Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3958/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "Viktoriya-F" firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "Viktoriya-F" firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə "Viktoriya-F" firmasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi yazılı formada ərizə ilə müraciət edilmişdir. Ərizədə qeyd edilmişdir ki,“Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 oktyabr 1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə "Viktoriya-F" firmasına Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Mövcud sərəncamda göstərilən bütün şərtlərə tam olaraq əməl edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli onlara ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamına Sabunçu qəsəbəsi E.Mehdiyev (keçmiş Proletar) küçəsində nəzərdə tutulan iş mərkəzinin eskiz layihəsinə baxıb onu razılaşdırır”, həmçinin Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Normalaşdırmaya və tikintilərə nəzarət şöbəsinin xx.xx.1998ci il rəyində göstərilmişdir ki, "Viktoriya-F" firmasının rəhbərliyinə tikintini başlamazdan əvvəl idarəyə məlumat verilməsi tapşırılmışdır. Habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş “Sənaye müəssisələri, kommunal, hidrotexniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən xx.xx.1998-ci il tarixli rəyə əsasən qeyd olunan torpaq sahəsi sanitar-gigiyenik nöqteyi-nəzərdən iş mərkəzinin tikintisi üçün yararlı hesab edilmişdir. Bundan əlavə, X1 Su Cəmiyyətinin xx.xx.1998-ci il tarixli sənədinə əsasən "Viktoriya-F" firması üçün Sabunçu rayonu Elşən Mehdiyev küçəsində tikiləcək iş mərkəzinin su təchizatının həyata keçirilməsi üçün nəzərdə tutulan bütün şərtlər razılaşdırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli "Viktoriya-F" firmasına ünvanlanmış məktubunda qeyd edilir ki, “Sizin "Viktoriya-F" firmasına ayrılan 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsinə münasibət bildirilməsi barədə məktuba Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) müvafiq qaydada baxılmışdır. Müəyyən edilmişdir ki, UTMWGS84 koordinat sistemində - X-410360.7685, 410405.2743, 410407.9346, 410363.4288, Y-4476882.0543, 4476875.4035, 4476893.2059, 4476899.8566 koordinatlarında olan 810 kv.m torpaq sahəsinin daxilində SOCAR-a məxsus qaz-boru kəməri keçmir. Eləcə də, "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli ona ünvanlanmış məktubunda göstərilmişdir ki, “Sizin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətlə əlaqədar yerində baxış keçirilmişdir. Bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin 1019 saylı, 23 oktyabr 1998-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində "Viktoriya-F" firmasının iş mərkəzi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil”. "Viktoriya-F" firmasına ayrılmış Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və ona daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etsə də cavabdeh onun ərizəsinə biganə yanaşaraq cavablandırmamışdır. Bu hal iddiaçının hüquqlarını pozur, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneələr yaradır. Başqa cür yolla, yəni məhkəmədənkənar qaydada qanunla nəzərdə tutulmuş formada "Viktoriya-F" firmasına ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın alınması qeyrimümkündür.
3. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubunda qeyd edilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə İddiaçı firmasına torpaq sahəsi ayrılan zaman həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yer quruluşu sənədlərinə uyğun yerdə (naturada) sahənin hüdudlarının müəyyən edilməsini təsdiq edən sənəd və torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktı təqdim edilmiş sənədlər toplusuna əlavə olunmamışdır. Buradan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bır hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün qeyd edək ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin daxilindən qaz xəttinin keçdiyi aşkar edilmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəmüvafiqdir.”
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi müəyyən olunmur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisindən dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Məlumat üçün qeyd edək ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin daxilindən qaz xəttinin keçdiyi aşkar edilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 3-52/2-6849/2023 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir.
6. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli 10589 nömrəli inşaat pasportuna əsasən İddiaçı firmasına Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmışdır.
7. Dövlət Neft Şirkətinin (Socar) İddiaçı firmasına ünvanladığı xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00749 nömrəli məktubundan görünür ki, müraciətdə göstərilmiş UTM WGS 84 koordinat sistemində - X -410360.7685, 410405.2743, 410407.9346, 410363.4288, Y -4476882.0543, 4476875.4035, 4476893.2059, 4476899.8566 kordinatlarda olan 810 kv.m torpaq sahəsinin daxilindən SOCAR-a məxsus qaz boru kəmərləri keçmir.
8. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 02-16-N-29/589 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1019 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində "Viktoriya-F" firmasının iş mərkəzi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyildir.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
24. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.
25. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamı ilə) 0,08 ha torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində yerləşən 0,08 hadan ibarət torpaq sahəsinin cizgisi və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixli 10589 nömrəli inşaat pasportuna tərtib edilmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
26. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlil odur ki, yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi müəyyən olunmur.
27. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
28. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, eyni zamanda torpaq sahəsinin daxilindən qaz xəttinin keçməsi ilə bağlı cavabdehin dəlilləri iş materiallarında olan Dövlət Neft Şirkətinin (Socar) və "xxxx" ASC-nin məktubları ilə təkzib edilir.
29. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsinə iddiaçı "Viktoriya-F" firmasının mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva