Məhkəmə qərarları › İş №e-2-1(112)-4104/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4104/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4104/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən fərdi yaşayış evi, evin altındakı və həyətyanı torpaq sahəsinin mərhum atası X4 mülkiyyət hüququ əsasında məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəməmin qərardadı ilə iddiaçının ərizəsi əsasında tələb kimi “Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən sahəsi 214,3 kv.m olan torpaq sahəsinin iddiaçının mərhum atası X4 mülkiyyət hüququ əsasında məxsus olması haqqında arayışın verilməsi” dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 23 may 2002-ci ildə vəfat etmiş iddiaçının atası X2 qanuni sahibliyində və istifadəsində Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24də yerləşən daşınmaz əmlakı olmuşdur. Həmin əmlaka dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən may 1983-cü il tarixli Texniki pasport verilmiş və xx.xx.2004cü il tarixdə sözügedən sənəd korrektə edilərək bu barədə müvafiq qeydlər əlavə edilmişdir. Atası ona məxsus olan torpaq sahəsinə və üzərində olan tikililərə mülkiyyət hüququnu təsdiq edən "Çıxarış" almadan ölmüşdür. Mərhum atasından miras qalmış torpaq sahəsindən və üzərində olan tikililərdən bu günədək istifadə edir. Vərəsəlik hüququnun əldə edilməsi üçün 3 saylı ASAN xidmətə etdiyi müraciət əsasında vərəsəlik işi açılmış və şəhadətnamə verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və köməkçi tikililərə aid olan torpaq sahəsinin ayrılmasına dair ola biləcək hər hansı bir hüquq müəyyənedici sənədlərin (arayışlarını, sənədlərdən çıxarışlarını) əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdrəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müracət etmiş, lakin adları qeyd olunan təşkilatlar heç bir məlumat təqdim etməmişlər. Atasından qalmış daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edib Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən may 1983-cü il tarixli Texniki pasportunu təqdim edərək, mərhum atası X2 qanuni istifadəsində və sahibliyində olmuş Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evi və köməkçi tikililərə habelə torpaq sahəsinin mülkiyyət hüququ əsasında məxsus olması haqqında onun adına arayışın (müvafiq çıxarışın) verilməsini xahiş etdi. Cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, "təqdim edilən Texniki pasport yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11 maddəsinə istinad edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların təqdim edilməlidir". Hüquqmüəyyənedici sənədlər təqdim olunacagı halda müraciətə yenidən baxılmasını bildirmişdir. Belə bir cavabla razılaşmır. Hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Apparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin hüquq varisi olduğu üçün, həmin sənədləri öz arxivində saxlamalı və edilən müraciətə əsasən onların mövcudluğunu arxivdə yoxlamalı idi. Lakin cavabdeh bunun əvəzinə verdiyi cavab məktubunu hüquqi yardım xarakteri daşıdığını göstərsə də, "Çıxarış"ın alınmasına əsas kimi nəzərdə tutduğu sənədi əldə edə bilmədiyi üçün, məktubu faktiki olaraq imtina kimi qəbul edir. Cavabdehin hərəkətsizliyi mərhum atasının qanuni istifadəsində və sahibliyində olmuş torpaq sahəsi və yaşayış evi üzərində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsi ilə verilmiş mülkiyyət hüququnu əldə etmək imkanından məhrum edildiyinə gətirib çıxarılması kimi qiymətləndirir və hesab edir ki, cavabdehin inzibati aktın qəbul olunmasından faktiki olaraq imtina etməsi konstitusyon hüquqların və qanunla qorunan maraqların pozulduğuna gətirib çaxarmışdır. Buna görə hüquqlarımın müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir.

4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “təqdim edilən texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport təqdim edilməlidir. Bundan əlavə, ərizəçinin vərəsə olmasına dair vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər idarəyə təqdim olunacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.”

5. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “idarənin arxivində tərəfinizdən təqdim edilən xx.xx.1991-ci il tarixli, 30/1012 nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə təqdim edilən texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Təqdim edilən texniki pasportda əmlakın ünvanı ünvan 2təxəssisləri tərəfindən göstərilən torpaq shəsinə yerli baxış zamanı məlum olmuşdur ki, şimal tərəfdəki qonşunun 27.5 kv.m torpaq sahəsinin sərhədi dəyişdirilərək göstərilən əraziyə birləşdirilmişdir. Eyni zamanda təqdim edilmiş texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli miras payın bağlanması müqaviləsinin surətinə əsasən X7, X6 23 may 2002-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış bütün əsaslarla onlara çatan miras payını bacısı İddiaçı bağışlamışdır.

8. İş materiallarında olan 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli 2120 nömrəli məktubunda qeyd edilmişdir, mərhum X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi - qızı İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət daxil olmuşdur. X2 xx.xx.2002-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi- qızı İddiaçı ərizəsi əsasında tərəfimizdən V-465/2023 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd-Çıxarış verilməsi xahiş olunur.

9. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncamlar və digər sənədlər verilmə tarixindən 5 il müddət keçdikdən sonra Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin Bakı Filialına təhvil verildiyindən qeyd olunan ünvanda vətəndaş X4 fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün torpaq sahəsinin ayrılması barədə Rayon icra Hakimiyyətində məlumat yoxdur.

10. İş materiallarında olan Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfət Nazirliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

11. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin “Fərdi yaşayış evinin Texniki Pasportu”na əsasən X5 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olaraq qeyd olunmuşdur. Pasporta əsasən cəmi tikilinin sahəsi 98.9 kv.m, cəmi meydançanın sahəsi isə 214.3 kv.m. olaraq göstərilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “sənədlərin surətlərinin verilməsi barədə” məktubda qeyd olunur ki, sözügedən fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surətini təqdim edilir. Həmin texniki pasportun verilməsinə əsas olan sənədlər arxiv əsaslarında aşkar olunmamışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli “sənədlərin surətlərinin verilməsi barədə” məktubla Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1983-cü il tarixdə tərtib olunmuş texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib olunan Texniki Pasportdan görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olaraq qeyd olunmuşdur. Pasporta əsasən cəmi tikilinin sahəsi 98.9 kv.m, cəmi meydançanın sahəsi isə 214.3 kv.m. olaraq göstərilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunur: Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 214.3 kv.m, faktiki 241.8 kv.m (27.5 kv.m) təşkil edir. Bir tərəfi qonşu, üş tərəfi qonşudur. Torpaq sahəsində 52.3 kv.m yardımçı tikililər inşa olunmuş, 20.0 kv.m talvar quraşdırılmışdır. Şimal tərəfdəki qonşunun 27.5 kv.m torpaq sahəsi sərhəd dəyişdirilərək əraziyə birləşdirilmişdir. Miras mülk mövcuddur, yararlıdır.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

21. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi 214.3 kv.m. torpaq sahəsi ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X2 adına “Fərdi yaşayış evinin Texniki Pasportu” Texniki Pasport tərtib edilmişdir, həmin şəxs isə xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

24. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

31. Qeyd olunmalıdır ki, Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzilkommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlamışdır.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq X3 adına Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən həyətin ümumi sahəsi 214.3 kv.m olaraq göstərilmişdir.

33. Hazırkı işdə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, iddiaçıbın mərhum atası X2 adına rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsi ona Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir.

34. Göründüyü kimi, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur.

35. Cavabdehin dəlili ondan ibarətdir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirlən zaman texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiyada fərqlər mövcuddur.

36. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24də yerləşən 214,3 kv.m torpaq sahəsinə dair X3 adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport mövcuddur. Vərəsəlik işinin açılması barədə notariat ofisinin məktubunun mövcud olması iş materialları ilı sübut olunur. Texniki pasporta əsasən torpaq sahəsinin cəmi ölçüsü 214.3 kv.metr olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur. İmtinaya digər əsas hal kimi göstərilən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiyada mövcud olan fərqlərin nədən ibarət olması cavabdeh tərəfindən dəqiq göstərilməyərək həmin ziddiyyət sübut edilməmişdir.

37. Məhkəmə hesab edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə iddiaçının mərhum atasının hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

38. Odur ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.

39. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

40. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən sahəsi 214,3 kv.m olan torpaq sahəsinin iddiaçının mərhum atası X4 mülkiyyət hüququ əsasında məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar