Məhkəmə qərarları › İş №e-2-1(112)-3989/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3989/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3989/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə4 (Bakı şəhərində qeydiyyatdadır, iddiaçının kreditlərin bərpası departamentinin əməkdaşı) və Nümayəndə3 (Bakı şəhərində qeydiyyatdadır, baş hüquqşünas),cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyyatdadır, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı işləyir),üçüncü şəxs X5 (Bakı şəhərində qeydiyyatdadır) və onun nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, vəkil) iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X9 və X12 cəlb edilməklə “bağ sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı (Nikoyl İKB) ASC-də ipoteka ilə yüklü edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 84 ay müddətinə 100 000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-96/2021 saylı qətnaməsinə əsasən borclu X2 90287,67 manat əsas borcu, 64174,28 manat faiz borcunun və 17706,04 manat cərimənin, cəmi 213277,31 manat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinə/torpaq sahəsinə yönəldilməsi, həmin bağ sahəsinin/torpaq sahəsinin hərracdan satılması, həmin əmlakın satışından əldə edilən pul vəsaiti hesabına X5 Banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa X6 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X10 və maraqlı şəxs X12 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında İddiaçı ASC-nin X6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş iddiaçı X7 cavabdehlər X11, X8 və X6 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə və İddiaçı ASC-yə) qarşı torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş eyni icraatda birləşdirilmişdir. Həmin iş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına müraciət ünvanlanmış, lakin müraciət təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya etiraz təqdim etməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə4 və Nümayəndə3 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi K.İsrayıllı iddia tələbinə etiraz edərək iddianı qəbul etmədiyini göstərdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs İ.Həsənov və üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etdiklərini bildirdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İş materiallarında olan:

xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə və ipoteka müqaviləsinə əsasən X10 "xxxx" Bankdan kredit götürmüş və həmin kreditin qaytarılmasının təminatı kimi daşınmaz əmlakını - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20M saylı bağı bank qarşısında ipoteka ilə yüklü etmişdir; İddiaçının Əmlak Xidmətləri Məkanına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışla X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən İbarət 20M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsini və bu barədə iddiaçıya məlumat verilməsini xahiş etmişdir; Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29(103)-2669/2002 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-96/2021 saylı qətnaməsi ilə borclu X2 90287,67 manat əsas borcun, 64174,28 manat faiz borcunun və 17706,04 manat cərimənin, cəmi 213277,31 manat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinə/torpaq sahəsinə yönəldilməsi, həmin bağ sahəsinin/torpaq sahəsinin hərracdan satılması, həmin əmlakın satışından əldə edilən pul vəsaiti hesabına X5 Banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa X6 verilməsi qət edilmişdir, həmin qətnamədən cavabdeh X10 və maraqlı şəxs X12 tərəfindən apellyasiya şikayəti verilmişdir.Bakı Apellyasiya Məhkəməsinin icraatında İddiaçı ASC-nin X6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş iddiaçı X7 cavabdehlər X11, X8 və X6 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə və İddiaçı ASC-yə) qarşı torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş ilə eyni icraatda birləşdirilmişdir. Üçüncü şəxs X7 vəkili və nümayəndəsi tərəfindən məhkəməyə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-84/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 2-1(102)-1703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-1991/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 2-1(102)-653/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 2-1(102)-1177/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-1275/16 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)-1774/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtiasadi kollegiyasının 2-1(103)- 139/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)-1074/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü,bağ sahələrnin istifadəyə verilməsi haqqında müqavilələrin kserosurətləri təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

5. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:

- 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.. - 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20 M saylı bağ sahəsi/torpaq sahəsi üçüncü şəxs X3 mülkiyyətində olsa da iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən X3 torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa və torpaq sahəsinə dair X1 əvvəlki mülkiyyətçi olan İslam Kazımovun adına verilmiş torpaq sahəsinin planı vaxtilə tərtib edilmiş olsa da hal-hazırda qanuni qüvvəyə minmiş Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2016 nömrəli qərarı ilə ləğv edilmişdir, hal-hazırda iddiaçıya ipoteka qoyulmuş torpaq sahəsinin planı mövcud deyildir. Halbuki bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi ipotekasaxlayan olan iddiaçının hüquqlarının təmin edilməsi üçün zəruridir. Belə ki, ipotekasaxlayanın ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən digər hüquqları mövcuddur. İpoteka predmeti olan torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi həyata keçirilmədən iddiaçının (ipotekasaxlayanın) qeyd edilən hüquqlarının həyata keçirilməsi mümkün deyildir. “İpoteka haqqında” Azəbaycan Respublikasının Qanunun 26-cı maddəsinə əsasən: 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək;

İddiaçı torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir, halbuki mövcud qanunvericiliyə əsasən qeyd edilən tələbin təmin edilməsi cavabdehin vəzifələrinə aiddir.

Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4.-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra edərək iddiaçının ipotekasında olan torpaq sahəsininn naturada yerini və koordinatlarını müəyyən etməkdən imtina etdiyi üçün qanunsuz hərəkətsizliyə yol vermiş, iddiaçı da pozulmuş hüquqlarının bərpası ilə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır. Belə ki, cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır və həmin mübahisənin məhkəmədənkənar həlli qaydası (cavabdeh öhdəlkiklərini icra etməkdən boyun qaçırdığı təqdirdə) mövcud deyildir, mübahisə yalnız məhkəmə müstəvisində həll oluna bildiyi üçün iddiaçı hüquqlarının qorunması üçün və cavabdehi öz öhdəliklərinin icra etməsinə məcburetmə və təsir göstərmə vasitəsi kimi məhkəmə müdafiəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkəmə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir. Beləliklə, məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effektiv bərpasına təminat verilir. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, iddiaçı bərabərhüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir.

9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı (Nikoyl İKB) ASC-də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20 M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı (Nikoyl İKB) ASC-də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20 M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar