Məhkəmə qərarları › İş №e-2-1(112)-3973/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3973/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3973/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı qızının, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X18 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər xx.xx.1955-ci il təvəllüdlü X8, xx.xx.1960-cı il təvəllüdlü X3, xx.xx.1982-ci il təvəllüdlü X9, onun azyaşlı övladları - xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan ünvan 1 -dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir, üçüncü şəxslər isə həmin evdə qeydiyyatdadırlar, lakin onlar onun ailə üzvləri deyillər, onun evində faktiki yaşamırlar, evlə bağlı əmlak hüquqları mövcud deyildir. Üçüncü şəxslərin, eyni zamanda üçüncü şəxs X9 övladları olan azyaşlılar xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 onun evində qeydiyyatda olmaları onun yaşayış evi üzəri mülkiyyət hüquqlarını pozur. Belə ki, o mülkiyyətində olan evə dair öz mülahizəsinə uyğun sərəncam verə bilmir. O həmin şəxslərin hansı əsaslarla evə qeydiyyata düşmələrini bilmir, o buna razılıq verməmişdir. Yaşayış evi xx.xx.2001-ci ildə keçmiş əri X6 tərəfindən alqı-satqı müqaviləsi əsasında satın alınmışdır və həmin vaxt evdə heç kim qeydiyyatda olmamışdır. Bu barədə arayış təqdim edilmişdir, həmin arayışın kserosurətini əlavə edir, əsli alqı-satqı işindədir. Ev keçmiş əri X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, həmin ev sonradan onun və keçmiş ərinin adına 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydə alınmışdır. xx.xx.2011-ci ildə keçmiş əri X7 öz payını ona bağışlamışdır və ev onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə 03137 nömrəli çıxarış verilmişdir. Evin ərinin və onun mülkiyyətində olduğu bütün müddət ərzində onlar tərəfindən üçüncü şəxslərin evə qeydiyyata alınmalarına razılıq verilməmişdir. Həmin şəxslər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında qeydiyyata alınmışlar, belə ki, qeyd edilən qətnamə ilə X8 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi, İ.Misayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüquqları tanınmış və qeydiyyata alınmaları barədə qətnamə qəbul edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)- 1203/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd edilən qətnamə hal-hazırda qanuni qüvvəyə minmişdir və aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Yəni üçüncü şəxslərin iddiaçının evinə qeydiyyata alınmaları üçün əsas olmuş hal və sənəd hal-hazırda aradan qalxmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X18, X10, X19, X15 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı qızının mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1955-ci il təvəllüdlü X18, xx.xx.1982-ci il təvəllüdlü X19, xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.1960-cı il təvəllüdlü X12, xx.xx.1997-ci il təvəllüdlü X16 və xx.xx.1992-ci il təvəllüdlü X17 qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 saylı xx.xx.2006cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X18 məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmaları barədə məhkəmə qaydasında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə İddia təmin edilmiş, iddiaçı X8 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayış sahəsinə istifadə hüququ tanınmış və onların qeydiyyata alınması qət edilmişdir. Qətnamədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, şahid qismində dindirilmiş X2, X26 və X13 da məhkəmə iclasında təsdiq etdilər ki, həqiqətən iddiaçı X18 2002-ci ildən etibarən ailə üzvləri ilə birlikdə Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayır. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyindən 19 may 2006-cı il tarixdə verilmiş 2439 saylı arayışdan da görünür ki, X18 ailə üzvləri ilə birlikdə 2002-ci ildən etibarən hal-hazırda Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-3770/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X10 xx.xx.2006-cı ildən, xx.xx.1982-ci il təvəllüdlü X19 xx.xx.2006-cı ildən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3960/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə X8 cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı hazırda bu qətnaməyə istinad edərək, üçüncü şəxslərin onun mülkiyyətində olan yaşayış sahəsinə qeydiyyata alınmasına əsas olan qətnamənin ləğv edilməsini göstərərək, üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını xahiş edir. Məhkəmə qeyd edir ki, nə qədər ki, üçüncü şəxslər mübahisəli ünvana Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinin icrası çərçivəsində qeydiyyata alınmış, həmin qətnamə isə ləğv olunmuşdur, deməli, onların mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün həmin iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsinin icrası çərçivəsində həyata keçirilmiş bütün tədbirlər ləğv olunmalı, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməlidir. Belə ki, «icrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin icrasının dayandırılması və ya icra edilmiş qətnamənin ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin mübahisə ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) icrada dönüşlə bağlı məsəsləni tənzimləyən 236-1-ci madəsinə əsasən: - 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. - 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. - 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Maddənin məzmunundan aydın olduğu kimi qətnamə, yaxud qərardad icra edildikdən sonra ləğv olunarsa, sonuncu qətnaməni qəbul edən hakim onun icrasının dönüşünü təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş hərəkətləri etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.3-cü bəndinə əsasən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə məhkəmə bunun üçün zərurət yaranırsa, qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsidir. Lakin iddiaçı müvafiq ərizə ilə qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək əvəzinə, ilkin olaraq cavabdeh orqana, daha sonra isə müstəqil iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Gösərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağının ləğv olunmuş qətnamənin icrasında geri dönüş edilməsinə yönəldiyi, bununla bağlı prosessual tələbin həmin qərarı qəbul etmiş məhkəməyə müraciət etməkdən ibarət olduğu müəyyən edildiyindən, yəni mümkünlük şərtləri hazırkı işdə ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar