Məhkəmə qərarları › İş №e-2-1(112)-4135/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4135/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4135/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha hesabı ilə 5-1590 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə "xxxx" QSC üçüncü şəxs qismində işə cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin “Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” 15 aprel 1999-cu il tarixli №096 sərəncamından çıxarışda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun X6 və Həmkarlar İttifaqı Komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınsın və vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında" əmrindən çıxarışında, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 İdarəsinin 26 iyul 2024-cü tarixli №1-2-28/2-479/2024 nömrəli “arxiv arayışı”nda qeyd olunmuşdur ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0,10 ha hesabı ilə 5-1590 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Xəzər rayonu Buzovna qəsəbəsi X4 balansında olan torpaq sahəsinin istifadəsinə dair İddiaçı aynlmış həyətyanı torpaq sahəsinin plan-cizgisi də tərtib olunmuşdur. Vətəndaş yuxarıda qeyd olunan torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin bundan imtina edilmişdir. Hal-hazırda hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha hesabı ilə 5-1590 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır.

4. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrıcından kənarda yerləşməklə, bir hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə, perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsi (967 kv.m) Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrıcından kənarda yerləşməklə, bir hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin (SOCAR Bağlan QSC) adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə, perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

6. Məhkəmə sorğusu əsasında Prezidentinin İşlər İdarəsi X3 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1-2-28/2-734/2024 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrində qeyd edilmişdir ki, siyahıda adları göstərilən X4 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir.

7. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1-2-28/2-734/2024 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli 02 saylı Protokolundan olan çıxarışında qeyd edilmişdir ki, siyahıda qeyd olunan X4 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin çıxarışa əlavə edilmiş siyahının 590 bəndində İddiaçı qeyd edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş torpaq sahəsinin plan-cizgisində görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi X4 balansında olan torpaq sahəsinin istifadəsinə dair İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi tərtib edilmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin sərhədinin iki tərəfi m/daş hasar, iki tərəfinə isə m/daş düzülüb. Qapı yoxdur. İki tərəfi yol, iki tərəfi qonşudur. Tikili yoxdur. Torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 1000 kv.m-dir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

22. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

23. Cavabdehin imtinasının dəlili elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrıcından kənarda yerləşməklə, bir hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşməsi olmuşdur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə, perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu əsas gətirilmişdir.

24. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmri ilə torpaq sahəsi iddiaçıya ayrılmış, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan-cizgisi təsdiq edilmişdir. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil.

25. Məhkəmə hesab edir ki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 saylı Əmri torpaq sahəsinin plan-cizgisi ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

26. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq torpaq sahəsinin əksər hissəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrıcından kənarda yerləşməklə, bir hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşməsinin bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ayrıc aktında kənarda, iddiaçı ilə qonşuluqda yerləşən torpaq sahələrinə çıxarışlar verilmişdir. Çıxarışların verilməsinə əsas olan sənəd isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 müvafiq əmrləri olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

27. Beləliklə məhkəmə hesab edir ki, torpaq sahəsinin yerləşməsində sürüşmə baş verib. Belə ki, cavabdehin məktubunda bildirilmişdir ki, 1000 kv.m sahənin 967 kv.metri ayrıc aktından kənarda yerləşir.

28. Cavabdehin imtinasının digər dəlili olaraq göstərdiyi yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə, perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 hektar 5-1590 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar