Məhkəmə qərarları › İş №e-2-1(112)-4007/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4007/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4007/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X2, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 15 saylı evin, 16 saylı mənzilinə ½ hissə üzrə onun payının müəyyən edilərək rəsmiləşdirilməsi və qeydiyyatının aparılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizəyə əlavə edilən Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsi ilə qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli “Öhdəlik müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, 15 saylı evin 16 nömrəli mənzilinin müəyyən edilən 1/2 hissədə payın onun adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəməninin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, 19 saylı notariusda bağlanmış xx.xx.2020-ci il tarixli “Öhdəlik müqaviləsi”nə əsasən həyat yoldaşı (keçmiş) Tatyana Allahverdiyeva mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, 15 saylı evin 16 nömrəli 2 otaqlı mənzilinə 1/2 hissə payın ona verilməsi öhdəliyi götürmüşdür. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli ”Öhdəlik müqaviləsi” bağlandıqdan sonra aralarında olan ailə münasibətləri korlandığından X4 öz iradəsi ilə 6 ay sonra xx.xx.2020-ci il tarixdə aralarındakı nikahın pozulmasına və aliment tələbinə dair Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1099/2021 saylı qətnaməsi ilə Tatyana Allahverdiyevanın tələbi təmin edilmişdir. Öhdəlikdə məhz əmlakın 1/2 hissəsinin onun adına qeydiyyata alınması öz əksini tapsa da, 1 saylı Bakı Ərazi İdarəsi əsassız olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının icrasından imtina etmişdir. Öhdəlik müqaviləsinin doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə mülkiyyətdə olan payın 1/2 hissəsinin ona keçməsi müəyyənləşdirilmişdir. Lakin bu öhdəlik müqaviləsinin qanunla müəyyən edilmiş tələblərlə hansı uyğunsuzluq təşkil etdiyi barədə cavabdeh heç bir əsaslandırma aparmadan imtina etmişdir. Həmin öhdəlik müqaviləsi müvafiq icra hakimiyyəti orqanında təsdiqləndiyi halda cavabdeh göndərdiyi bildirişdə daşınmaz əmlakın 1/2 hissəsinin qeydiyyata alınmasına mane olan hallar barədə heç nə göstərilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya dair yazılı etirazda imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 15 saylı evin, 16 saylı mənzili hazırda X2 xüsusi mülkiyyətindədir. Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tamamilə əsassız olaraq iddia edir ki, guya öhdəlik müqaviləsi üzrə mənzilə olan payın 1/2 hissəsinin onun adına rəsmiləşdirilməsi zərurəti öz təsdiqini onun cavabdeh qismində çıxış etdiyi iş üzrə Yasamal və Bakı Apellyasiya məhkəmələrinin qərarlarına əsasən tapmışdır. İddiaçı həmin qərarların öhdəlik müqaviləsi üzrə mənzildəki payın 1/2 hissəsinin onun adına rəsmiləşdirilməsi üçün əsas yaratdığını bildirsə də, həm birinci instansiya (Yasamal) məhkəməsi, həm də Bakı Apellyasiya məhkəməsi, həm də yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi kasassiya instansiyası məhkəməsi qismində mənzilin ½ hissəsi üzərində onun hüquqlarını tanımamışlar və onun belə bir hüququ olmadığı barədə qərar verilmişdir. Belə ki, Ali Məhkəmənin qənaətinə görə həmin müqavilə iddiaçıya mənzilin ½ hissəsi üzərində heç bir hüquq vermir, buna görə də cavabdehin üzərinə mövcud olmayan hüququn reyestrdə qeydiyyatı öhdəliyi qoyula bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və nümayəndəsi iddia tələbinə etiraz etdilər və tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - xx.xx.2011-ci il tarixli Mənzil bağışlanma müqaviləsinə əsasən X6 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş 11/6520 qeydiyyatlı arayışda göstərilən iki otaq ümumi sahə 61 kv.m. olan Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov prospekti, 518-ci məhəllə, 15 nömrəli binada yerləşən 16 nömrəli mənzili bacısı qızı X3 bağışlamışdır. - xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 61 kv.m olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil tam mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır. - xx.xx.2020-ci il tarixli, 4M-642 reyestr nömrəli öhdəlik müqaviləsinin surətindən görünür ki, birinci tərəf X4 ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsini aralarında olan razılaşmaya əsasən ikinci tərəfə yəni, əri İddiaçı verməyi öhdəsinə götürmüş və bildirmişdir ki, gələcəkdə mənzilə dair alqı-satqı və istənilən formada özgəninkiləşdirilmə olarsa və ya İddiaçı ilə nikahları pozularsa, mənzilin ½ hissəsinə düşən gəliri İddiaçı ödəniləcəkdir. İddiaçı isə X2 öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmamağı öhdəsinə götürmüşdür. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1099/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 15 oktyabr 2002cı il tarixdə Səadət Sarayı Bakı Nikah evində 1500 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulmuşdur. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-862/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər X9 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə 19 saylı Notariat ofisində təsdiqlənərək bağlanmış öhdəlik müqaviləsinin əhəmiyyətsizliyi müəyyən edilməklə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra cavabdeh İddiaçı X1rşı “payın naturada bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 15, 16 saylı mənzilin ½ hissəsinə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadığı halda payın dəyərinin paya uyğun olaraq X4 tərəfindən kompensasiya şəklində ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə həmin mənzilin hərracdan satılaraq satışdan əldə edilən pulun onların paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə ilkin və qarşılıqlı iddia rəddə edilmişdir. İşdən görünür ki, hər iki tərəf bu qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)- 862/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5925/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X2 cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X8 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və İddiaçı X1rşı “payın ayrılması” barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. İddiaçı hazırda xx.xx.2020-ci il tarixli, 4M-642 reyestr nömrəli öhdəlik müqaviləsinin qüvvədə olmasına istinad edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən 16 saylı mənzilə olan mülkiyyət hüququnun ½ hissəsinin onun adına qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 4M-642 reyestr nömrəli öhdəlik müqaviləsinə hüquqi qiymət verilmiş və qeyd edilmişdir ki, “...tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən arvada (iddiiaçının) məxsus daşınmaz əmlakın birgə nikah dövründə əsaslı təmir olunması nəticəsində bağlanmış olan bu müqavilə mahiyyət etibarı ilə ər-arvadın hər birinin əmlakına paylı mülkiyyət rejimi tətbiq edən, həmçinin nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirən nikah müqaviləsidir. ...91. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən İddiaçı ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəliri İddiaçı verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür.

92. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla mənzildən payın ayrılmasını tələb etmək hüququ mövcud deyildir.

93. Belə olan halda, cavabdehə mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ½ hissəsinə düşən gəlir barədə müddəanın Mülki Məcəllənin 404-cü maddəsi baxımından təfsir edilməsi isə müvafiq iddiaya baxan məhkəmənin səlahiyyətinə aid məsələdir.” Göründüyü kimi, Ali Məhkəmə xx.xx.2020-ci il tarixli müqaviləni nikah müqaviləsi kimi qiymətləndirmiş və həmin müqavilədə nəzərdə tutulan nikahın pozulması barədə pozitiv şərt baş verdiyindən İddiaçı mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri üçüncü şəxs Tatyana Allahverdiyevadan tələb etmək hüququnun olmasını təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İstinad olunan işin hallarını və müvafiq normaların tələblərini nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilədə üçüncü şəxs nikah pozularsa, mənzilin ½ hissəsinə düşən gəliri İddiaçı ödəmək öhdəliyi götürdüyündən, tərəflər arasındakı nikah pozulduğundan iddiaçının artıq mübahisəli mənzilin ½ hissəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ aradan qalxmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar