Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4082/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı1, iddiaçıların nümayəndə-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Bakı şəhər Bakıxanov Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ərazi hüdudları Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportla müəyyən edilmiş torpaq sahəsi və onun üzərində olan tikiliyə hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb çıxarış və texniki pasportun verilməsi öhdəliyinin (vəzifəsinin) cavabdehin üzərinə qoyulması, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətini təşkil edən, faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin iddiaçıın mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı2 nümayəndə-vəkili Vəkil vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq birgə iddiaçı kimi işə qoşulması ilə bağlı qərardad qəbul edilməsini, həmçinin ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə aid plan və ölçünün tərtib edilməsi, İddiaçı2 münasibətdə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmənin müvafiq qərardadı ilə İddiaçı2 birgə iddiaçı qismində işə cəlb edilmişdir. İddiaçıların nümayəndə-vəkili Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə (evə) ½ hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmiş, Bakıxanov bələdiyyəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. İddiaçıların nümayəndəsi və vəkili son olaraq məhkəməyə təqdim etdiyi dəqiqləşmə ərizəsində iddia tələbinin 23 kv.m hissəsində iddianı müdafiə etmədiklərini və ümumilikdə 426,2 kv.m torpaq sahəsinin 403,2 kv.m hissəsi və həmin sahədə yerləşən tikili (ev) üzərində ½ hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 1989-cu ildə ünvan 1 nömrəli fərdi yaşayış evini almışdır. Həmin ünvan altında 1 tikili, lakin 2 ədəd fərdi yaşayış evi olmuşdur. Yəni əvvəl 1 ev kimi tikilmiş, sonradan 2 qardaş arasında bölünmüşdür. Əhməd Bakıxanov küçəsinə tərəf olan evi İddiaçı1 almış, Hüseyn Cavid küçəsinə tərəf olan evi isə İddiaçı2 almışdır. Həmin vaxt ev üçün 35.000 (otuz beş min) manat pul ödəmişdir. Hər iki evin 1 qeydiyyat şəhadətnaməsi olmuş, həmin şəhadətnamədə Hüseyn Cavid küçəsi 25 nömrəli ev İddiaçı1 və İddiaçı2 paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. E.Əhmədovun aldığı ev 3 otaq, 1 mətbəx, hamam və tualetdən ibarət olmuşdur. Qeydiyyat şəhadətnaməsindən başqa evin texniki pasportu olmuşdur. Evin ölçüləri 14.7x11.8 metr olmuşdur. Bundan başqa evin önündə 14.7x17.8 metr ölçüdə sənədsiz torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi mişar daşları ilə inşa edilmiş hasarla küçədən ayrılmış və evin həyətini təşkil edirdi...Ailə üzvlərinin sayı çoxaldığından evinin qabağında bir ədəd əlavə otaq tikmişdir. Həmin otaq sonradan tikildiyi üçün evin texniki pasportunda öz əksini tapmamışdır. Google Earth proqramında evini sarı xəttlərlə işarələmişdr. Ətrafda ancaq yaşayış evləri yerləşir, heç bir ictimai iaşə obyektləri, dövlət orqanlarının inzibati binaları və s. tikililər yoxdur. Evin yaxınlığında yalnız 213 nömrəli tam orta məktəb yerləşir. Göy xəttlərlə işarələnmiş yerdə qonşu Ababil Əfənfiyevin evi yerləşir, qırmızı xəttlərlə çevrələnmiş tikili İddiaçı1 fərdi yaşayış evidir. Fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi və texniki pasport vardır. Həmin sənədlər həm tikiliyə, həm də tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yaradır. Lakin qeydiyyat şəhadətnaməsi və digər sənədlər 1989-cu ildə alınmışdır, yəni köhnədir. Hazırda yaşadığı ev üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışı yoxdur. Yaşıl xəttlərlə əhatələnmiş sahə isə evinin həyətidir. Qeyd etdiyi kimi, 1989-cu ildə aldığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən 30/2082 nömrəli, 31 may 1989-cu il tarixli qeydiyyat şəhadətnaməsi vardır. Qeydiyyat şəhadətnaməsinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasport əlavə edilmişdir. Həmin sənədlər əsasında cavabdehə müraciət edərək fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarımın dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin, həmin dövlət orqanı tərəfindən danışmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Bildirilmişir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur və fərdi yaşayış evinin bir hissəsi texniki pasportdan kənarda inşa edilmişdir. Bununla yanaşı 14 saylı xx.xx.1964-cü il tarixli XDS İK-nin qərarında torpaq sahəsinin ölçüsü qeyd edilməyib. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin 05 mart 2019-cu il tarixli, **********68 nömrəli məktubunda göstərilən dəlillər əsassızdır və daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas ola bilməz. Belə ki, məktubda qeyd edilən “elektron kadastr məlumatına əsasən təqdim edilmiş texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur və qeyd edilən evi aldıqdan sonra tikilən 1 otaq nəzərdə tutulur, həmin otaq mülkiyyət hüququ olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində tikilmişdir. Həmin otağı iddiaçı 90-cı illərin əvvəllərində tikmiş və həmin vaxt hal-hazırda qüvvədə olan normativ-hüquqi aktlar qəbul edilməmişdi. Həmçinin həmin otaq texniki pasportdan kənarda inşa edilmişdirsə belə, çıxarış texniki pasorta uyğun olaraq, yəni sonradan tikilən otaq daxil edilmədən verilməlidir. Çünki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyətindədir və mülkiyyətçi kimi o, evi söküb yerində yeni ev tikə bilmir, yəni hüquqları məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanla bağlı arxivdə texniki pasport aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən təqdim edilmiş texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin texniki pasportda göstərilən sahənin 23 kv.m hissəsi **********14-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş əmlakla üst-üstə düşür. Bununla yanaşı, təqdim olunmuş 14 saylı xx.xx.1964-ci il tarixli X5 İcraiyyə Komitəsinin Qərarında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı2 Fazil oğlu və İddiaçı1 məxsusdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddianın dəqiqləşdirilməsində göstərdiyi tələbi müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********68 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş iyun 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Razin (indiki ünvan 6 ünvanında yerləşən 1960-cı ildə inşa edilmiş fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin inventarizasiya kartoçkası tərtib edilmişdir. Cəmi meydançanın sahəsi 426,2 kv.metrdir. -Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə ½ hissədə X3, ½ hissədə isə İddiaçı2 adına qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, müayinə zamanı məlum olmuşdur ki, yaşayış evi paylı mülkiyyətdir. Ərizəçiyə aid olan hissə 2 və 4 saylı yerləşkənlərdədir. Yaşayış evi genişləndirlib. Torpaq sahəsindəki həyət tikililəri sökülüb, əlavə tikililər tikilib. Torpaq sahəsində perimetrik ölçülərdə fərqlər var, 342.0 kv metr torpaq çoxdur. Texpasportdakı perimetrik ölçülərə əsasən torpaq sahəsi 23.0 kv.metr azalıb, digər trəfdən isə 365.0 kv.metr çoxdur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçılar Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta və Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli qeydiyyat şəhadətnaməsinə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanında yerləşən 403,2 torpaq sahəsi və fərdi yaşayış evi üzərində ½ hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyirlər. İddiaçıların bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçılar cavabdehin imtinasını mübahisələndirirlər. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.2-ci bəndinə görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış “qeydiyyat orqanları”, 4.3-cü maddəsinin birinci cümləsinə (birinci halda) və ikinci cümləsinə əsasən göstərilən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış, 8.0.4-cü maddəsinə əsasən istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıların hüquqmüəyyənedici sənədləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci və yuxarıda istinad olunan Siyahının 1.11-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Belə ki, iddiaçılar onların adına verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 426,3 kv.metr torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu, eləcə də Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli qeydiyyat şəhadətnaməsini cavabdehə təqdim etmişlər. Cavabdeh tərəfindən qeyd olunan texniki pasportun və qeydiyyat vəsiqəsinin həqiqətə uyğun olmaması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair pasportun əsli mövcuddur və məhkəməyə təqdim edilmişdir. Həmçinin vurğulandığı kimi, cavabdeh tərəfindən sözügedən pasportun həqiqiliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddia olunan torpaq sahəsinin texniki pasport ilə faktiki sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olduğu göstərilsə də, bu uyğunsuzluğun nədən ibarət olması əsaslandırılmamışdır. Əgər torpaq sahəsinin faktiki sahəsinin sənəd üzrə göstəriləndən çox olması nəzərdə tutulursa, nəzərə alınmalıdır ki, iddiaçılar texniki pasportda göstərilən ölçülərdəki sahəyə (426,2, kv.m), dəqiqləşmiş iddia tələbi üzrə isə hətta daha az- 403,2 kv.m torpaq sahəsinə və üzərində yerləşən həmin texniki pasportda və qeydiyyat vəsiqəsindəki yaşayış evi üzərində hüquqlara iddia edirlər. Bundan başqa, iddiaçı tərəf istifadələrində olan torpaq sahəsinin Tamara Bədirova adlı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşən 23 kv.m hissədə tələbi azaldaraq 403,2 kv.m sahə üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş edirlər. O da bildirilməlidir ki, istinad olunan texniki pasportun tərtib edilməsindən ötən 60 ildən artıq müddətdə ərazidə məskunlaşmanın artması və digər dəyişikliklər fonunda cüzi uyğunsuzluqların olması təbii haldır. Uyğunsuzluq olduğu təqdirdə isə onun aradan qaldırılması müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçıların arzuladığı məqsədə nail olmaları üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 9 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evinin və yerləşdiyi 403,2 kv.metr torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı1, ½ hissəsi üzərində İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4082/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4082/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver