Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3963/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 gün (xx.xx.2011xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2015-ci il, xx.xx.2015xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2021-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın müraciət tarixindən əvvəlki üç il də daxil olmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildə X1 tikintisinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə Sovet ordusuna həqiqi hərbi xidmətə çağrıldığı üçün işdən azad edilmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda sıravi əsgər olmuşdur. xx.xx.1986-cı ildə Krasnodar şəhəri Tikinti-Quraşdırma İdarəsinin 8 nömrəli trestində usta kimi siyahıya alınmış, xx.xx.1989-cu ildə prarab vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991ci ildə konstruktor qrupunun rəhbəri təyin olunmuş, xx.xx.1992-ci ildə Fərhad kiçik müəssisəsinə köçürülmüş, xx.xx.1992-ci ildə Fərhad kiçik müəssisəsinə böyük prarab olaraq təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə böyük iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2011-ci ildə Azərtunel MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə Kooplayihə AHB-yə iş icraçısı təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Orbit AMƏ MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə Dostluq-V MMC-də texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə iş icraçısı vəzifəsinə dəyişdirilmiş, xx.xx.2019-cu ildə vəzifədən azad edilmişdir. xx.xx.2020-ci ildə TVM-İnşaat MMC-də iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə SVKA- Construction MMC-də tikinti mühəndisi vəzifəsində işə qəbul edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə AZ MON-1 MMC-də iş icraçısı vəzifəsinə təyin edilmiş. xx.xx.2021-ci ildə işdən azad edilmişdir. xx.xx.2021-ci ildə ESCO GROUP MMC-də inşaat mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci ildə isə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə MİS-2020 Construction MMC-də işə qəbul olunmuş, xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci ildə Prestige Construction MMC-də iş icraçısı vəzifəsinə qəbul olmuş, xx.xx.2022-ci ildə Dostluq-V MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə VR Premium MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmişdir. İş stajlarından da göründüyü kimi onun ümumilikdə 36 ilə yaxın əmək stajı var. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı işlədiyi dövrlər ərzində 2012-ci ilin yanvar və iyun, 2015-ci ilin fevral ayında məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə sosial sığorta stajına yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilən iş və ya digər fəaliyyət dövrləri daxil edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan onun müraciətini təmin etməmiş, buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ЛВ seriyalı 019679 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun surətindən görünür ki, o, 1979-cu ildə Azərbaycan mühəndis inşaat institutuna daxil olmuş və 1984-cü ildə sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə İddiaçı inşaatmühəndisi ixtisası verilmişdir. НД seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus АТ-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 13 avqust 1984-cü il tarixdən 16 oktyabr 1984cü il tarixədək Krasnodar şəhəri Tikinti-Quraşdırma İdarəsinin 8 nömrəli trestində usta vəzifəsində işləmiş, 1984-1986-cı il tarixlərdə Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1986-cı il tarixdə Krasnodar şəhəri Tikinti-Quraşdırma İdarəsinin 8 nömrəli trestində usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə “Koopproyekt” kooperativinə konstruktor qrupunun rəhbəri, xx.xx.1992xx.xx.1992-ci il tarixlərdə “Fərhad” KM-də böyük iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1992-xx.xx.2011-ci il tarixlərdə böyük iş icraçısı, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərdə "xxxx" MMC-nin Bayıl qəsəbəsində mikrotunelin tikintisi obyektinə iş icraçısı, xx.xx.2011xx.xx.2015-ci il tarixlərdə “Kooplayihə AHB” firmasında hündürmərtəbəli binaların tikintisinə iş icraçısı, xx.xx.2015 – xx.xx.2017-ci il tarixlərdə "xxxx" MMC-yə iş icraçısı, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMC-də texniki təhlükəsizlik üzrə mühəndis, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə həmin MMC-də iş icraçısı, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı vəzifəsində, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-yə tikinti mühəndisi vəzifəsində, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də inşaat mühəndisi, xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC-də iş icraçısı vəzifəsində çalışmışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət, təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, İddiaçı xx.xx.2006-cı il tarixə 25 il 10 ay 23 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan “Koopproyekt” kooperativi üzrə 12-92 nömrəli, xx.xx.1992-ci il tarixli əmrin surətinə əsasən İddiaçı “Koopproyekt” kooperativinin inşaat bölməsinə böyük iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. “Kooplayihə-AHB” firması üzrə 8-11 nömrəli, xx.xx.2011-ci il tarixli əmrin surətinə əsasən İddiaçı “Kooplayihə-AHB” firmasının inşaat bölməsindən öz xahişinə əsasən işdən azad edilmişdir. “Kooplayihə-AHB” firması tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05-23 nömrəli arayışdan görünür ki, “Kooplayihə-AHB” firması “Koopproyekt” kooperativinin hüquqi davamçısıdır və rəhbərliyi də indiyə kimi dəyişməmiş qalır. İnşaatda “kiçik iş icraçısı”; “böyük iş icraçısı” və “iş icraçısı” ümumi olaraq “iş icraçısı” kateqoriyası kimi gedir. Bu baxımdan sorğuda qoyulan suallara cavab aşağıdakı kimidir:
1. İddiaçı 2 dekabr 1992-ci ildən 20 avqust 2011-ci ilə kimi “Koopproyekt”in İnşaat bölməsində iş icraçısı fəaliyyətini həyata keçirmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı (kod 2290000b—24441, bölmə XXVİİ) və xx.xx.2007-ci il tarixli 12 nömrəli (bölmə 29, bənd b) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə” qərarlarına uyğun gəlir;
2. İddiaçı bilavasitə iş günü ərzində zərərli iş şəraitində təqdim olunmuş işci layihəyə əsasən tikinti işlərini icra etmişdir;
3. Tikintinin zərərliliyini nəzərə alaraq 5 günlük (8 saatlıq) iş rejimində işləmişlər. İlin sonunda məzuniyyətinə əlavə günlər verilmiş. Əlavə iş olduqda (çox nadir hallarda) həmin günlər üçün ikiqat hesablanmalar aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən: - 22900000- XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: - 2290000b- b) rəhbərlər və mütəxəssislər; -2290000b—24441- iş icraçıları güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. İşdən görünür ki, iddiaçı “Koopproyekt” kooperativi, daha sonra isə “Kooplayihə-AHB” firmasında iş icraçısı işləmiş, həmin vəzifə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulmuş, bu vəzifələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr olması işəgötürənin arayışı ilə təsdiq edilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq, 13 il 29 gün güzəştli iş stajı mövcud olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan ikinci şərti də ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasını mübahisələndirməmiş, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az, yəni 8 il 7 gün olmasını bildirmiş, bu zaman iddiaçının 1992-2006-cı illərdə işlədiyi dövrə münasibət bildirməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunvericiliyin istinad olunan tələblərini nəzərə alan məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya ƏPQ-nin 9.1-ci maddəsini deyil, 9.8-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmiş, onun xx.xx.2006-cı il tarixədək mövcud olan güzəştli iş stajını araşdırmamış, bununla bağlı hər hansı sənəd tələb etmədən formal əsaslarla iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə, işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan onun 57 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə müraciəti xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova