrinin “Google Earth” İnternet xəritə proqramında mövcud olan illər üzrə ortofoto görüntülər əsasında müqayisə etdikdə məlum olur ki, təqdim olunan ərazi bağ torpaq sahələrinin sxeminə əsasən (bağ sahələrinin yerləşmə yerinə və qonşu bağ sahələrinin nömrələrinə əsasən) 5412 saylı bağ sahəsinin yerinə uyğundur. - Eyni zamanda Mərkəzə təqdim edilmiş “kadastrportalı.az” portalında mövcud olan baza məlumatlarından görünür ki, baxış zamanı təqdim olunan dövlət mülkiyyətində olan bağ sahələrinin ərazisidir. Həmin portaldan görünür ki, Ləhiş bağ massivinin bağ sahələrinin sxemində qeyd olunan 5213, 5223, 5222 saylı və digər bağ sahələrinin yerinə uyğun olan sahələr qeydiyyatdan keçərək xüsusi mülkiyyətdədir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş bağ sahəsinə dair hüquq müəyyənedici sənədlərə və ekspertiza rəyinə əsasən 5412 saylı bağ sahəsinin naturada yeri məlumdur və həmin bağın koordinatları ilə bağlı hər hansı mübahisə yoxdur. Buna baxmayaraq işə baxan Sabunçu Rayon Məhkəməsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli bağ sahəsinə dair konkret mütəxəssis rəyinin olmamasına istinad edərək iddiaçının belə bir tələblə məhkəmədə çıxış etmək üçün subyektiv hüququnun olmaması barədə qətnamə qəbul etmişdir. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-226/2023 saylı, 18 yanvar 2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin naturada harada yerləşməsi ilə bağlı 2 dəfə ekspertiza təyin edilmişdir. - Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən bağ sahələrinin naturada yeri bağların bölgüsünə dair sxematik xəritəyə və qonşuluqda yerləşən qeydiyyatdan keçmiş bağ sahələrinin nömrə ardıcıllığına uyğun olaraq müəyyən edilir. İddia edilən sahənin dövlət mülkiyyətində olmaqla bağ sahələrinin ərazisi olması, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı 15 nömrəli orderlə ayrılmış 0,12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ nömrələrinə uyğun olaraq iddia edilən yerdə yerləşməsi müəyyən edilmişdir. Bağların bölgüsünə dair sxematik xəritəni və qeydiyyatdan keçmiş bağ sahələrinin yerləşməsi ilə bağıl baza məlumatlarını Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri püblik hüquqi şəxsinə müraciət etməklə əldə etmək olar. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı 15 nömrəli orderlə ayrılmış 0,12 ha torpaq sahəsi olan 5412 nömrəli bağın ərazisinin 488 kv. m hissəsinin X9 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 258 kv. m hissəsi X5 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 506 kv. m hissəsi isə digər istifadəçilərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstü düşdüyü və mübahisəli (iddia edilən) sahənin 5412 nömrəli bağ sahəsinin ərazisi olduğu müəyyən edilmşdir. Göründüyü kimi ayrı-ayrı vaxtlarda təyin edilmiş 3 ekspertiza rəyi ilə bir daha təsdiq olunur ki, mübahisəli 5412 saylı bağ sahəsinin koordinatları məhz “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilən koordinatlarla eynilik təşkil edir. İşə apellyasiya şikayəti əsasında baxan apellyasiya instansiya məhkəməsi də çoxsaylı ekspertiza rəylərində zəbt olunmuş torpaq sahəsinin 5412 saylı bağ sahəsinə aid olmasını nəzərə almamışdır. Əksinə, 1 saylı BakıƏrazi İdarəsinin mübahisəli bağ sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmamasına dair mütəxəssis rəyinə istinad edərək 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır (2(103)-242/2024). Apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsi qəbul edildikdən sonra iddiaçı məcbur olub qanuni istifadəsində olan torpaq sahəsinin hüquqi qeydiyyatdan keçirilməsi üçün ASAN xidmətə müraciət etmiş və bağa dair bütün sənədləri ora təqdim etmişdir (orderin əsli, bağ sahəsinin ayrılmasına dair Arxiv Arayışı, bağların bölgü sxemi, protokodan çıxarış, bağların yerləşmə sxemi və sair). Buna baxmayaraq cavabdeh orqan torpaq sahəsinin dəqiq yerini müəyyən etmək üçün bütün texniki imkanlara malik olduğu halda imtina etmiş və imtinasını bu dəfə tamamilə fərqli əsaslarla əsaslandırmışdır. Belə ki, imtina qeyd olunmuşdur ki: - idarənin arxiv əsaslarında mövcud olan xx.xx.2006-cı il tarixli akta əsasən İddiaçı adına 210 nömrəli bağ tikinti kooperativi nəzdində olan 5412 saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X4 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin təqdim edilmiş 15 nömrəli orderin nüsxəsi idarənin arxiv əsaslarında aşkar edilməmişdir. Bundan başqa idarənin mütəxəssisləri tərəifndən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxslər tərəfinən hasara alınaraq istfiadə olunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadənizdə deyil). Yuxarıda göstərilənləri nəzərə ümumiyyətlə qeyd olunmalıdır ki, İddiaçıya torpaq sahəsi ayrılarkən 01 yanvar 1971-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Məcəlləsi qüvvədə olmuşdur (internet link http://web2.anl.az:81/read/page.php?bibid=230652&pno=10). Həmin Məcəllənin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud müvafiq zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Göründüyü kimi torpaq sahəsi iddiaçıya ayrılarkən qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaşa torpaq sahəsi order deyil, İcraiyyə komitəsinin qərarı (sərəncamı) əsasında ayrılırdı. Həmin qanunvericilikdə torpaq sahəsinin order əsasında ayrılması ümumiyyətlə nəzərdə tutulmuşdur. Yəni torpaq sahəsi üzərində vətəndaşın hüquqlarını təsdiq edən sənəd – order deyil, Qərar hesab edilir. Digər tərəfdən orderin ləğv edilməsi – torpaq sahəsinin ayrılmasına dair sərəncamın ləğv edilməsinə səbəb deyil. Bundan başqa bağa dair verilmiş orderin akt əsasında ləğv edilməsi hər hansı qanunvericilik aktında nəzərdə tutulmamışdır. Bu da onu göstərir ki, cavabdeh orqan heç bir hüquqi əsas olmadan torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Həmçinin iddianın dəyişdirilməsi barədə ərizədə əlavə olaraq qeyd olunmuşdur ki, o, cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə idida ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, ona qanuni əsaslarla ayrılmış 0,12 ha torpaq sahəsinin çox az hissəsi (təxmini 0,01 - 0,02) ha hissəsi başqa şəxsin (Məlahət Nəcəfova) mülkiyyətində olan torpaq sahəsi kimi onun plan və sxeminə əlavə edilmişdir. Yəni faktiki olaraq torpaq sahəsinin həmin hissəsi üçüncü şəxsin (Məlahət Nəcəfova) mülkiyyətinə verilmişdir. Həmin şəxs qeyd olunan torpaq sahəsini öz bağına gedən yol kimi istifadə edir və həmin torpaq sahəsi onun bağına yeganə giriş və çıxış yoludur. İddiaçı ona məxsus torpaq sahəsinin həmin hissəsinin üçüncü şəxsin bağına gedən yol kimi istifadə olunmasını və bununla da həmin hissədə torpaq sahəsinə hər hansı iddiasının olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin üzərinə vəzifə qoyularkən işin sonradan məlum olan bu halı nəzərə alınmalıdır. Yəni, iddiaçının torpaq sahəsinin üçüncü şəxs - Məlahət Nəcəfovanın bağına gedən yola düşən hissəsi ilə bağlı hər hansı tələbi yoxdur və torpaq sahəsinin yalnız üçüncü şəxsin yol kimi istifadəsində olan sahəsi çıxılmaqla yerdə qalan sahəsinə dair (təxmini 0,10-0,11 ha) müvafiq çıxarışın verilməsinə razıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs - X6 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı münasibətində (etiraz) göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0.12 ha torpaq olan 5412 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********50 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv əsaslarında mövcud olan xx.xx.2006-cı il tarixli akta əsasən İddiaçı adına 210 nömrəli bağ tikinti kooperativi nəzdində olan 5412 saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X4 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin təqdim edilmiş 15 nömrəli orderin nüsxəsi idarənin arxiv əsaslarında aşkar edilməmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadəsində deyil). Həmçinin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən ərazinin bir hissəsi digər fiziki şəxsin- X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir (**********53 reyestr nömrəli). Eyni zamanda, müvafiq daşınmaz əmlakla bağlı Ali Məhkəmənin icraatında 2(102)- 4272/2024 saylı mülki iş mövcuddur, qanuni qüvvəsini almış yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İddiaçı tələbinin əsası kimi aşağıda qeyd olunan sənədlərə istinad etmişdir: - Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X11 bağlar sahəsindəki 210 №li kooperativ tərəfindən verilmiş 15 №li orderdən müəyyən olunur ki, İddiaçı Bakı şəhər İK-nin 19 oktyabr 1990-cı il tarixli 7/348 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 210 №li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5412 №li bağ ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 iyun 2021-ci il tarixli məktubla təqdim olunmuş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 7/348 № li qərarından arxiv çıxarışından müəyyən olunur ki, BTK üzvlərinin siyahısı təsdiq olunmuş və onlara bağ torpaq sahələrinin ayrılması qərara alınmışdır. Qərara əlavə edilmiş 1 №li əlavə 210 №li Ləhiş BTK üzvlərinin siyahısında İddiaçı adı 15-ci sırada qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxiv əsaslarında mövcud olan xx.xx.2006-cı il tarixli akta əsasən İddiaçı adına 210 nömrəli bağ tikinti kooperativi nəzdində olan 5412 saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X4 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin təqdim edilmiş 15 nömrəli orderin nüsxəsi idarənin arxiv əsaslarında aşkar edilməmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadəsində deyil). Həmçinin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən ərazinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda, müvafiq daşınmaz əmlakla bağlı Ali Məhkəmənin icraatında 2(102)- 4272/2024 saylı mülki iş mövcuddur, qanuni qüvvəsini almış yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müdəəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış: - xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 210 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5412 saylı bağ sahəsinə dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. İdarənin arxiv əsaslarında mövcud olan xx.xx.2006-cı il tarixli akta əsasən İddiaçı adına 210 nömrəli BTK nəzdində olan 5412 saylı sahəyə dair verilmiş sənədlərin (order) ləğv olunaraq X4 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Məktuba əlavə olunmuş bəhs edilən bağ sahəsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş müayinə aktında (surəti) göstərilmişdir ki, sahəni göstərən Anar və digər şəxs sahənin qohumlarının istifadəsində olduğunu, açarların onlarda olmadığını bildirmişlər, bu səbəbdən qapıları aça bilməyəçəklərini demişlər. Keçid kimi isifadə olunan hissədəki darvazanın üstündən keçib darvazanı içəridən açaraq sahənin cənub hisəsində çöldən baxmağa şərait yaratdı. Həmin keçid hissənin və şərq tərəfdəki qonşinun hasarı daxilində qalan 100 kv metr sahənin də 5412 saylı bağ ərazisinə aid oldğunu bildirdilər, lakin içəri daxil omağa şərait yaratmadılar. Bu səbəbdən sahəyə daxil olub, sahədə ölçmə işlərini aparmaq mümkün olmadı. Nümayəndələrin bildirdiyinə görə 5412 saylı bağ sahəsi olduğu bildirilən sahə 5 hissədən ibarətdir. Sahədə digər vətəndaşlar tərəfindən 2 ədəd 1 mərtəbəli ev və 1 ədəd 2 mərtəbəli yaşayış evləri və həyət tikililəri inşa edilib. - 20 fevral 2025-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,111303 ha-dan ibarət 5413 saylı bağ torpaq sahəsi xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarına surəti əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının “İddiaçı cvadehlər X10 və X7 qarşı “mülkiyyətin müdafiəsi, özbaşına tutulmuş torpaq sahələrinin boşaldılması” tələbinə dair iddiası üzrə” çıxartdığı 2(102)- 267/2025 №li xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki; İddiaçı cavabdehlər X10 və X7 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar sahəsində yerləşən 5412 saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, həmin bağ sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, həmin bağ sahəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-226/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-242/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-242/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək iddia tələbinin cavabdehlər tərəfindən aparılmış tikililərin onların hesabına sökülməsi hissəsindən imtina qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-267/2025 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-242/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki: ...
25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16- 16/25/169/2024 saylı, 29 aprel 2024-cü il tarixli sənədlərin texniki ekspertizası rəyində qeyd edilir ki, tədqiqata təqdim edilmiş Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X11 bağlar sahəsindəki 210 nömrəli kooperativin İddiaçı adına 15 nömrəli orderinin blankın, əlyazılar, möhür əksi və imza elektrofotoqrafik çap qurğuda (surətçıxaran, çoxaldıcı qurğu və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X11 bağlar sahəsindəki 210 nömrəli kooperativin İddiaçı adına 15 nömrəli orderinin surətində olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 210 nömrəli BTK-yə aid qovluğda olan Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. ...
26. Məhkəmə tikinti-texniki ekspertizasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10//1043 saylı, 15 iyul 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı 15 nömrəli orderlə ayrılmış, 0.12 ha torpaq sahəsi olan 5412 nömrəli bağın ərazisinin 488 kv.m hissəsinin X9 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 258 kv.m hissəsi X1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 506 kv.m hissəsi isə digər istifadəçi(lər)nin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü və mübahisəli (iddia edilən) sahənin 5412 nömrəli bağ sahəsinin ərazisi olduğu müəyyən edilmişdir ...
29. Məhkəmə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş orderin mötəbərliliyi ilə bağlı qeyd etmişdir ki, sənədlərin texniki ekspertizasının rəyində qeyd edilənlərə əsasən orderin saxta olduğu, yəni sonradan saxtalaşdırılaraq tərtib edildiyi müəyyən edilir. Bakı şəhəri xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı göstərilsə də, həmin qərarda bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilmədiyindən, eləcə də “15 nömrəli order”in əslinin İdarənin arxivində və iddiaçı tərəfdə aşkar edilmədiyi təsdiq olunduğundan bu hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. Buna görə də, hətta iddia olunan ərazi 5412 nömrəli bağ sahəsinin bir hissəsi olsa və üst-üstə düşsə belə məhz həmin ölçülü və nömrəli bağ sahəsinin iddiaçıya ayrıldığı nəzərdə tutulan bağ(torpaq) sahəsi olduğu heç bir sübutla təsdiq olunmur. ...
62. İddiaçı kassasiya şikayətində ekspertiza tədqiqatının sənədin kserosurəti üzərində aparıldığına istinad edərək bu səbəbdən ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi qəbul edilməli olmadığını göstərsə də, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək ekspertin vəsatətinə əsasən 15 saylı orderin əslinin ekspertiza üçün təqdim edilməsi təklif edilsə də (bu məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatmışdır) iddiaçı sənədin əslini nə ekspertiza tədqiqatından əvvəl, nə də sonra məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən ekspertizanın iş materiallarında olan sübutlar əsasında həyata keçirilməsi pozuntu hesab edilə bilməz
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
MƏHKƏMƏNİN MÖVQEYİ. Qanunvericiliyin müddəalarından göründüyü kimi torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhər İK-nin 19 oktyabr 1990-cı il tarixli 7/348 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 210 №li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5412 №li bağ ayrılması barədə Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X11 bağlar sahəsindəki 210 №li kooperativ tərəfindən verilmiş 15 №li orderə istinad edərək, mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaq istəyir. Bununla bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, İddiaçı cavabdehlər X10 və X7 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar sahəsində yerləşən 5412 saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, həmin bağ sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, həmin bağ sahəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmuş mülki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2(102)-267/2025 saylı qərarında göstərilmişdir ki, ...
60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarında iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi və sahəsi öz əksini tapmadığından iddiaçının tələbi yalnız həmin qərar əsasında təmin edilə bilməz.
61. Kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarına əsasən ayrılmış bağın məhz 5412 saylı bağ olması və sahəsinin 0,12 ha olması 15 nömrəli orderdə öz əksini tapdığından həmin orderin mötəbərliyi iddiaçı tərəfindən sübut edilməli idi. İşdən görünür ki, “15 nömrəli order”in əsli arxivdə aşkar edilməmiş, mübahisələndirildiyi halda sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işdə olan nüsxə üzərində sənədlərin texniki ekspertizası üzrə tədqiqat aparılarkən sənədin saxtalaşdırıldığı müəyyən edilmişdir.
62. İddiaçı kassasiya şikayətində ekspertiza tədqiqatının sənədin kserosurəti üzərində aparıldığına istinad edərək bu səbəbdən ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi qəbul edilməli olmadığını göstərsə də, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək ekspertin vəsatətinə əsasən 15 saylı orderin əslinin ekspertiza üçün təqdim edilməsi təklif edilsə də (bu məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatmışdır) iddiaçı sənədin əslini nə ekspertiza tədqiqatından əvvəl, nə də sonra məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən ekspertizanın iş materiallarında olan sübutlar əsasında həyata keçirilməsi pozuntu hesab edilə bilməz. Bununla bağlı qeyd edilməlidir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki; “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). ... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.” Qeyd olunanlar isə onu deməyə əsas verir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş orderin mülki məhkəmə icraatı dövründə sənədlərin texniki ekspertizası üzrə tədqiqat aparılarkən sənədin saxtalaşdırıldığı müəyyən edilmişdir. Doğrudur ki, orderin verilməsinə əsas olan və orderdə istinad olunan Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 7/348 № li qərarı mövcuddur və qərara əlavə edilmiş 1 №li əlavə 210 №li Ləhiş BTK üzvlərinin siyahısında İddiaçı adının 15-ci sırada olması bağlı qeydlər vardır. Lakin qeyd olunmuş hallar da iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüqüqlarının qeydiyyatına alınmasına əsas ola bilməz. Çünki bağ sahəsinin kökündə dayanan qərar və digər əlaqəli sənədlərdə (siyahı və s.) iddiaçıya 210 №-li BTK nəzdində 5412 №-li bağ sahəsinin ayrılması öz təsdiqini tapmamışdır. Belə ki, orderdə istina olunmuş qərarda 210 №-li BTK-nin şəxsi tərkibi təsdiq edilərək, 1 №-li əlavəyə uyğun olaraq müəyyən edilmiş qaydada bağ torpaq sahələrinin ayrılması qərara alınmışdır. Başqa sözlə desək, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 7/348 № li qərarında və qərara əlavə edilmiş 1 №li əlavədə iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi və sahəsi öz əksini tapmadığından iddiaçının tələbi yalnız həmin qərar əsasında təmin edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, qeyd edildiyi kimi Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 7/348 № li qərarı həqiqətən də torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin, həmin sənəd Ləiş bağlar ərazisində olan bütün sahə üçün nəzərdə tutulmuş hüququn qeydiyyatı anlamına gəlməmir. Belə ki, hüquqmüəyyənedici sənəd mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestridə qeydə alınması üçün əsas qismində o zaman çıxış edə bilər ki, sənəddə hansı bağ və ya torpaq sahəsinin hansı ölçüdə ayrılması konkret olaraq göstərilsin. Göründüyü kimi aparılmış ümumi qiymətləndirmə, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 7/348 № li qərarı iddiaçıya konkret olaraq hansı bağ sahəsinin təhkim olunduğunu və bağ sahəsinin dislokasiyasının müəyyən etməyə imkan vermədiyindən iddiaçının 5412 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiasının rəddinə dəlalət edir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev