Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4114/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin və təqaüdün ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun müharibə veteranı müavinətini və təqaüdünü hazırkı təyinat tarixindən əvvəlki illər üzrə hesablamaq və bu hesablamaya görə ödəniş etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya, Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 27 may 2021-ci il tarixli, 9/2-4120 №-li arxiv arayışına əsasən 23 iyun 2021-ci il tarixli, 782 nömrəli protokol ilə ona Müharibə Veteranı adı və 23 iyun 2021-ci il tarixli, M/V № 089260 saylı müharibə veteranı vəsiqəsi vermişdir. Cavabdeh tərəfindən 01 sentyabr 2021-ci il tarixli ərizəsinə əsasən ona müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində Prezident təqaüdü təyin edilib. Cavabdeh təqaüdü 23 iyun 2021-ci il tarixdən, yəni vəsiqənin verildiyi andan təyin edib. Vəsiqənin əhatə etdiyi döyüş tarixi 29 dekabr N3cü il tarixdən N iyun N4-cü il tarixə qədər olan müddətdir. 20.10.2021-ci il tarixdə onun yazılı ərizəsilə birlikdə Komissiyanın 29 sentyabr 2021-ci il tarixli, 1/M-17901 və Arxiv idarəsinin 27 may 2021-ci il tarixli, 9/2-4120 №-li arayışlarını 1 saylı Bakı DOST Mərkəzinə təqdim etməklə cavabdehdən müavinət və təqaüdü əvvəlki üç il üçün hesablamasını xahiş etmişdir. Lakin cavabdeh xahişə imtinaedici məktubla cavab verib. Cavabdeh 05.11.2021ci il tarixli imtinaedici məktubunda yanlış izahat verməklə əvvəlki üç il üçün ödəmələrin aparılmasının yolverilməz olduğunu bildirir. O, əsassız olaraq müharibə veteranı üçün nəzərdə tutulmuş müavinət və təqaüdün bir hissəsindən mərhum edilmiş və həmin hissəni ala bilməmişdir. Cavabdeh Komissiyanın və Arxiv İdarəsnin arayışlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinin (iddia müddətləri) 3-cü bəndinə (Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə idda müddəti üç ildir) uyğun olaraq vəsiqənin əhatə etdiyi döyüş dövrünü nəzərə almalı və ona 01 iyul 2018-ci il tarixdən 01 aprel 2019-cu il tarixə qədər olan müddət (9 ay) üçün hər ay üzrə 55 (əlli beş) manat müavinət və 01 aprel 2019-cu il tarixdən 01 iyul 2021-ci il tarixə qədər olan müddət (27 ay) üçün hər ay üzrə 80 (səksən) manat təqaüd təyin etməli idi. Amma cavabdeh imtina məktubunda "Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55 (əlli beş) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndinin ləğv edildiyini bildirməklə müavinətin verilməsini mümkünsüz sayır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndi Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il 641 №-li Fərmanının 1-ci bəndinə əsasən "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edildikdən və onun aylıq məbləği 80 manat müəyyən olunduqdan sonra 01 aprel 2019-cu il tarixdən sonrakı dövrlər üzrə qüvvəsini itirmiş olur. Amma, 01 aprel 2019-cu il tarixə qədərki dövr üzrə qüvvəsini saxlamış olur. Buradan aydın görünür ki, cavabdeh müavinətlə bağlı düzgün qərar qəbul etməmişdir. Cavabdeh imtina məktubunda Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edərək nəzərdə tutulmuş güzəştlərin Veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyini bildirməklə müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün Veteran vəsiqəsi təqdim edildiyi (23.06.2021-ci il) tarixdən qanunauyğun olaraq təyin edildiyini bildirir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində Veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyi bildirilir. Yəni veteran vəsiqəsi olmadan təqaüd təyin oluna bilməz kimi başa düşülür. 7-ci maddə təqaüdün təyinat dövrünə heç bir qadağa qoymur. Buradan aydın görünür ki, cavabdeh təqaüdlə də bağlı düzgün qərar qəbul etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin qəbul etdiyi imtina qərarı qanunsuzdur və onun üzərinə müavinətin və təqaüdün yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı veteran vəsiqəsi 2021-ci ilin iyun ayının 23-də verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 23.06.2021-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 23.06.2021-ci il tarixindən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət deyil, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə (23.06.2021) Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o bu imkandan yararlanmışdır. Bu səbəblə iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. "Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsi qanuni deyildir. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Buna görə də hesab edirik ki, İddiaçı “müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətinin və ya təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2- 4120 №-li, 27.05.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “M”; səh.-31, sıra-356; qeyd: məlumatda şəxsi heyətin siyahısından çıxarılması barədə komandirin əmri və nömrəsi qeyd edilməmişdir) Şamaxı RHK-dan çağırılmış, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı komandirin 29.12.N3-cü il tarixli, 363 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 26.04.N4-cü il tarixli müvafiq əmrə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq, N №-li hərbi hissəyə köçürülməsi barədə məlumat vardır. Sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26.04.N4-cü il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 152 №-li əmrilə (əsas: səh.- 4, §6; qeyd: əmrdə göndərildiyi hərbi hissə: “706” qeyd edilmişdir) 02.06.N4-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin 12.08.N4-cü il tarixli, 183 №-li əmrində (əsas: §3, sıra-3; qeyd: əmrdə atasının adı yazılmamışdır) sıravi Mecid Mecidovun döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək, qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Daimi xidmət yerinə göndərildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 16.08.N4-cü il tarixli, 187 №-li əmrilə (əsas: səh.-9, §6, sıra-1) qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 28.09.N4-cü il tarixli, 229 №-li əmrilə (əsas: §2) ştatdan kənar edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin 29.12.N3-cü il tarixli, 363 №-li əmrində və N №-li hərbi hissə komandirinin iyun N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifaba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 29.09.2021-ci il tarixli, №1/M-17901 məktubun surətindən görünür ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və 23.06.2021-ci il tarixli, 782 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmişdir. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 23.06.2021-cİ il tarixli, M/V 089260 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı "DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir, lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. "Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, "Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və "Sosial müavinətlər haqqında" Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər "Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd "Veteran vəsiqəsi” təqdim edildiyi (23.06.2021-ci il) tarixdən qanunauyğun olaraq təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. - 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinin bir hissəsi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi 23.06.2021-ci il tarixindən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilir. İddiaçı 01 iyul 2018-ci il tarixdən 01 aprel 2019-cu il tarixə qədər olan müddət üzrə müavinətin və 01 aprel 2019-cu il tarixdən 01 iyul 2021-ci il tarixə qədər olan müddət üzrə təqaüdün hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana qarşı iddia tələbi irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 4.0.1.6-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 №li Fərmanının: - 1-ci bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. - 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bundan əlavə 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı statusunu 23.06.2021-ci ildən əldə etdiyindən və ona həmin vaxtdan Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edildiyindən əvvəlki illər üçün ödəmələrin aparılmasından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4114/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4114/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver