Məhkəmə qərarları › İş №e-2-1(112)-4111/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4111/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4111/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı (üçüncü şəxs Əliyev Mehman Babaş oğlu cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 6 fevral 2018-ci il tarixli ******* nömrəli çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və hərrac protokolarının etibarsız edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əliyev Mehman Babaş oğlu 2018-ci il tarixdə ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinə dair çıxarış təqdim etmişdir. Həmin çıxarışın alınması qanunsuzdur. Belə ki, həmin qeyri yaşayış sahəsinə texniki baxışı keçirilmədən texnniki pasport və çıxarış verilmişdir. İddiaçı hesab edir ki, həmin çıxarış ləğv olunmalıdır. Həmin sahənin mülkiyyəti, sərancamı və istifadəsi ona aiddir. Belə ki, iddiaçı alqı-satqı edərək həmin zirzəmin üstündəki 1-ci mərtəbəni və həmin zirzəmi sahəsini almışdır. Ancaq maraqlı şəxs iddiaçının məlumatı olmadan hansısa yolla həmin zirzəminin texniki pasportu və çıxarışını hazırlayıb. Oranın açarı yalnız iddiaçıda və ya icarədar İsmayılda olub. İçərini ölçmədən sahənin kvadratı və sxemin tərtib ediblər. Həmin zirzəmi sahəsinin hərraca çıxarılması barədə prosedurların keçirilməsi barədə iclaslar keçirilməmiş, digər iştirakçı üzvləri kimi iddiaçının da həmin iclaslarda iştirakı və xabəri olmamışdır, bu prosedurları qanunsuz hesab edir. Mövcud qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi barədə hərrac elanları ictimai yerlərdə göstərilməlidir. Lakin bu prosedurlar keçirilməmiş, ciddi qanun pozuntularına yol verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Əliyev Mehman Babaş oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan qeyri yaşayış sahəsi Harracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən harracda 01/04 №-1i protokol əsasında hüquq sahibi Əliyev Mehman Babaş oğlu tərəfindən əldə edilmişdir və hazırda onun mülkiyyətindədir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Əliyev Mehman Babaş oğlu və digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini olduğu kimi müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, sözügedən qeyri-yaşayış sahəsinin ona ayrılmasına dair hər hansı başqa sübutu yoxdur və hazırda sahə istifadəsində deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin qeyri-mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Hazırkı işin hallarından müəyyən olunur ki, tərəflər arasında mübahisənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Əliyev Mehman Babaş oğlunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı reyestr qeydiyyatının ləğvi təşkil edir. Lakin iş materiallarında iddiaçının eyni tələb ilə bağlı nə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciəti müəyyən edilmiş, iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Belə ki, yuxarıda istinad olunan Plenum Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Bundan başqa, iddiaçı ünvan 3 ünvanında yerləşən mübahisəli qeyri yaşayış sahəsinin ona ayrılmasına dair hüquqmüəyyənedici sənədləri, yaxud həmin obyektin istifadəsində olmasına dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu isə iddiaçının üçüncü şəxsin adına aparılmış müvafiq qeydiyyatı mübahisələndirmək üçün subyektiv hüququnun olmamasını deməyə əsas verir. Həmçinin, araşdırma dövründə müvafiq sorğu əsasında cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin arxiv qovluğunda mövcud olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Əliyev Mehman Babaş oğlu arasında bağlanmış müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 3796 №li müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndindən görünür ki, müqavilənin predmetini “alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 01/04 №-li protokola əsasən satın aldığı 17.4 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən hərracın yekunları haqqında protokol və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə üçüncü şəxs arasında bağlanan xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilə olmuşdur. Belə olan halda, nə qədər ki, qeyd olunan hərrac protokolu və alqı-satqı müqaviləsi qüvvədədir, üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvindən söhbət gedə bilməz. Bunun üçün ilk növbədə hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb irəli sürülə bilər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri, həmçinin tələbi ilə bağlı cavabdeh inzibati orqana ilkin müraciətini təqdim edə bilmədiyindən, eləcə də hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş, tərəflərin fikri dinlənilmiş, iddiaçıya zəruri hüquqi təkliflər verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddia ərizəsinin mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar