Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-399/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 1/43-1343 nömrəli, 0.10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına keçmiş NQÇİ-nin tabeliyində olan "xxxx" bağçılı-yoldaşlıq təsərrüfatına üzv qəbul edilmişdir. Həmin bağçılıqyoldaşlıq təsərrüfatının nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 1/43 nömrəli torpaq sahəsi ona ayrılmış və buna uyğun olaraq 18 dekabr 2000-ci il tarixdə 338 nömrəli üzvlük kitabçası verilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair onunla Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının nəzdində olan X3 və İstismarı Birliyi arasında 07 mart 2001-ci il tarixli, 29782 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bağlanmış icarə müqaviləsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində 1/43-1343 saylı, 0.10 ha bağ sahəsi icarəsinə verilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsi mübahisəsiz istifadəsindədir. İstifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Ona, xx.xx.2020-ci il tarixli, **********83 nömrəli imtina məktubu verilmiş, məktubda göstərilən bağ sahəsi bağların bölgü sxemi ilə uyğunsuzluq təşkil etdiyini, həmçinin, elektron kadastr məlumatlarına bağ sahəsinin yarı hissəsi "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin əsas gətirdiyi ayrıc aktından kənar olması faktı onun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən irəli gəlmir. Belə ki, ona ayrılmış torpaq sahəsinin ayrıc aktıt daxilində olub-olmaması torpaq ayıran orqanın səlahiyyətləri daxilindədir. Torpaq sahəsini ayrıldığı gündən bu günə kimi ayıran orqan tərəfindən naturada müəyyən edilmiş sərhədlərdə istifadə etmişdir. Cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi üçün əsas gətirdiyi 2-ci səbəbə gəldikdə isə nəzərə çatdırır ki, üzvü olduğu "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı neft-qaz çıxarma idarəsinin nəzdində yaradılmışdır. Yəni, torpaq sahəsi ona ayrılan zaman ərazi Dövlət Neft Şirkətinə məxsus idi. Məlumat üçün bildirir ki, bağçılıq-təsərrüfatı üzvlərinin əksəriyyətinin daşınmaz əmlak üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müraciətinə xx.xx.2020-ci il tarixli, **********83 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış xx.xx.2020-ci il tarixli, **********83 araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin çox hissəsi "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Həmçinin, göstərilən əraziyə X1 müraciəti olmuşdur.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq icraatında olan cinayət işi ilə əlaqədar məhkəmə iclasında iştirak etməli olduğundan işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2020-ci il tarixli, **********83 nömrəli məktubla imtina edilmişdir.
8. “Bağın icarəyə verilməsi haqqında” 29782 nömrəli, 07 mart 2001-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna mağ massivində yerləşən 1/43- 1343 nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının nəzdində olan X3 və İstismarı Birliyi tərəfindən Fərəcova (Məhərrəmova) Səadət Fərəc qızının istifadəsinə ayrılmışdır.
9. Bağ sahəsinə dair iddiaçının adına 388 nömrəli üzvlük kitabçası verilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-37569/2023 **********69 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən "xxxx" bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı və digər sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya bağ sahəsi ayrılması barədə protokoldan çıxarış da, İdarənin arxivində mövcuddur. İddiaçı 1995-ci ildən bağçılıq-yoldaşlığın üzvüdür, əvvəlki üzvlük biletinin nömrəsi – 297, sahənin nömrəsi – 1/43-dür.
11. Cavabdeh tərəfindən 10.072024-cü il tarixli, 3-21-3-30/2-26239/2024 **********39 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən – 1. göstərilən torpaq sahəsi faktiki olaraq 0.1386 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Sahənin üzərində tikili yoxdur. Sözügedən bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazinin bir hissəsi ayrıc aktından kənarda yerləşir. 2. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). Sahədən 37 metr aralı məsafədə ləğv olunmuş quyu məlumatı mövcuddur. Sahəyə digər şəxsin müraciəti var. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olsa da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi olduğundan neft şirkəti tərəfindən torpaqlardan təyinatı üzrə istifadəyə dair müraciətlər olmuşdur.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 21-3-30/2-7019/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasəsn iddia olunan torpaq sahəsinə ən yaxın məsafədə Buzovna qəsəbəsində yerləşən **********441-11301 reyestr nömrəli, 1/30-1330 saylı evi dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar qeyd edilən reyestr nömrəli bağ evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti, eləcə də, ortofoto və koordinat cədvəli məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İşin hallarından göründüyü kimi, iddiaçı “Buzovna bağ massivində yerləşən 1/43-1343 nömrəli bağın istifadəyə verilməsi haqqında” 29782 nömrəli xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış 0.10 ha ölçüdə bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
22. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilməmişdir.
23. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsaslarında elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yarı hissəsinin "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə istinad edilmişdir.
24. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının "xxxx" bağçılıq-yoldaşlığın üzvü olması müəyyən edilmiş, ona bağ sahəsi bağçılıq-yoldaşlığın 02 noyabr 2000-ci il tarixli, 19 saylı protokolu əsasında ayrılmışdır və həmin bağ sahəsinə dair onunla 29782 saylı 07 mart 2001-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır.
25. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsinin əsaslarında bağ sahəsinin yarı hissəsinin "xxxx" bağçılıq-yoldaşlığından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda yerləşən, "xxxx" bağçılıq-yoldaşlığının üzvünə məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
26. O cümlədən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh İdarə tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsinin torpaqlarıdır və H.Z.Tağıyev adına NQÇİ-nin nəzdində olan "xxxx" bağçılıq-yoldaşlığının üzvlərinə ayrılmış torpaq sahələrinin bəzilərindən qaz xətti keçmiş və bağçılıq-yoldaşlıq birliyi tərəfindən qaz idarəsinə müraciət olunaraq qaz xətti keçən sakinlərin həmin qaz xəttin həyətlərindən çıxarılıb yaxındakı pararlel böyük küçə ilə aparılmasına köməklik göstərilməsi də, xahiş edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının adına sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 1/43-1343 nömrəli, torpaq sahəsinin ölçüsü 0.10 ha təşkil edən bağ sahəsi üzərində İddiaçı Fərəz qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva