Məhkəmə qərarları › İş №e-2-1(112)-4092/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4092/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4092/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin 4/42 hissəsinə dair X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 22456 (iyirmi iki min dörd yüz əlli altı) manat və 2000 (iki min) ABŞ dolları məbləğində borc pulun tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Nəsimi rayon Məhkəməsinin 8(006)-568/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə borclu X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin, 4/42 hissəsinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. Həmin ev "xxxx" MMC-nin 17-445 saylı, xx.xx.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən 28000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Nəsimi rayon İcra şöbəsinin rəisi Nazim Nərimanovun xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən, qeyriyaşayış sahəsinin satışının təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi xahiş edilmişdir. Hərrac “X10” MMC tərəfindən həyata keçirilmiş, lakin hərrac onlardan məlumatsız, saxta yolla həyata keçirilmiş və hərracın nəticələri əsasında 3-cü şəxs X13 qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin, 4/42 hissəsinə çıxarış əldə etmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin, 4/42 hissəsinə dair X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********21-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən müraciətim müsbət cavablandırmamış, mübahisənin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-16402/2023 nömrəli qərardadı ilə X12 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-724/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 165.5 kv.m sahəsi olan 66 nömrəli fərdi yaşayış evinin (.....), 4/42 hissəsi X6 adına xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -X8 Yekunları Barədə 249 nömrəli Protokolundan görünür ki, hərracın keçirilmə tarixi və vaxtı: 30 Noyabr 2017-ci il saat 11:00, hərracın keçirilmə yeri: Bakı şə/təri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5D. Sifarişçi: Nəsimi rayon İcra şöbəsinin, icra məmuru Ramiz Quliyev, hərrac təşkilatçısı: «X10» MMC, hərracı keçirən şəxs (hərracın təşkilatçısı): «X10» MMC-nin direktoru X11. Satılan əmlak haqqında məlumat: X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin, 4/42 hissəsinin (icra sənədi üzrə borc 22456 manat və 2000 ABŞ dolları) tanı dəyəri "xxxx" MMC-nin 17-445 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən (rəqəm və sözlə): 28000 (iyirmi səkkiz min) manat Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 903.20.4. maddəsinə əsasən 20% endirimlə 22400 (iyirini iki min dörd yüz) manat. Azərbaycan Respublikası Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 8(006)-568/11 saylı icra vərəqəsinə və Nəsimi rayon İcra Şöbəsinin 17/70105/11 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən, qalib (alıcı) haqqında məlumat: fiziki şəxs: X12 AZE№07213830, verilib: Yasamal RPİ-xx.xx.2009 7E-16052 saylı xx.xx.2017-ci tarixli etibarnamə əsasında X7, əmlakın (obyektin) satış qiyməti (rəqəm və sözlə): 22400 (iyirmi iki min dörd yüz) manat, əmlakın (obyektin) alış qiyməti (rəqəm və sözlə): 22400 (iyirmi iki min dörd yüz) manat. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia üzrə mübahisə inzibati hüquq münasibətindən irəli gələn inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.” İşin hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsi X2 mülkiyyətində olmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3121/2009 nömrəli xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən X1 X6 xeyrinə 22456 manat və 2000 ABŞ dolları məbləğində pul (tutulanda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması qət edilmişdir. İcra vərəqəsi xx.xx.2009-cu li tarixdə verilmiş, icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, borclunun daşınmaz əmlakı oiduğu müəyyən edilmiş, icra məmurunun təqdimatına əsasən borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsindəki 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinin (bundan sonra - mübahisəli ev) üzərinə həbs qoyulmuş, "xxxx" MMC tərəfindən həmin daşınmaz əmlak 28000 manat qiymətləndirilmiş, əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2017-ci il tarixli hərracda fərdi yaşayış evinin 4/42 hissəsi tələbkar X9 22400 manata satılmışdır. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 165.5 kv.m sahəsi olan 66 nömrəli fərdi yaşayış evinin 4/42 hissəsi X6 adına xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi X6 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər X8 yekunları barədə protokolu əsasında aparılmışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda mübahisələndirilən reyestr qeydləri inzibati orqanın bilavasitə inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə deyil, mülki hüquqi əqd-hərracın nəticələrinə dair protokol, müqavilə əsasında aparıldığından həmin qeydlərin ləğvinə dair iddia hazırkı inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar