Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4136/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6101” saylı, 0.12 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin xx.xx.1993-cü il tarixli, 1496 nömrəli orderə əsasən 93 saylı BTK-nın nəzdində olan, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan, “6101” saylı bağ sahəsi İddiaçı Mürvət oğluna ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının xx.xx.2015-ci il tarixli, 36/618 saylı arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 saylı “Bağ sahsinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” sərəncamı ilə İddiaçı Ləhiş BTK ərazisindən bağ sahəsi ayrılmışdır. X4, X2, X3 tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli aktda göstərilmişdir ki, həmin bağ sahəsi İddiaçı faktiki istifadəsindədir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı”na əsasən, Ləhiş qəsəbəsində BTK 93 ərazisində yerləşən 6101 saylı bağ sahəsinin naturada yerləşməsi müəyyən edilərək İddiaçı təhvil verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********02 sylı və xx.xx.2024-cü il tarixli **********10 saylı məktubları ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi, iddiaçının ərazisində göstərilmiş bağ sahəsinin bağların sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyi, xəritəyə əsasən ərazinin 6099 saylı bağ sahəsinə uyğun gəldiyi, həmçinin, orderin İdarənin arxivində aşkar edilmədiyi göstərilmişdir. Halbuki, cavabdehin özü tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı”na əsasən, həmin sahə iddiaçıya təhvil verilmişdir. Orderə dair arxiv arayışı isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən ərazi 6099 saylı bağ sahəsinin yerinə uyğun gəlir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-P-0074-8/2024 **********10 nömrəli məktubla imtina edilmişdir.
8. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçının Nardaran qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli akta əsasən daş hasara alınmış torpaq sahəsi İddiaçı məxsusdur və faktiki onun istifadəsindədir. Həmin sahə dairəvi yoldan 75 metr məsafədə yerləşir.
9. 93 nömrəli BTK tərəfindən verilmiş 127 nömrəli orderə əsasən İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1496 nömrəli sərəncamına əsasən Ləhiş bağlar sahəsində, 93 nömrəli BTK-nın nəzdində 0.12 ha ölçüdə, 6101 nömrəli bağ sahəsi ayrılmışdır. 10.Torpaq sahəsinin planı cavabdeh tərəfindən tərtib edilərək təsdiq edilmişdir.
11. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 36/618 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 saylı sərəncamına əsasən İddiaçı Ləhiş 93 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 23 dekabr 2024-cü il tarixli, 3-21-3-30/2-51785/2024 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1496 saylı sərəncamına əsasən İddiaçı adına Ləhiş bağ massivində, 0.12 ha torpaq sahəsi olan 6101 saylı bağ saəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq 93 saylı BTK-ya aid sənədlərin və digər müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə tədim edilmişdir.
13. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçının Nardaran qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 14 may 2025-ci il tarixli, 5-18-6/2-39/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ilə əlaqə saxlanılaraq evinə baxış keçirilmiş və evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşadıqları məlum olmuşdur. Ləhiş bağ massivi, “6101” saylı bağ sahəsinin həmin evə aid olub-olmaması haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İşin hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 saylı sərəncamına əsasən İddiaçı Ləhiş 93 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən 93 nömrəli BTK tərəfindən İddiaçı 0.12 ha ölçüdə, 6101 nömrəli bağ sahəsi ayrılması barədə 127 nömrəli order verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, sxematik xəritəyə əsasən göstərilən ərazinin 6099 saylı bağ sahəsinin yerinə uyğun gəlməsinə istinad edilməklə imtina edilmişdir.
24. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - iddiaçıya ayrılmış bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 0.12 ha təşkil etməklə, həmin vaxdan mübahisəsiz olaraq iddiaçının istifadəsindədir. Belə ki, sözügedən sərəncamın və həmin sərəncam əsasında verilmiş orderin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən həmin sərəncam və order mötəbər qiymətləndirilməlidir. Bundan əlavə, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuqluq təşkil etməsi iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz, çünki, bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması öhdəliyi cavabdeh orqanın özünün vəzifəsidir.
25. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.
26. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6101” saylı, 0.12 ha ölçüdə bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva