Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3959/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 5 2 mərtəbəli yaşayış binasını və həmin yaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evini 04 aprel 2001-ci il tarixində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X1 almış, daha sonra Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona ÖM seriyalı, 075892 nömrəli “Qeydiyyat Vəsiqəsi” təqdim edilmişdir. Həmin Qeydiyyat vəsiqəsi ilə ünvan 5 3 otaqlı, 52,3 kv.m sahədən ibarət ev İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmiş eləcədə 397 saylı reyestr kitabında 57210 səhifədə 30/10714 saylı xx.xx.2001-ci il tarixli qeydiyyat aparılmışdır. Daha sonra iddiaçı 2006-cı ildə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 5 3 otaqlı, 52,3 kv.m sahədən ibarət evin sökülməsinə və yenidən təqdim etdiyi layihəyə uyğun tikilməsinə sərəncam verilməsini xahiş etmiş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 05 saylı, xx.xx.2006-cı il tarixli Sərancamı ilə sözügedən fərdi yaşayış evinin sökülüb, təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmiş, yaşayış evinin tikintisi başa çatdıqdan sonra, evin texniki pasportunda dəyişiklik edilməsi Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Eyni zamanda iddiaçı tərəfindən vaxtlı-vaxtında ünvan 3 ünvanında yerləşən yaşayış binasının yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisi,əmlakına görə əmlak vergisi tam olaraq ödənilmişdir. Hazırda iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai Rayonu, 2-ci Dairəvi küçəsi,ev 6 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının və həmin binanın yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, müraciətin xx.xx.2023-cü il tarixində cavabdeh təşkilatın icraatına qəbul edilməsinə baxmayaraq bu günədək hər hansı bir məlumat verilməmiş, müraciətdən imtina edilib-edilməməsi barədə məktub göndərilməmişdir. Belə olan halda tərəflərindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 075892 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 5 ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququnun Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 50 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında yenidən inşa olunmuş tikiliyə yenidən xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının vəkili X3 iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********07 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən əmlak mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin sökülmüşdür. Təqdim edilmiş layihənin baş planı əlavə edilməmişdir. Habelə, yeni inşa edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin ümumi sahə 270.2 kv.m, istifadədə olan torpaq sahəsi isə 450 kv.m təşkil edir.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 075892 nömrəli qeydiyyat vəsiqəsinə əssən ünvan 5 evin 52.3 yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 397 reyestr nömrəsi, 10/10714 qeydə alma, xx.xx.2001-ci il qeydiyyat tarixi ilə qeydə alınmışdır.
9. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 50 nömrəli xx.xx.2006-cı il tarixli “köhnə evi sökərək, yeni yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən İddiaçı məxsus H.Aslanov qəsəbəsi, 2-ci Dairəvi küçəsində yerləşən 6 saylı evin sökülüb, təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmişdir.
10. Bakı şəhəri Xətai Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və Partnyorları” vəkil bürosunun direktoruna ünvanlanmış 02/166 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisi, əmlakına görə əmlak vergisi, 2017-ci il tarixindən etibarən İddiaçı adından Xətai rayon Bələdiyyəsinə ödənilmişdir. Bələdiyyənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verildiyindən İddiaçı bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılıb-ayrılmaması məsələsinə aydınlıq gətirilməsi mümkün olmamışdır.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və Partnyorları” vəkil bürosunun direktoruna ünvanlanmış 3-48-2F/2-06300/2023 nömrəli məktubla İddiaçı barəsində Dövlət Arxivinin Bakı Filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 50 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə1347-8/2023 **********83 nömrəli məktubla bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər, həmçinin sökülmüş mənzil üzərində hüquqların ləğv edilməsinə dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi və fərdi yaşayış evinin layihəsinin baş planı tərəflərindən təqdim edilməmişdir.
13. İş materiallarına Bakı şəhəri, Xətai rayonu, 2-ci Dairəvi, 6 ünvanında yerləşən 2 mərtbəli yaşayış binasının "xxxx" MMC tərəfindən 2006-cı ildə tərtib edilmiş eskiz layihəsi əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 4 . Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... M a d d ə 1 8 . Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Beləliklə inzibati işin araşdırması zamanı müəyyən olunmuş mübahisəli hallarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 075892 nömrəli qeydiyyat vəsiqəsinə əssən ünvan 5 evin 52.3 yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 397 reyestr nömrəsi, 10/10714 qeydə alma, xx.xx.2001-ci il qeydiyyat tarixi ilə qeydə alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 50 nömrəli xx.xx.2006-cı il tarixli “köhnə evi sökərək, yeni yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən İddiaçı məxsus H.Aslanov qəsəbəsi, 2-ci Dairəvi küçəsində yerləşən 6 saylı evin sökülüb, təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmişdir. Həmin ildə də, "xxxx" MMC tərəfindən 2006-cı ildə tərtib edilmiş eskiz layihəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət edərək yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin, məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə ərizənin və fərdi yaşayış evinin baş planının təqdim edilməməsinə istinad etmişdir.
24. Halbuki, mübahisə predmeti olan daşınmaz əmlak 2013-cü il yanvarın 1-dək inşa olunmuş mənzil olmuş və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının “köhnə evi sökərək, yeni yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən İddiaçı tərəfindən həmin sahədə fərdi yaşayış evi inşa edilməsinə icazə verildiyindən, sonuncu tərəfindən İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evi inşa edilmişdir.
25. Məhv edilmiş əmlakın dövlət qeydiyyatının ləğv ilə bağlı ərizə ilə müraciət edilməməsi isə hazırki halda formal əsas olmaqla iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 075892 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş ünvan 5 ünvanda yerləşən mənzilin sökülərək yerində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 50 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında yenidən inşa olunmuş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva