Məhkəmə qərarları › İş №e-2-1(112)-3949/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3949/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3949/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və X3) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 207916 saylı, xx.xx.1984-cü il tarixli orderlə istifadə və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 20, 56 nömrəli mənzilə çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 207916 saylı, xx.xx.1984-cü il tarixli orderlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 20, 56 nömrəli mənzil istifadəsinə və sahibliyinə verilmişdir. Həmin mənzildə ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşayırlar. Tərəfindən sözügedən mənzilə dair çıxarışın əldə edilməsi ilə bağlı cavabdehə müraciət olunmuşdur. Həmin İdarədən imtina cavabı ilə bildirilmişdir ki, mənzilin orderi ilə protokol arasında uyğunsuzluq mövcuddur. İmtina cavabında göstərilir ki, mənzil reallıqda və həmçinin orderdə ev 20, birinci mərtəbə, mənzil 56 olduğu halda, protokolda ev 20, beşinci mərtəbə, mənzil 65 qeyd olunur. Həmçinin protokolda Babaşevin ad və soyadında da uyğunsuzluq var. Əgər bundan sonra zərurət yaranarsa, inzibati qaydada tələb irəli sürülə bilər. Bu səbəbdən iddia ərizəsini geri götürmüşdür. Sonra Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bununla bağlı qərardad qəbul etmişdir. Suraxanı və Bakı Apellyasiya məhkəmələrinin mövqeyi belə olmuşdur ki, prosessual qanunvericiliyin tələbi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd etdiyi hüquqi mövqeyindən göründüyü kimi, analoji ərizələrə məhz hüquqqmüəyyənedici sənədlərdə uyğunsuzluq olduğu hallarda xüsusi icraat qaydasında baxılır. Hazırkı işdə xx.xx.1984-cü il tarixli order hüquqmüəyyənedici sənəddir və həmin sənəddə hər hansı bir uyğunsuzluq yoxdur. Bununla belə, xx.xx.1984-cü il tarixli, 51 saylı protokol isə hüquqmüəyyənedici sənədlər siyahısına aid edilə bilməz. Çünki protokol özü-özlüyündə şəxsə hər hansı bir hüquq yaratmır. Şəxsin mənzil üzərində hüququnu yaradan sənəd yuxarıda qeyd edildiyi kimi orderdir, hansı ki, onda hər hansı bir səhv aşkar edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı ərizəyə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Yenidən cavabdeh quruma müraciət etməli olmuşdur. Uzun aylardan (hətta işə baxılması dayandırılmışdı, bundan şikayət etdikdən) sonra əvvəlki məzmunda imtina verilmişdir. Bu səbəbdən inzibati məhkəməyə təkrar müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 1 ünvanı, yəni 5-ci mərtəbədə olan mənzilin mülkiyyətçisi başqa şəxsdir və onun həmin ünvanda olan mənzillə heç bir hüquqi bağlılığı olmayıb və hazırda da yoxdur. ünvan 2 ünvanına cavabdeh İdarə tərəfindən çıxarış da verilmişdir. Bunu olar çox yaxşı bilirlər. Protokolda olan texniki yanlışlıq barədə əvvəllər məlumatı olmayıbdır. Həmin sənəd arxivdə saxlanıldığı üçün bundan xəbərsiz olmuşdur. Əslində Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə görə sözügedən mənzilə çıxarış verilməsi (hüquqların dövlət qeydiyyatı) üçün order tələb olunur ki, bu sənəd də (order) onda mövcuddur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və X3 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “207916 saylı, xx.xx.1984-cü il tarixli orderlə iddiaçıya ayırılmış Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20, 56 nömrəli 50,04 kv.m sahəsi olan mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********04 xaricolma nömrəli məktubla cavab verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil - (Yeni qaydalarla: AZ 1012, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 278.4 kv.m olan mənzil X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 540 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********04 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, tərəfindən ərizəyə əlavə olunmuş Orconikidze (Suraxanı) rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokolunda qeyd olunan mənzilin yerləşdiyi mərtəbə 5; mənzil nömrəsi 65, 5 (beş) otaqlı, ata adı bəzi yerdə Aşaşarif oğlu, digər yerdə Aşraf oğlu, 207916 saylı xx.xx.1984-cü il tarixli orderdə mənzilin yerləşdiyi mərtəbə 1, mənzil nömrəsi 56, 4 (dörd) otaqlı, ata adı Ağaşarif oğlu qeyd olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı qeyd olunan mənzilin nömrəsi 56, 4 (dörd) otaqlı, 1-ci mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan, protokolda və orderdə düzəliş edildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 20 saylı evin, 56 saylı mənzilinə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə "ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-41022/2023 **********22 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 207916 saylı, xx.xx.1984-cü il tarixli orderdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 20 saylı evin, 6-cı girişinin, 1-ci mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 56 saylı mənzil qeyd olunsada, orderin verilməsinə əsas olmuş Orconikidze rayon XDS İK-nın 51 saylı, xx.xx.1984-cü il tarixli protokolunda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 20 saylı evin, 6-cı girişinin, 5-ci mərtəbəsində yerləşən 5 (beş) otaqlı 65 saylı mənzili qeyd olunmuşdur. Həmçinin idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, ümumi sahəsi 75.14 kv.m. olan 4 (dörd) otaqlı 56 saylı mənzil olduğu, lociyanın 6.0 kv.m. genişləndirildiyi və həmin sahədən həyətə qapının açıldığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Azərbaycan SSR Bakı şəhəri XDS İK-nin 51 saylı xx.xx.1984-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ev 20, giriş 6, 5-ci mərtəbədə yerləşən 59.84 kv.m sahəsi olan 5 otaqlı, 65 nömrəli mənzil verilmişdir. Hüquq sahibləri: İddiaçı, Babaşova Əlfiyyat Xaliddin qızı, Babaşova Elnarə Əli qızı, Babaşova Gülanə Əli qızı, Babaşov Amil Əli oğlu. Azərbaycan SSR Bakı şəhəri XDS İK tərəfindən verilmiş 207916 saylı xx.xx.1984-cü il tarixli orderdən görünür ki, vətəndaş Ə.A.Babaşova onun 4 nəfər ailə üzvü ilə birlikdə yaşaması üçün Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 12/13 kvartal ev 20, giriş 6, 1-ci mərtəbədə yerləşən 50,04 kv.m sahəsi olan 4 otaqlı, 56 nömrəli mənzil verilmişdir. Hüquq sahibləri: İddiaçı, Babaşova Əlfiyyat Xaliddin qızı, Babaşova Elnarə Əli qızı, Babaşova Gülanə Əli qızı, Babaşov Amil Əli oğlu. **********040 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Babaşova Amaliya Əlağa qızının qeydiyyatda olduğu Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev (12/13 məhəllə) küçəsi 20 saylı evin 56 nömrəli mənzilinin qaynatası İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. **********039 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Babaşova Gülanə Əli qızının qeydiyyatda olduğu Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev (12/13 məhəllə) küçəsi 20 saylı evin 56 nömrəli mənzilinin atası İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. **********038 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Babaşova Əlfiyyat Xaliddin qızının qeydiyyatda olduğu Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev (12/13 məhəllə) küçəsi 20 saylı evin 56 nömrəli mənzilinin əri İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. **********086 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Babaşov Amil Əli oğlunun qeydiyyatda olduğu Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev (12/13 məhəllə) küçəsi 20 saylı evin 56 nömrəli mənzilinin atası İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-00115/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı ev verilməsi barədə məlumat keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 51 saylı protokolunda mövcuddur. Odur ki, İddiaçı ev verilməsi barədə keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 51 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət məlumat üçün göndərilir. Protokola heç bir sənəd əlavə edilməmişdir. Vətəndaşlara mənzillərə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-20/2-2862/2023 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin ötən illərə, o cümlədən 1984-cü ilə dair sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğunun cavablandırılması imkan xaricindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-5169/2024 **********69 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, ev 20, 65 və 56 saylı mənzillərin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq müvafiq müayinə aktının təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20 mənzil 56-nın 4 otağı var və sahəsi hüquqmüəyyənedici sənəd üzrə 50,04 kv.m, faktiki olaraq 50,04 kv.m və 75,14 kv.m təşkil edir. Mənzil 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzilin lociyası 6,0 kv.m genişləndirilərək bağlanmışdır və həmin sahədən həyətə əlavə qapı açılmışdır. 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin X/26 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu Hovsan qəsəbəsi H.Quliyev küçəsi ev 20 mənzil 56-da İddiaçı xx.xx.1984-cü il tarixdən ailəsi ilə birlikdə yaşayır. Hövsan qəsəbəsi H.Quliyev küçəsi 20 saylı yaşayış binası 5 mərtəbəli binadır. Mənzil 56, 1-ci mərtəbədə yerləşir. Mənzil 4 otaqdan ibarətdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı (xx.xx.1957), Babaşova Gülanə Əli qızı (xx.xx.1981), Babaşov Əli Amil oğlu (xx.xx.2004), X4 (xx.xx.2018), Babaşova Amaliya Əlağa qızı (xx.xx.1984), Babaşov Amil Əli oğlu (xx.xx.1982), X13 (xx.xx.2010), Babaşov Nail Amil oğlu (xx.xx.2006) və Babaşova Əlfiyat Xaliddin qızı (xx.xx.1958) ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 234768 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 12/13-cü mərtəbə 20 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı 65 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 332/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Şəhər Orconikidze (indiki Suraxanı rayonu) rayon X10 İcraiyyə Komitəsi tərəfindən verilən qərar və orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 01-7/07 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu MKTB-nin 104 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin məktubuna əsasən Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı binanın 56 saylı mənzili 207916 nömrəli, xx.xx.1984-cü il tarixli orderə (surəti məktuba əlavə olunur) əsasən Babaşov Əli Ağaşərif oğlunun istifadəsindədir və ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən binanın 65 saylı mənzili isə ÖM seriyalı, 234768 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1 şəxsi mülkiyyətindədir. Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1264/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, keçmiş Orconikidze rayon XDS İKnin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 51 saylı protokolunun vətəndaş İddiaçı aid olan hissəsinin təsdiq edilmiş ksero surətləri 4 (dörd) vərəqdən ibarət məlumat üçün göndərilir. Bakı şəhəri, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı binada yerləşən 56 saylı mənzilin hər hansı vətəndaşa ayrılması barədə Dövlət Arxivinin Bakı filialında heç bir məlumat yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir: “...Hazırki işdə xx.xx.1984-cü il tarixli order hüquqmüəyyənedici sənəddir və həmin sənəddə hər hansı bir uyğunsuzluq yoxdur. Bununla belə, xx.xx.1984-cü il tarixli 51 saylı protokol isə hüquqmüəyyənedici sənədlər siyahısına aid edilə bilməz. Çünki, protokol özü-özlüyündə şəxsə qarşı hər hansı bir hüquq yaratmır. Şəxsin mənzil üzərində hüququnu yaradan sənəd yuxarıda qeyd edildiyi kimi, orderdir, hansı ki, onda hər hansı bir səhv aşkar edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki ərizəyə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. ...” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3699/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunundan: Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.https://e-qanun.az/framework/8124 Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında İddiaçı ev verilməsi barədə keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 51 saylı protokolunda məlumat mövcuddur. - 104 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən bildirilmişdir ki, X/26 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu Hovsan qəsəbəsi H.Quliyev küçəsi ev 20 mənzil 56-da İddiaçı xx.xx.1984-cü il tarixdən ailəsi ilə birlikdə yaşayır. Hövsan qəsəbəsi H.Quliyev küçəsi 20 saylı yaşayış binası 5 mərtəbəli binadır. Mənzil 56, 1-ci mərtəbədə yerləşir. Mənzil 4 otaqdan ibarətdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı (xx.xx.1957), Babaşova Gülanə Əli qızı (xx.xx.1981), Babaşov Əli Amil oğlu (xx.xx.2004), X4 (xx.xx.2018), Babaşova Amaliya Əlağa qızı (xx.xx.1984), Babaşov Amil Əli oğlu (xx.xx.1982), X13 (xx.xx.2010), Babaşov Nail Amil oğlu (xx.xx.2006) və Babaşova Əlfiyat Xaliddin qızı (xx.xx.1958) ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 234768 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 12/13-cü mərtəbə 20 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı 65 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən bildirilmişdir ki, Suraxanı rayonu MKTB-nin 104 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin məktubuna əsasən Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı binanın 56 saylı mənzili 207916 nömrəli, xx.xx.1984-cü il tarixli orderə əsasən Babaşov Əli Ağaşərif oğlunun istifadəsindədir və ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən binanın 65 saylı mənzili isə ÖM seriyalı, 234768 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1 şəxsi mülkiyyətindədir. Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Bakı şəhəri, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı binada yerləşən 56 saylı mənzilin hər hansı vətəndaşa ayrılması barədə Dövlət Arxivinin Bakı filialında heç bir məlumat yoxdur. Məhkəmə qeyd ki, iddiaçının iddia tələbində Bakı şəhəri, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı binada yerləşən 56 saylı mənzil – daşınmaz əmlakı üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.11-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi order mövcuddur. Həmin orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar qeyd edilmişdir. Həmin order qüvvədədir, orderlə bağlı hər hansı bir mübahisə və texniki yanlışlıq mövcud deyildir. İddiaçının ailə üzvləri (mənzilə hüququ olan şəxslər) tərəfindən təqdim edilmiş mənzilin özəlləşidirilməsinə razılıq ərizələrinə əsasən iddiaçının mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq hüququ vardır. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan SSR Bakı şəhəri XDS İK tərəfindən verilmiş 207916 saylı xx.xx.1984cü il tarixli saylı orderə əsasən, mənzilə hüququ olan şəxslər tərəfindən müvafiq razılıq ərizələrinin verilməsi şərti ilə, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20 mənzil 56 üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar