Məhkəmə qərarları › İş №e-2-1(112)-4016/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4016/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4016/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********08 (3-21-3-30/2-C-0227-8/2024) saylı imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, döngə 2, ev 2 ünvanında iddiaçının istifadəsində olan 0,1576 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət, ümumi sahəsi 61,19 kv. metr fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və həmin evə dair çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, döngə 2, ev 2 ünvanında iddiaçının istifadəsində olan 0,1576 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət, ümumi sahəsi 61.19 kv. metr fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı, ailəsi ilə birlikdə həmin evdə 20 ildən artıq müddətdir yaşayır. İddiaçı, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2- 854/2005 saylı qətnaməsi ilə iddiaçının və onun arvadı X2 həmin evə istifadə hüquqları tanınmışdır. İddiaçının evinin yerləşdiyi ərazidə, eyni şərtlərlə bir neçə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati praktika artıq mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* saylı, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda 0,01517 torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 22 (yeni qaydalarla ünvan 2 ünvanında 0.09842 ha torpaq sahəsində fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin ümumi sahəsi faktiki 1667.1 kv.metr təşkil edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2005-ci il tarixli, 2-854/2005-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı və X2 Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, döngə 2, ev 2-yə yaşayış hüquqları tanınmışdır. X4, X5, X7 tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli aktda göstərilmişdir ki, həmin şəxslər iddiaçının həqiqətən 1990-cı ildən hazıradək Bakı şəhəri, Nizami rayonu, Çobanzadə 2405, məhəllə 2, mənzil 7-də yaşadığını öz imzaları ilə təsdiq etmişlər. İddiaçı tərəfindən qaz və rabitə xidmətindən istifadə etməsinə dair sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 4a, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 22 və ünvan 3 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə dair çıxarışların və digər sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda yazılı etirazla oxşar məzmunlu əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (139-1.1.9.), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (139-1.1.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Oxşar normalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da göstərilmişdir. Həmin Qanuna əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd (8.0.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üüçn həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, yaxud digər əsaslarla qanuni istifadəsində olmalıdır. İddiaçı hazırkı iddiasında ünvan 4 ünvanda iddiaçının istifadəsində olan 0,1576 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət, ümumi sahəsi 61.19 kv. metr fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını Lakin iş materiallarından görünür ki, iddiaçı həmin tikili üzərində hüquqlarını təsdiq edən hər hansı sənədə istinad edə bilmir. Göründüyü kimi həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin siyahısı öz əksini tapmışdır. İddiaçının həmin tikili və ya onun yerləşdiyi torpaq sahəsi üzərində hüququ isə qeyd edilən normativ hüquqi aktlarda təsbit edilmiş hər hansı sənədlə təsdiq edilmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi iddiaçının müraciətinə əsasən cavabdehin verdiyi imtina məktubu əsaslı olmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi" barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar