Məhkəmə qərarları › İş №e-2-1(112)-4014/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4014/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4014/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.2022-ci ilədək Heydər Əliyev adına X3 (NEZ) çalışmış, xx.xx.2022-ci ildən halhazıradək "xxxx" MMC-də Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Heydər Əliyev adına X4 (NEZ) mexaniki təmir üzrə 13 nömrəli sahəsində xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək rəis vəzifəsində işləmişdir. O, 28 avqust 2023-cü il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin qurumdan ünvanlanan 19 sentyabr 2023-cü il tarixli cavabda onun işlədiyi SOCAR-ın “Heydər Əliyev adına X6”nun mexaniki təmir üzrə 13 nömrəli sahəsində rəis vəzifəsinin bu bənddə nəzərdə tutulmadığını əsas gətirilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. SOCAR-ın “Heydər Əliyev adına X6”nun iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli, 14-2- 27/2-1606/2023 nömrəli arayışda göstərilir ki, iddiaçı xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun mexaniki təmir üzrə 13 nömrəli sahəsində rəis vəzifəsində ağır əmək şəraitində işləmiş, ona peşə və vəzifələrin Siyahısına uyğun olaraq (iş şəraitinin amilləri: səsin səviyyəsi, ümumi titrəmə və karbohidrogen, benzin buxarı) onun vəzifə (tarif) maaşına 12% artım əmsalı tətbiq edilmişdir. Zavodun mexaniki təmir üzrə 13 nömrəli sahəsində işlədiyi müddət istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsində ağır iş olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 10-cu bölməsi, 10.5.2-ci bəndi, “b” yarımbəndi ilə güzəştli şərtlərlə əmək təqaüdü verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə güzəştli şərtlərlə təqaüd hüququna malik peşədə (vəzifə) işləməklə güzəştli təqaüd hüququ qazanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr bəndində (10.5.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sahə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Cavabehə təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X6”nun iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 14-2-27/2-1606/2023 nömrəli arayışında iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində sözügedən idarənin Mexaniki təmir üzrə 13 nömrəli sahədə rəis vəzifəsində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi sahə yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, digər məhkəmədə prosesi olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan “SOCAR” Heydər Əliyev adına X4 10 avqust 2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən 03 yanvar 1983-cü il tarixindən xx.xx.2022-ci ilədək Heydər Əliyev adına X3 (NEZ) çalışıb. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək NEZ-in Mexaniki təmir üzrə 13 N-li sahəsində rəis işlədiyi dövr ərzində, müəyyən edilmiş əmək şəraiti ağır, eyni zamanda zərərli peşə və vəzifələrin Siyahısına uyğun olaraq (iş şəraitinin amilləri: səsin səviyyəsi, ümumi titrəmə və karbohidrogen, benzin buxarı) onun vəzifə (tarif) maaşına 12% artım əmsalı tətbiq edilmişdir. Məhkəmə sorğusuna əsasən “SOCAR” Heydər Əliyev adına X4 01 fevral 2024-cü il tarixli məktubunda iddiaçının həmin zavodda işlədiyi dövr üzrə güzəştli şərtlərlə pensiya almaq hüququ verən stajı cədvəl şəklində təqdim edilmişdir. Həmin cədvəldə iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1985-ci ildən xx.xx.1986-ci il tarixinədək olan dövr ərzində olan stajının müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarına əsasən təstiq edilmiş Siyahının (2- ci siyahı) Şifrə ******* a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsində və Şifrə 2130302b-23485, Xİİ bölmənin 3-cü yarımbölməsində əks olunduğunu göstərilmişdir. Məhkəmə sorğusuna əsasən “SOCAR” Heydər Əliyev adına X4 02 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək çalışdığı Heydər Əliyev adına X4 mexaniki təmir üzrə 13 nömrəli sexin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının Xİİ bölməsinə əsasən zərərli iş şəraitinə aid edilməmişdir. Belə ki, 13 nömrəli sexin, sahənin əsas məqsədi ümumi zavod avadanlıqlarının, texnoloji qurğuların, boru xəttlərinin, sahə daxili və sahədən kənar kommunikasiyaların təsdiq olunmuş cədvəllər əsasında bütün növ təmirlərinin, yeni avadanlıqların quraşdırılması işlərinin vaxtlı - vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, təmirlər arası profilaktik işlərin icrasını təmin etməkdir. İddiaçıya məxsus ИТ-İ № 127962 nömrəli, 03 yanvar 1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı X4 2 nömrəli sex, mexaniki təmir bazası, texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1985 - xx.xx.1986-cı il tarixlərdə 2 nömrəli sex, 22 və 23 nömrəi qurğularının mexaniki vəzifələrində işləmiş, xx.xx.1986-xx.xx.1988-ci il tarixlərdə Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1989-cu il tarixdə Bakı X6na mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə texniki nəzarət şöbəsinin rəisi vəzifəsinə, xx.xx.1992-ci il tarixdən 13 saylı mexaniki təmir sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003-cü il tarixli, 25 nömrəli əmrinə əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" X6 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 №-li əmrinə əsasən "xxxx" X6 “Heydər Əliyev adına Bakı X6” adlandırılmışdır. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək İdarəetmə aparatının təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin iş sağlığı və təhlükəsizliyi qrupuna 14-cü dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Heydər Əliyev adına Bakı X4 02 aprel 2015-ci il tarixli SOCAR/15-1700/xx-xx-000078 №-li əmrinə əsasən Heydər Əliyev adına Bakı X6 adlandırılmışdır. İddiaçı xx.xx.2016-cı ildə İdarəetmə aparatının əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin əməyin təhlükəsizliyi şöbəsinə rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə İdarəetmə aparatının Sağlamlıq Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin əməyin mühafizəsi şöbəsinə 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" Cəmiyyətinə Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. X5 adına X4 22 iyul 2019-cu il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1983cü ildən indiyədək Heydər Əliyev adına X3 işləyir. 1) xx.xx.1983-cü ildən (işə qəbul barədə 1k saylı xx.xx.1983-cü il tarixli əmr) xx.xx.1985-ci ilədək 2 N-li sexin mexaniki təmir bazasında texnolojı qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. 2) xx.xx.1985-ci ildən (köçürülmə barədə 8-12/376 saylı xx.xx.1985-ci il tarixli əmr) xx.xx.1986-cı ilədək 2 №-li sexin 22, 23 N-li qurğularının mexaniki vəzifəsində işləyib. 3) xx.xx.1989-cu ildən (işə qəbul barədə 8-12/1 saylı xx.xx.1989-cu il tarixli əmr) xx.xx.1990-cı ilədək zavodun idarəetmə aparatının texniki nəzarət şöbəsində mühəndis vəzifəsində işləyib. 4) xx.xx.1990-cı ildən (köçürülmə barədə 8-12/72 saylı xx.xx.1990-cı il tarixli əmr) xx.xx.1992-ci ilədək zavodun idarəetmə aparatının texniki nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. 5) xx.xx.1992-ci ildən (köçürülmə barədə 8-3/148 saylı xx.xx.1992-ci il tarixli əmr) xx.xx.2014-cü ilədək mexaniki təmir üzrə, təmir quraşdırma üzrə 13 N-li sahənin rəisi vəzifəsində işləyib. 6) xx.xx.2014-cü ildən (köçürülmə barədə 124k saylı xx.xx.2014-cü il tarixli əmr) xx.xx.2016-cı ilədək idarəetmə aparatının təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin iş sağlığı və təhlükəsizliyi qrupunda əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyib. 7) xx.xx.2016-cı ildən (köçürülmə barədə xx.xx.2016-cı il tarixli əmr) indiyədək idarəetmə aparatının əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentində əməyin təhlükəsizliyi şöbəsinin rəis müavini vəzifəsində işləyir. Qeyd: Arayışın 1, 2-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şiştin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Cavabdehin 19 sentyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və konkret olaraq hansı yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etdiyini bildirməmişdir. Bu səbəbdən məhkəmə iddiaçıya ümumiyyətlə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin mümkün olub olmamasına qiymət verilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qanunun qeyd edilən müddəalarından görünür ki, xx.xx.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər həmin dövrə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək güzəştli şərtlərlə pensiya hüququ verən stajı toplamış şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə görə ödənilir. İddiaçı onun 25 ildən artıq ümumi stajı və 12 il 6 aydan artıq isə güzəştli stajı olduğunu iddia edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Göründüyü kimi iddiaçının istinad etdiyi güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 1983-1986-cı illəri və 1992-2014-cü illəri əhatə edir. Cavabdeh tərəfindən iddiaçının ümumi stajının 25 ildən artıq olması mübahisələndirilmir. Lakin cavabdeh iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Heydər Əliyev adına X6”nun Mexaniki təmir üzrə 13 nömrəli sahədə rəis vəzifəsində işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsinə aid olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə sorğusuna cavab olaraq X5 adına X4 02 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək çalışdığı Heydər Əliyev adına X4 mexaniki təmir üzrə 13 N-li sexin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li siyahısının Xİİ bölməsinə əsasən zərərli iş şəraitinə aid edilməmişdir. Belə ki, 13 N-li sexin, sahənin əsas məqsədi ümumi zavod avadanlıqlarının, texnoloji qurğuların, boru xəttlərinin, sahə daxili və sahədən kənar kommunikasiyaların təsdiq olunmuş cədvəllər əsasında bütün növ təmirlərinin, yeni avadanlıqların quraşdırılması işlərinin vaxtlı - vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, təmirlər arası profilaktik işlərin icrasını təmin etməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndində göstərilmişdir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçının işləmiş olduğu SOCAR-ın “Heydər Əliyev adına X6”nun yuxarıda qeyd olunan “Qaydalar”ın 2 nömrəli əlavəsində göstərilmiş formaya uyğun tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışında iddiaçının yalnız xx.xx.1983-11.10.186-cı illərdə işlədiyi dövr güzəştli staja aid edilmişdir. Həmin zavodun xx.xx.2024-cü il tarixli məktubunda isə iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələrin güzəştli staja aid edilmədiyi qeyd edilmişdir. İddiaçı yalnız SOCAR-ın “Heydər Əliyev adına X6”nun 10 avqust 2023-cü il tarixli arayışına əsaslanır ki, həmin arayıç ümumi xarakterli olmaqla “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli Əlavəsinə uyğun tərtib edilməmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən stajı qanunvericilikdə nəzərdə tutulmuş həddən az olduğu üçün cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur. Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar