Məhkəmə qərarları › İş №e-2-1(112)-4083/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4083/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4083/2025 27.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə xx.xx.2024-cü tarixli 3-21-2-3/2-237137/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 237137-2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsası olaraq, təqdim edilmiş bəyannamədə 119663 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyi qeyd edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən qaimələr üzrə iddiaçı tərəfindən əvəzləşmələr qanunamüvafiq olaraq yerinə yetirilmişdir. Qarşı tərəfə qaimələr göndərilmiş və ya digər tərəfdən qaimələr alınmışdır. Həmçinin qeyd edilən qaimələr üzrə vergi ödəyiciləri fəaliyyət göstərdiyi dövr üzrə iddiaçı tərəfindən faktiki olaraq mallar alınmış və həmin malları hazırda müqavilələri və digər təhvil-təslim aktları mövcuddur. Bu barədə iddiaçı tərəfindən vergi orqanına müraciət edilməsinə və ətraflı məlumat verilməsinə baxmayaraq vergi orqanı müraciətlərə məhəl qoymamışdır. Qeyd edilən qaimələr üzrə iddiaçının əmtəəsiz əməliyyat yerinə yetiməyi barədə vergi orqanı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının sonuncu dəqiqləşməsinə əsasən iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-721620/2025 saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda bildirilmişdir ki, İddiaçı MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli, **********951600 nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, Cəmiyyətin riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatları barədə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********599400 nömrəli) müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş risk meyarlarına əsasən aparılan təhlillər zamanı meyarlara cavab verən vergi ödəyiciləri müəyyən edildikdə “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə Qərar” çıxarılır və riskli (və ya əmtəəsiz) əməliyyat çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalar Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən verginin əvəzləşdirilməsinə əsas vermir və 109.9.-cu maddəsinə əsasən gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Aparılmış təhlillər zamanı “Motor Clinic" MMC ilə "xxxx" MMC-nin (VÖEN **********) və X2 (VÖEN **********) qarşılıqlı əməliyyatları riskli hesab olunduğu üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********383300 nömrəli və xx.xx.2021-ci il tarixli **********218800 nömrəli Qərarlar çıxarılmışdır. Qeyd olunan riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) habelə malların, işlərin xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduğu vergi orqanına təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra iddia tələbinə münasibətdə yazılı mülahizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qeyd edilmişdir ki, iddiaçı tərəfindən vergi orqanı tərəfində tələb edilən sənədlər təqdim edilməmişdir. Təqdim edilmədiyi üçün də vergi orqanı tərəfindən kameral yoxlama barədə qərar təkrar qəbul edilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə zəruri sənədlərin hər biri təqdim edilmişdir. Həmin malların alınması ilə bağlı elektron qaimələr, müqavilələr, satılması ilə bağlı qaimələr məhkəməyə təqdim edilmişdir. Lakin bu kimi sənədlər hansısa səbəbdən vergi orqanı tərəfindən nəzərə alınmır. Halbuki qeyd edilən malların hər birinin alışı olduğu kimi satışları da mövcuddur. Qeyd edilən həmçinin vergi orqanının AVİS altsistemində aydın şəkildə görünməkdədir. Yəni vergi orqanı həmin alış və satışları özü də araşdıra və qeyd edilən malların satılmasını müəyyən edə bilər. Bundan əlavə həmin malların olub-olmamasının, əmtəəsiz əmliyyatların edilib-edilməməsinin müəyəyn edilməsi birbaşa cavabdehin vəzifəsidir. Yəni vergi orqanı həmin malların faktiki alışlarının olubolmaması ilə bağlı etiraz ərizəsində qeyd etdiyi "xxxx" MMC-də operativ və ya səyyar vergi yoxlaması keçirərək də müəyyən edə bilərdi. Hansıki zəruri hallarda həmin yoxlamaların keçirilməsi hüququ Vergi Məcəlləsinə əsaəsn vergi orqanı üçün tanınmışdır. Lakin vergi orqanı hər hansı yoxlama keçirmədən sözügedən müəssisənin əmtəəsiz əməliyyat etdiyini qeyd etmişdir. Bundan əlavə vergi orqanı tərəfindən "xxxx" MMC-nin əmtəəsiz əməliyyat etdiyini sübuta yetirə biləcək mötəbər sənədlər məkhəməyə təqdim edilməmişdir. Yalnızca həmin müəssisənin əmtəəsiz əməliyyatını olmasını şübhələrlə müəyyən etdikləri aydın olur. Həmçinin daha əvvəl "xxxx" MMC iddiaçı ilə alqı-satqı prosesi həyata keçirən zaman riskli vergi ödəyicisi siyahısında olmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə verilmiş dəqiqləşmiş bəyannamə ilə əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********594300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə yeni dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Buna uyğun olaraq, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-274798/2025 nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qəbul edilərək, vergi ödəyicisinə təqdim edilmişdir. Hesablama eyni dövr üzrə ilkin etirazda qeyd edilmiş əsaslar üzrə aparılmışdır. Belə ki, iddiaçı "Motor Clinic” MMC-nin xx.xx.2024-cü il tarixli, **********951600 nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, cəmiyyətin riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatları barədə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********599400 nömrəli) müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş risk meyarlarına əsasən aparılan təhlillər zamanı meyarlara cavab verən vergi ödəyiciləri müəyyən edildikdə “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə Qərar” çıxarılır və riskli (və ya əmtəəsiz) əməliyyat çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalar Vergi Məcəlləsinin 175.11.-ci maddəsinə əsasən verginin əvəzləşdirilməsinə əsas vermir və 109.9-cu maddəsinə əsasən gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Aparılmış təhlillər zamanı “Motor Clinic" MMC ilə "xxxx" MMC-nin (VÖEN **********) qarşılıqlı əməliyyatları riskli hesab olunduğu üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müvafiq olaraq xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-274798/2025 nömrəli qərar çıxarılmışdır. Belə ki, "xxxx" MMC tərəfindən iddiaçıya və digər vergi ödəyicilərinə müxtəlif sayda və tərkibdə avtomobil ehtiyat hissələri (yanacaq filtri, bamper, amortizator hissələri, yanacaq nasosları, termostat və s.) satılmasına baxmayaraq, həmin malların cəmiyyət tərəfindən YGB, elektron qaimə-faktura və ya alış aktlarına əsasən alınması müəyyən edilməmişdir. “Motor Clinic" MMC ilə "xxxx" MMC arasında qeyd olunan riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (təhviltəslim aktları, müqavilələr, yol vərəqələri və s.) habelə malların, işlərin xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduğu vergi orqanına təqdim edilməmişdir. Buna uyğun olaraq "xxxx" MMC vergi orqanının xx.xx.2024-cü il tarixli **********383300 nömrəli qərarı ilə riskli vergi orqanının siyahısına salınmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, iddia müddəti ötürülməmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 721620/2025 nömrəli qərara əsasən iddiaçıya 2023-cü il mənfəət üzrə 24.004,62 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 120.023 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC bu müqavilənin əlavələrində spesifikasiyası (adı, növü, çeşidi, miqdarı, qiyməti və s.) göstərilmiş müxtəlif növ avtomobil aksessuar və ehtiyat hissələrinin sifarişlər əsasında İddiaçı MMC-yə satır, İddiaçı MMC isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsini təmin edir. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 19156,12 manat təşkil edir. -"xxxx" MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 19156,12 manat təşkil edir. -EBDQ 016409 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 15611,41 manat təşkil edir. -"xxxx" MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 15611,41 manat təşkil edir. -EBDQ 399775 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 29.240,4 manat təşkil edir. -"xxxx" MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 29.240,4 manat təşkil edir. -EBDT 311873 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 28.084 manat təşkil edir. -"xxxx" MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 28.084 manat təşkil edir. -EBDT 778144 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 36.107,40 manat təşkil edir. -"xxxx" MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 36.107,4 manat təşkil edir. -EBDU 609599 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-721620/2025 saylı qərarı mübahisələndirir. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçının "xxxx" MMC arasında aparılan əməliyyatlar üzrə təqdim etdiyi elektron qaimələri əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edərək iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində 120.023 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğunu əsas gətrmiş və iddiaçıya münasibətdə əlavə vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı bu qənaətini həmin fakturaları təqdim edən müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə sözügedən müəssisə arasındakı əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrə aparılmışdır. Belə ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********383300 nömrəli qərarı əsasında riskli vergi ödəyicisi hesab olunmuşdur. Lakin iddiaçının həmin vergi ödəyicisi ilə hüquq münasibətləri daha əvvələ (xx.xx.2023-cü ildə müqavilə bağlanmışdır) yaranmışdır ki, bu hal həm iş materiallarında olan müqavilə, həm də mövcud olan elektron qaimə-fakturalar ilə təsdiq olunur. İddiaçı vergi ödəyicisinin isə sözügedən əməliyyatların aparıldığı dövrdə əməliyyat apardığı vergi ödəyicisinin iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olub-olmamasının yoxlanılması üçün nə öhdəliyi, nə də imkanları olmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməliyyatların riskli və ya əmtəəsiz olması təsdiqini tapmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (01 yanvar 2024-cü il tarixə qədər qüvvədə olan redaksiya). -175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə münasibətləri yarandığı zaman adıçəkilən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmadığından, o cümlədən həmin hüquqi şəxsin gələcəkdə həyata keçirilmiş əməliyyatlara görə riskli vergi ödəyicisi olunacağı ehtimalının öncədən proqnozlaşdırılmasının iddiaçıdan gözlənilməsi məntiqi olmadığından, həmçinin iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatların həqiqi məzmun daşıdığını istisna edən, yalnız sənəd üstündə formal olması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçı ilə adıçəkilən şəxs arasında aparılan əməliyyatın “əmtəəsiz” hesab olunması üçün əsas yoxdur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh 2023-cü ilin mənfəəti üzrə əsassız olaraq 24.004,62 manat vergi hesablamışdır. Odur ki, həmin hesablamaya əsas verən qərar tam şəkildə ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2496/2023 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir...İddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda “e-taxes.gov.az” saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə, iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu, vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır”. Qeyd olunmalıdır ki, 2-1(102)-2096/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərardadında həmin əsasla kassasiya şikayətinin ümumiyyətlə qəbulundan imtina edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-721620/2025 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar