Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3963/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qan azlığı (talassemiya) xəstəliyi səbəbindən uşaqlıqdan müalicələr almışdır. Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2018-ci il tarixində iddiaçının xəstəliyi qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin cavabdeh heç bir inzibati akt qəbul etmədən, iddiaçıya hər hansı bir məlumat təqdim etmədən xx.xx.2019-cu il tarixindən etibarən əlilliyin qiymətləndirilməsi etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyası dayandırılmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlərindən sonra xx.xx.2024-cü il tarixində yazılı ərizə ilə (xx.xx.2024-də çatmışdır) müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunmasını xahiş edilmişdir. Lakin, orqan tərəfindən ərizəyə baxılmış və qaldırılan məsələ müsbət həll edilməmişdir. Cavabdeh iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Cavabdehin qanunla iddiaçının hüquqi vəziyyətini dəyişdirəcəyi qənaətinə gəldiyi təqdirdə bu barədə inzibati akt qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə DİN Tİnin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55–D59 - Hemolitik anemiyalar => D56 - Talassemiya => D56.1 - Beta...; Diaqnozun mətni: Betatalassemiya, Subklinik əlamətlərlə gedən Talassemiya-minor,davamlı anemiya ilə müşayət olunan,tez-tez baş verən hemolitik krizlərlə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ lll dərəcə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatışmamazlığı lll dərəcə; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor (D56.1);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, göndərişi rəsmiləşdirmiş orqan məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, bir sıra şəxslərin orqana aidiyyatının olmaması, tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyi xx.xx.2019-cu ildə ləğv edildikdən sonra həmin tarixdə verilən qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, xx.xx.2024-cü ildə qərardan məhkəməyə şikayət etmişdir. İddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddia mümkünsüz hesab edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2018-ci ildən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Daxili İşlər Nazirliyini ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və şübhə doğuran bəzi əlillik təyinatları üzrə əlillik vəziyytinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar iddiaçıya əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. Daha sonr isə əlilliyin qiymətləndirilməsi üçün Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 378 nəfər barəsində göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlillik alt sistemindən çıxarışlardan görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2018-ci ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və həmin vaxt qoyulmuş diaqnoz “Beta-talassemiya, Subklinik əlamətlərlə gedən Talassemiya minor, davamlı anemiya ilə ilə müşayiət olunan, tez-tez baş verən hemolitik krizlərlə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, QDÇ İİ dərəcə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatışmazlığı İİİ dərəcə” olmuşdur. xx.xx.2019-cu il tarixdə əlilliyin qiymətləndirmə nəticəsi ləğv edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçıya ilk dəfə 2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra 2019-cu ildə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmiş və cavabdeh tərəfindən “Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (21.1.). Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (21.2.). İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda (21.3.). İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1.). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1.). İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir (58.1.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Qanunun yuxarıda qeyd edilən müddəalarının məzmunundan görünür ki, şəxsin hüquq və azadlıqları ilə bağlı hər hansı məsələni həll edərkən inzibati orqan tərəfindən inzibati icraat aparılmalı və müvafiq inzibati akt qəbul edilməlidir. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt yalnız müvafiq inzibati icraat aparılmaqla yeni inzibati aktın qəbulu ilə ləğv edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 2018-ci ildə cavabdeh tərəfindən təyin edilmiş əlillik dərəcəsi cavabdeh tərəfindən hər hansı inzibati icraat aparılmadan, yalnız digər inzibati orqanın məktubu əsas götürülməklə 2019-cu ildə ləğv edilmişdir. İddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilərkən hər hansı icraat aparılmamış, iddiaçı inzibati orqan tərəfindən dinlənilməmiş, onun sağlamlıq durumunun əlillik təyinatına əsas verib-verməməsinin aydınlaşdırılması üçün əyani müayinədən keçirilməmiş və bunlara rəğmən onun əlillik dərəcəsi ləğv edilmişdir. İddiaçının əlillik dərəcəsi ləğv edilərkən hər hansı inzibati akt qəbul edilməmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçını əlverişsiz vəziyyətə salan faktiki xarakterli fəaliyyət həyata keçirilmişdir. Bu isə iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin bərpası üçün əsasdır. İddiaçı ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edildiyi xx.xx.2019-cu il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmal Məktubunun 26-cı bəndində göstərilir ki, “Həmçinin o da vurğulanmalıdır ki, əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki statusa bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmaqla, müalicə müddəti şərtinin ödənilməsi yoxlanılmalıdır”. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsi 2019-cu ildə ləğv edilsə də, o bunu məhkəmədə mübahisələndirməmişdir. Yenə cavabdehin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi cavabdeh tərəfindən qiymətləndirilməmişdir. Yəni, nə qədər ki, iddiaçının əlillik təyinatı ilə bağlı cavabdeh tərəfindən inzibati akt qəbul edilməmişdir o, təyin edilmiş əlilliyin ləğvi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirmək hüququnu özündə saxlamışdır. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1.). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2.). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (64.3.). Qeyd edilməlidir ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. Bu səbəbdən hazırkı iddiaya inizbati aktın ləğv edilməsi (mübahisələndirmə) haqqında iddia kimi deyil məcburetmə iddiası kimi yanaşılmalıdır. Bu səbəbdən məhkəmə iddianın mümkünsüz sayılması ilə bağlı cavabdehin vəsatətini əsassız hesab etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlillik dərəcəsini ləğv edərkən inzibati akt qəbul etməsə də, faktiki xarakterli hərəkət həyata keçrmişdir. Lakin, cavabdeh bu hərəkəti mübahisələndirməmişdir. İddiaçı həmin hərəkəti mübahisələndirmək hüququnu özündə saxlamış olsa da, inzibati orqanın əlilliyin dayandırılması ilə bağlı hərəkətlərinin mübahisələndirilmədiyi ötən dövr ərzində həmin hərəkətlərin qanuniliyi şübhə altına alınmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü ildə əlilliyin bərpası ilə bağlı cavabdehə müraciət edənə qədər əlillik statusu ilə bağlı təminatlara olan hüququnu itirmişdir. Yəni, iddiaçının əlillik dərəcəsinin dayandırıldığı dövrdən həmin dövrə qədər müddətdə iddiaçının əlilliklə bağlı statusundan və imtiyazlardan istifadə etmək hüququ mövcud deyildir. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən ləğv edilmiş əlillik dərəcəsinin onun cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən ləğv edilmiş əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3963/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3963/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver