Məhkəmə qərarları › İş №e-2-1(112)-395/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-395/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-395/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı X3 üçüncü şəxs qismində cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X2 doğum haqqında şəhadətnaməsində atanın milliyyətinin “rus”dan “ukraynalı”ya dəyişiklik edilməsi barədə doğum haqqında akt qeydində müvafiq qeydin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan dəqiqləşmə verərək cavabdehin əvəz edilməsini xahiş etmiş, məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla cavabdeh Xəzər rayon Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ata milliyyətinin “rus”-dan “ukraynalı”-ya dəyişdirilməsi barədə müraciətindən cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, Ukraynada anadan olmuş, anası ukraynalı olmaqla özünü ukraynalı hesab edir. Onun Azərbaycan dilində yazı və oxu bacarıqları məhdud olmuş, inzibati icraat aparılarkən tərcüməçi ilə təmin edilməmiş və bu səbəbdən yanlışlıqla “rus” olaraq göstərilmişdir. Halbuki, onun milliyyəti ukraynalıdır. Hesab edir ki, rus silahlı qüvvələrinin onun doğma şəhərini dağıtması, insanları öldürməsi səbəbindən milliyyətinin rus olaraq göstərilməsi qəbuledilməzdir və dəyişdirilməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il taixli qərardadi ilə cavabdehin Xətai rayon Qeydiyyat şöbəsi olması müəyyən edilmişdir. Yekun məhkəmə aktında cavabdeh Xətai rayon Qeydiyyat şöbəsi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2- 1(112)-2284/2023 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2507/2023 xx.xx.2023-cü il qərardadı ilə, apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)-2284/2023 saylı qərarı ləğv edilmiş, inzibati iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla X3 üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat zamanı iddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2020-ci il tarixdə doğulmuş X2 doğum haqqında akt qeydinin “ata” qrafasında atanın milliyyətinin “rus”dan “ukraynalı”ya dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı övladı Y.Belousovun doğum akt qeydində atanın milliyyəti hissəsində dəyişiklik edilərək milliyyətin ukraynalı göstərilməsini tələb edir. İddia onunla əsaslandırılır ki, inzibati icraat aparılarkən tərcüməçi ilə təmin edilməmiş, yanlışlıqla milliyyəti rus kimi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir;

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin doğum akt qeydində dəyişikliklərin, eləcə də milliyyət qrafasında dəyişikliklərin edilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir ki, iddianın mahiyyəti akt qeydində atanın milliyyəti ilə bağlı səhv məlumatın göstərilməsinə istinad edir. Həmin məlumatın səhv göstərilməsinin əsası qismində isə dili bilməməsi və bu səbəbdən məlumatın səhv qeyd edilməsi göstərilir. Cavabdeh isə iş materiallarında surəti də olan ərizəyə istinad edərək qeyd edir ki, iddiaçı məhz özü qeydiyyat şöbəsinə müraciət etmiş və milliyyətinin rus yazılması barədə iradə ifadəsini nümayiş etdirmişdir. Doğrudur “İnzibati icraat haqqında Qanunun 27.2-ci maddəsinə görə inzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir. Lakin iş materiallarında iddiaçının dili bilməməsi və bununla bağlı inzibati orqana müraciət etməsi halı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan təkcə ad, soyad və ata adına münasibətdə şəxsin dili bilibbilməməsini müəyyən etmək məcburiyyətində olmayıb, həmin şəxsin yalnız dili bilmədiyi halda tərcüməçi təminini həyata keçirmək kimi öhdəliyə malikdir. Bununla bağlı isə iddiaçının inzibati icraatın aparıldığı dili bilməməsi, həmin dili bilməməsi ilə bağlı inzibati icraat aparılan zaman hər hansı halın aşkar edildiyi müəyyən edilmir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərcümə xidməti ilə təmin edilməsə belə 29 aprel 2020-ci il tarixli ərizəsinin onun iradə ifadəsini reallıqda nümayiş etdirmədiyi mövqeyi ilə də razı olmamaqla məhkəmə iddiaçının iddianı müdafiəsi üçün qeyri-dəqiq məlumat verməsi qənaətindədir. Belə ki, iddiaçı övladına doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdiyini bilirdi və etdiyi müraciətdə də “rus” ifadəsinin işlədilməsinin nə ilə bağlı olması barədə məlumatının olmaması inandırıcı hesab edilmir. Hazırkı iddia üzrə sonradan bu məlumatın dəyişdirilməsinin tələbi də məlumatın əvvəlcədən bilindiyinin təsdiqi kimi qiymətləndirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati icraata münasibətdə formal xarakterli hər məsələnin sübutunu təqdim etməyə, inzibati icraat zamanı şifahi formada həyata keçirilməsi mümkün olan hərəkət və hərəkətsizliyi aktlaşdırmağa, iddiaçının tərcüməçi ilə bağlı müraciət edib-etməməsi barədə halları protokollaşdırmağa borclu deyil. Bu səbəbdən də bunu təsdiq edən sənədlərin təqdim edilə bilməməsi işin faktiki halları da nəzərə alınmaqla vəziyyəti iddiaçının xeyrinə dəyişməməli, iddiaçının iradə ifadəsinin təsdiq edildiyi ərizənin həqiqiliyini istisna etməməlidir. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar