Məhkəmə qərarları › İş №e-2-1(112)-4095/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4095/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4095/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 349 saylı ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum əri X2 məxsus olması barədə elektron arayışın və ya elektron çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 349 saylı ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum əri X2 məxsus olması barədə elektron arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 349 saylı sahə ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısının 22 may 1996-cı il tarixli 409 nömrəli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamına əsasən İddiaçı mərhum əri X2 verilmişdir. Həmin sərəncamın 1-ci bəndinə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldırım küç., ev 110-da yaşayan X2 Şüvəlan qəsəbəsində 349 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama uyğun olaraq, torpaq sahəsinin sxemi və xəritədən çıxarış tərtib edilmiş və təsdiq edilmişdir. İddiaçının mərhum əri X3 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin notariusunun xx.xx.2021-ci il tarixli 278 nömrəli məktubu ilə X1 vərəsəsi İddiaçı müəyyən edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********48 nömrəli məktubu ilə sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Milli Arxiv İdarəsinin BA-01903-2021 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov (Xəzər), rayon İcra Hakimiyyətinin sərəncamlarının qeydiyyat kitabında uyğunsuzluq mövcuddur. Belə ki, 409 saylı, xx.xx.1996-cı il tarixli “vət. X2 torpaq sahəsi ayrılması haqqında” sərəncamın qeyd aparılmalı olan müvafiq hissəsində “rayon Gənclər və İdman İdarəsinin yaranmasının bir illiyinin qeyd olunması barədə” sərəncamı qeyd olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sözügedənin imtinası əsasızdır. Belə ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin sərəncamlarının qeydiyyat kitabında texniki səhvə yol verilməsi qeyd edilmişdir. Hesab edir ki, qeyd edilən texniki səhv Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 349 saylı sahədə ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində X1 hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Qeyd olunanlardan da görünür ki, cavabdeh inzibati orqanın mövqeyi özü-özlüyündə belə tam qanunsuzdur və cavabdehin sözügedən mövqeyi qanunamüvafiq qaydada düzgün əsaslandırılmamışdır. Belə ki, mövcud qanunvericilikdə, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sözügedən əsasla hüquqların dövlət qeydiyyatından imtina edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdehin imtinası qanuna uyğun əsaslandırılmamış, yalnız məsələyə aidiyyəti olmayan formal mülahizə ilə kifayətlənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh İdarənin iddiaçıya verdiyi cavab qanunsuz olduğundan onun konstitusion hüquqlarını pozur.

4. Cavabdehin iddiaçının müraciətinə imtinası onunla əsaslanıdırılmışdır ki, ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar Bakı şəhər, Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, “Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin 409 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılarkən yerləşmə cizgisilə bərabər, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktub əlavə edilməmişdir. Həmin məktub ərizəyə əlavə edilmədiyi üçün qeyd olunan torpaq sahəsinin yerləşmə cizgisinə münasibət bildirmək mümkün olmamışdır. Həmçinin həmin sərəncamda ayrılması nəzərdə tutulan torpaq sahəsi 1200 kv.m qeyd olunsa da, təqdim etdiyiniz etibarnamədə 750 kv.m kimi qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı təqdim etdiyiniz Milli Arxiv İdarəsinin BA-01903-2021 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin sərəncamlarının qeydiyyatı kitabında uyğunsuzluq mövcuddur. Belə ki, 409 saylı, xx.xx.1996-cı il tarixii “Vət. Daşdəmirov. Şirməmməd Nurmərnməd oğluna torpaq sahəsi ayrılması haqqında" sərəncamın qeyd aparılmalı olan müvafiq hissəsində “rayon Gənclər və İdman İdarəsinin yaranmasının bir illiyinin qeyd olunması barədə” sərəncamı qeyd olunmuşdur.”

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhər, Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin 409 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılarkən yerləşmə cizgisilə bərabər, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktub əlavə edilməmişdir. Həmin məktub ərizəyə əlavə edilmədiyi üçün qeyd olunan torpaq sahəsinin yerləşmə cizgisinə münasibət bildirmək mümkün olmamışdır. Həmçinin həmin sərəncamda ayrılması nəzərdə tutulan torpaq sahəsi 1200 kv.m qeyd olunsa da, iddiaçı tərəfindən təqdim edilən etibarnamədə 750 kv.m kimi qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı təqdim edilən Milli Arxiv İdarəsinin BA-01903-2021 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin sərəncamlarının qeydiyyatı kitabında uyğunsuzluq mövcuddur. Belə ki, 409 saylı, xx.xx.1996-cı il tarixli “Vət. X2 torpaq sahəsi ayrılması haqqında” sərəncamın qeyd aparılmalı olan müvafiq hissəsində “rayon Gənclər və İdman İdarəsinin yaranmasının bir illiyinin qeyd olunması barədə” sərəncamı qeyd olunmuşdur. Həmçinin, təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 409 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1996-cı il tarixli, 409 saylı sərəncam saxlama vahidində “Vət. X2” fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 166-cı (yüz altmış altı) səhifəsində “Rayon Gənclər və İdman İdarəsinin yaranmasının bir illiyinin qeyd olunması haqqında” məzmunu ilə qeydiyyata alınmışdır.

7. Məhkəməni sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin müayinə aktı məhkəməyə təqdim olunmuşdur. Belə ki, torpaq sahəsi m/daşı ilə hasarlanaraq, iki hissəyə bölünmüşdür, faktiki ölçüsü 1430 kv m, hüquq müəyyənedici sənəd üzrə 1200 kv m, sahədə yaşayış evi mövcuddur.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsinin: Maddə 10. Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... Maddə 13. Torpaq sahələrinin istifadəyə istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.

17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

24. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 409 nömrəli sərəncamı ilə) 1200 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsinin, 349-li sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgisi Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum əri X2 məxsus olması barədə elektron arayışın verilməsi xahiş etmiş, həmin iddia tələbi icraata qəbul edilmişdir. Torpaq sahəsinin faktiki olaraq ölçüsü 1200,0 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum ərinə məxsus olması barədə arayışın verilməsi imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

25. Eyni zamanda iddiaçının təqdim etdiyi cizgidə göstərilən torpaq sahəsinin konfiqurasiya ölçüləri ilə faktiki vəziyyət arasındakı fərqin mövcudluğu, həmin fərqin sxematik olaraq göstərilməklə nədən ibarət olması, yəni hesab edilən fərqin hansı hissədə olması cavavdeh tərəfindən sübut olunmamışdır. Cizgi ilə faktiki vəziyyət arasında fərqin nədə ifadə olunduğunun cavabdeh tərəfindən göstərilməməsinə baxmayaraq, məhkəmə daşınmaz əmlakın müayinə aktında hüquqmüəyyənedici sənəd, yəni icra hakimiyyətinin sərəncamı üzrə torpaq sahəsinin 1200 kv.m olması, faktiki isə 1430 kv.m kimi qeyd edilməsini nəzərə almışdır.

26. Cavabdeh həmçinin etirazında qeyd etmişdir ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin sərəncamlarının qeydiyyatı kitabında uyğunsuzluq mövcuddur. Belə ki, 409 saylı, xx.xx.1996-cı il tarixli “Vət. X2 torpaq sahəsi ayrılması haqqında” sərəncamın qeyd aparılmalı olan müvafiq hissəsində “Rayon Gənclər və İdman İdarəsinin yaranmasının bir illiyinin qeyd olunması barədə” sərəncamı qeyd edilmişdir.

27. Bununla bağlı məhkəmə qeyd edir ki, sərəncamların qeydiyyatı kitabında “Rayon Gənclər və İdman İdarəsinin yaranmasının bir illiyinin qeyd olunması haqqında” məzmunu ilə qeydiyyata alınması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Belə ki, hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamı (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, arxiv fondunda qeyd edilən sərəncam mövcuddur, sərəncamın mötəbərsizliyinə, həmçinin sözügedən torpaq sahəsinin Rayon Gənclər və İdman İdarəsinə verilməsinə dair cavabdeh tərəfindən hər hansı bir dəlil, sübut məhkəməyə təqdim edilməmişdir.

28. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinin istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgizi mövcuddur. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.

29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında iddiaçının qeyd edilən torpaq sahəsinin mərhum ərinə məxsus olması barədə arayışın verilməsi təmin etməlidir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

33. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 349 saylı ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum əri X2 məxsus olması barədə elektron arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar