Məhkəmə qərarları › İş №e-2-1(112)-4091/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4091/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4091/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində adın və soyadın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 1991-ci il tarixdə tərtib edilmiş 1309 saylı doğum haqqında akt qeydinin “uşaq” bəndində adının “Vahab”dan “Vagab”a, soyadının “Hüseynov”dan “Quseynov”a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında şəhadətnaməsində adı, ata adı və soyadı X14 olaraq göstərilmiş və onun müraciəti əsasında adın, ata adının və soyadının dəyişdirilməsi haqqında 18 may 2023-cü il tarixli, 030224 nömrəli şəhadətnamə verilərək soyadı “Axundov”dan “Hüseynov”a, ata adı isə “Zəbi”dən “Ələddin”ə dəyişdirilmişdir. İddiaçı tərəfindən doğum və adın, soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydində soyadın “Hüseynov”dan “Quseynov”a, adın “Vahab”dan “Vagab”a dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən doğum və adın, soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydində soyadın “Hüseynov” dan “Quseynov”a, adın “Vahab”dan “Vagab”a dəyişiklik edilməsinin qurumun imkanı xaricində olduğu əsas gətirilərək müvafiq dəyişikliyin edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, iddiaçının hazırda olan ad, soyadı ilə almaq istədiyi ad, soyadın rəsmi sənədlərdə istifadə olunması ilə bağlı problemlər mövcuddur. İddiaçı hal-hazırda xaricə gedib gəlir, uzun müddətdir orada yaşayır və işləyir. Onun tərəfindən aparılan bütün prosedurlar və rəsmi yazışmalar almaq istədiyi ad, soyad olan “Quseynov Vagab” adı ilə həyata keçirilsə də, şəxsiyyət vəsiqəsi və digər qeydiyyat sənədlərində “İddiaçı” olaraq qeyd olunmaqdadır. Bu hal iddiaçı tərəfindən həyata keçirilən rəsmi prosedurlarda və digər fəaliyyətlərdə maneələrin yaranmasına və gecikmələrin olmasına gətirib çıxarır. Buna görə də iddiaçının ad və soyadının faktiki olaraq yaşadığı və fəaliyyət göstərdiyi yerdə istifadə etdiyi ad və soyad olan “Quseynov Vagab”a dəyişdirilməsi zərurəti yaranmışdır. AZ-İ seriyalı 030224 saylı xx.xx.2023-cü il tarixli adın ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən soyadı Axundovdan Hüseynova, ata adı Zəbidən Ələddinə dəyişdirilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 3-16- 5/8-15-1650/1 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, doğum və adın, soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydində soyadın “Hüseynov"dan "Quseynov"a, adın “Vahab”dan “Vagab”a dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən doğum və adın, soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydində soyadın "Hüseynov"dan "Quseynov"a, adın “Vahab”dan "Vagab”a dəyişiklik edilməsi imkan xaricindədi. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. AZ-İV seriyalı 854331 saylı xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X6, atası – X15). Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/8-13-5068/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı soyadının və ata adının dəyişdirilməsi barədə sənədlər təqdim edilmişdir. X2 və ata adının dəyişdirilməsi haqqında xx.xx.2023-cü il tarixli rəyə əsasən Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 1309 saylı doğum haqqında akt qeydində X2 və ata adının X10 İddiaçı dəyişdirilməsinə icazə verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə ünvanlanmış 5-21/2-A-102-099/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına vətəndaş X14 müraciət edərək babası X7 yanında birgə ailədə böyüməsi faktının təsdiq olunmasını xahiş etmişdir. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında vətəndaşlar X14, X12 və onların digər ailə üzvləri ilə aparılmış söhbətlər və təqdim olunmuş sənədlərin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, X11 valideynləri X15 ilə X6 arasında xx.xx.1985-ci il tarixdə bağlanmış nikah 13.11,1993-cü il tarixdə pozulduqdan sonra o, anasının yanında saxlanılmış, babası ilə birgə ailədə yaşamışdır. xx.xx.1991-ci il təvəllüdlü X3 kiçik yaşlarından X9 doğma münasibət bəsləyərək onun tərəfindən qayğı ilə əhatə olunduğunu, hazırda da bir ailədə yaşadığını bildirərək bunların təsdiq olunmasını xahiş etmişdir. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası X14 və X1 verdiyi məlumatlara və təqdim olunan sənədlərə əsaslanaraq X11 X12 ilə birgə ailədə böyüməsi faktını təsdiq edir. İQ seriyalı 454317 saylı xx.xx.2023-cü il tarixli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. AZ-İ seriyalı 450108 saylı xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X6, atası – X15). Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 0031 6 0013 18052023 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, soyadın, adın və ata adının dəyişdirilməsinin səbəblərində ərizə verəni tərbiyələndirən atanın soyadının və ya övladlığa götürmənin rəsmiləşdirilməsi mümkün olmadıqda atalığın adı ilə ata adı daşımaq arzusudur. İddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi AZ-İV seriyalı 854331 saylı xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X6, atası – X15). Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/8-13-5068/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı soyadının və ata adının dəyişdirilməsi barədə sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının ərizəsinə əsasən onun soyadı “Axundov”dan “Hüseynov”a, atasının adı “Zəbi”dən “Ələddin”ə dəyişdirilmişdir. Hazırda iddiaçı adının və təkrarən soyadının dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. X17 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X17 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir. İlk növbədə qeyd edilməlidir ki, X17 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]). Odur ki, məhkəmə şəxsin ad və soyadın dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X17 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi? Azərbaycan Respublikasının Ailə Məcəlləsindən: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X4 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. X17 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyriməhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X5rşı). İddiaçının ailə həyatına hörmət hüquq qanunla qorunur. Odur ki, iddiaçının adının dəyişdirilməsi hüququ qanundan irəli gəlir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçının adı hal-hazıradək dəyişdirilməmişdir, hazırda xarici ölkədə yaşaması və sənədləşmələrdə hərf fərqi nəticəsində çətinliklər yaranması əsası ilə adının “Vahab”dan “Vagab”a dəyişdirilməsini xahiş edir. Odur, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı tutarlı əsas təqdim edilmədən adının dəyişdirilməsindən imtina etməsi qanuni olmamaqla hansı qanuni məqsəd daşıması aydın deyil, odur ki, demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddia tələbinin iddiaçının adının dəyişdirilməsi hissəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İddia tələbinin iddiaçının soyadının dəyişdirilməsinə dair hissədə isə məhkəmə hesab edir ki, iddiaçı artıq bir dəfə qanundan irəli gələn soyadının dəyişdirilməsi hüququndan istifadə etmişdir. Hazırda soyadın növbəti dəfə dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” 6.3, 6.24-6.28) əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının adının “Vahab”dən “Vagab”a dəyişdirilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi (ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərilməsi) məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla İddiaçı adının “Vahab”dən “Vagab”a dəyişdirilməsi ilə bağlı inzibati araşdırma aparmaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar