Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4063/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 505 saylı Sərəncamı təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2009-cu il tarixli Aktına əsasən ünvan 1 ünvanında 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binası (İ mərtəbələri qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında "xxxx" MTK-nin tikdiyi binanın 2 blokunun mansardı (№ 85) 69 kv.m sahəsinin alınması ilə bağlı 6.03.2010-cu il tarixli müqavilə imzalanmışdır. "xxxx" MTK-nın 06 mart 2010-cu il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Binanın 2 giriş, mansard mərtəbəsində, ümumi sahəsi 69 kv.m olan 85 saylı mansard sahəsinin dəyəri 25000 (iyirmi beş min) manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İddiaçı ünvan 3 ünvanında yerləşən mansard sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...təqdim olunmuş sənədlərdə qeyri-yaşayış sahəsinin mansard mərtəbəsində yerləşdiyi qeyd edilmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nda binanın mansard mərtəbəsinin yaşsyış və ya qeyri-yaşayış təyinatlı olması barədə heç bir qeyd yoxdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-dan 2-ci giriş, mansard mərtəbəsində, ümumi sahəsi 69 kv.m. olan 85 saylı mansard sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-dan 2-ci giriş, mansard mərtəbəsində, ümumi sahəsi 69 kv.m. olan 85 saylı mansard sahəsini dəyərini tam ödəməklə əldə etmişdir. "xxxx" MTK tərəfindən ona xx.xx.2010-cu il tarixli müqavilə, həmin tarixli maliyyə arayışı və 1/223 saylı, xx.xx.2011-ci il tarixli MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış və mansard sahəsinin plan sxemi təqdim edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış və inventarlaşdırma işləri aparılan zaman ümumi sahənin faktiki ölçüsünün 63.4 kv.m olduğu müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında ünvan 3 ünvanında yerləşən mansard sahənin alınması ilə bağlı 6.03.2010-cu il tarixli müqavilə imzalanmış, mansard sahəsinin dəyəri tam ödənilmişdir. İddiaçı həmin müqavilə əsasında mansard sahə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh təqdim olunmuş sənədlərdə qeyri-yaşayış sahəsinin mansard mərtəbəsində yerləşdiyinin qeyd edildiyini çoxmərtəbəli yaşayış binasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nda binanın mansard mərtəbəsinin yaşayış və ya qeyri-yaşayış təyinatlı olması barədə heç bir qeyd olmadığını əsas gətirməklə tələbin təmin edilməsindən imtina etmişdir. Həmçinin cavabdeh etiraz məktubunda bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış və inventarlaşdırma işləri aparılan zaman əmlakın faktiki ölçüsünün 63.4 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İddiaçının MTK ilə bağladığı müqavilə əsasında daşınmaz əmlak əldə etməsi və həmin mansard sahəsinə pay haqqını tam olaraq ödəməsi, nəticə etibarı ilə iddiaçının həmin mansard sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçının hüquqmüəyyənedici sənədlərə malik olmasını cavabdeh də mübahisələndirmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Hazırda mübahisə, həmin sahənin mansard mərtəbəsi kimi, yaşayış və ya qeyriyaşayış olub-olmamasının müəyyən edilməsinin mümkün olmamasından yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin və cavabdehin imtinasının əsaslılığın yoxlanılması üçün iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakların fatkiki olaraq mansard, yaxud texniki mərtəbə kimi nəzərdə tutulması və istifadə edilməsi müəyyən edilməlidir. İddia predmetini təşkil edən daşınmaz əmlakın texniki mərtəbə deyil, mansard mərtəbəsi kimi nəzərdə tutulması və istifadə olunması iş materiallarında olan mötəbər sənədlə təsdini tapır: 1) Tərəflər arasında bağlanmış müqavilə; İddiaçı ilə MTK arasında bağlanmış müqavilədə alınmış sahə texniki mərtəbə deyil, mansard kimi qeyd edilmişdir; 2) İş materiallarında olan iddia predmetini təşkil edən daşınmaz əmlakların fotoşəkilləri; 3) Mənzilə dair kommunal xidmətlərin verilməsi ilə bağlı quraşdırılmış işıq, su və qaz sayğacları və mənzilin kommunal xidmətlərə dair ödəniş qəbzləri. Təqdim edilən fotoşəkillərdən qeyd edilən yaşayış sahələrinin hündürlüyü, ölçüsü, layihələndirilməsi həmin sahələrin texniki mərtəbə deyil, mansard mərtəbəsi kimi nəzərdə tutulduğu və istifadə edildiyi açıq-aydın görünür; Göründüyü kimi, istinad edilən sübutlarla müəyyən edilir ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması tələb olunan sahə texniki mərtəbə deyil, mansard sahəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə görə, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Qeyd edilən meyarlar nəzərə alındıqda iş materiallarında olan fotoşəkillər və digər sübutlar tədqiq edilərkən iddia tələbinin premdetini təşkil edən daşınmaz əmlakların texniki mərtəbə deyil, yaşayış sahəsi olması öz təsdini tapır. Qanunvercilikdə isə, mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 63.4 kv.m mansard sahəsinə aid hissədə iddia tələbi təmin edilməlidir. Cavabdehin etirazından görünür ki, mansard sahəsinin faktiki ölçüsü 63.4 kv.metrdir. Məhkəmə hesab edir ki, iddia qalan hissədə rədd edilməlidir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 2-ci giriş, mansard mərtəbəsində, faktiki sahəsi 63.4 kv.m. olan 85 saylı mansard sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4063/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4063/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver