Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4176/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı qanuni nümayəndəsi X6, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, azyaşlı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, iddiaçının X5 İddiaçı əvəz edilməsini, cavabdehin isə Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X16 övladlığa götürmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İ №013 seriyalı övladlığa götürmə haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında da X17 yeni ad və soyad verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İİİ № 952247 seriyalı doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə ad və soyadı İddiaçı, ana adı və soyadı Qasımova Kəmalə, ata adı və soyadı isə övladlığa götürənin atasının adı Qasımov Elxan qeyd olunmuşdur. Övladlığa götürüldüyü ilk gündən azyaşlı İddiaçı Qasımov Elxanın himayəsində olmuşdur. Azyaşlının səhhətində problemlər olduğundan onun müalicəsi X7 vəsaiti (pensiyası) hesabına həyata keçirilmişdir və X23 azyaşlıya valideynlik etmiş, onun qayğısına qalmışdır. X12 xx.xx.2023cü il tarixində “dəqiqləşdirilməmiş sepsis” diaqnozundan ölmüşdür və onun ölümü xx.xx.2023-cü il tarixində 530 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 23 saylı Notariat ofisindən verilmiş xx.xx.2023-ci il tarixli məktubdan görünür ki,vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə əsasında xx.xx.2023-cü il tarixində vəfat etmiş, ünvan 1 ünvanında yaşamış, xx.xx.1945-ci il təvəllüdlü X7 adına Bakı şəhəri 23 saylı Nortariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi və miras əmlakdan onlara çatacaq pay aşağıdakı kimi müəyyən edilmişdir. 1.Qızı- X11 ½ payqanun üzrə vərəsə, 2. İddiaçı ½ pay-qanun üzrə vərəsə. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-ci il tarixli iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (X21) X11 tərəfindən övladlığa götürülmüş, Nəsimi rayon qeydiyyat şöbəsində tərtib edilmiş 0044 1 0213 14062017 nömrəli doğum haqqında akt qeydində, AZ-İ 013541 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədə və AZ-İİİ 952247 nömrəli doğum haqqında şəhadətnamədə X6 göstərişi ilə İddiaçı (X21) atası X12 qeyd edilmişdir. Belə ki, qanunvericiliyə əsasən bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz və aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Mərhum X1 Kəmalə Elxan qızının atası olduğundan qanunvericiliyin tələbinə əsasən İddiaçı (X21) onun tərəfindən də övladlığa götürülməsinin mümkün olmaması işin mübahisəsiz halıdır. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. Hazırkı iş üzrə iddiaçı yalnız X11 tərəfindən övladlığa götürüldüyündən, habelə X3nun övladlığa götürülmüş uşağın atası kimi X6 göstərişi ilə qeyd edildiyindən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkünsüz olmuşdur. Belə ki, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. İddiaçı (X21) X12 tərəfindən övladlığa götürülməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir və övladlığa götürmüş şəxsin göstərişi ilə şəxsin ata kimi qeyd edilməsi həmin şəxsin valideynlik hüquq və vəzifələrinin yaranmasının əsası kimi qəbul edilə bilməz. Nəticə etibarilə, X3nun İddiaçı (X15) atası olması faktını təsdiq edən müvafiq sənədi (atalığın müəyyən edilməsi barədə şəhadətnamə və ya övladlığa götürmə ilə bağlı məhkəmə qərarı) təqdim edilmədiyindən əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxılmasının mümkünlüyü bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ №362681 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 531 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1.atası - X12 (24.04,1945) (Ölüm tarixi xx.xx.2023); 2.anası: X13 (xx.xx.1949); 3.qızı: İddiaçı (xx.xx.2016) İş materiallarından görünür ki, Kəmalə Qasımova Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (X21) övladlığa götürmüşdür. İşdə olan AZ-İ “013541 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 Kəmalə Elxan qızı tərəfindən övladlığa götürülmüş və ona İddiaçı adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 24 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2017-ci il tarixli ********* saylı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı (X21) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X12, anası X9r. Ata haqqında qeyd yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən aparılmış, doğumun qeydi ilə bağlı AZ-İİİ №903286 saylı şəhadətnamə verilmişdir. İddiaçı hazırda onun doğum haqında akt qeydində ata adının X12 yazılmasına istinad edərək, həmin şəxsin ölümü ilə bağlı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – ƏPQ) əsasən: -maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. - maddə 16.1. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. - Maddə 16.2. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. İstinad olunan normalardan görünür ki, qanunverici ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin siyahısını konkret olaraq müəyyən etmiş, hər hansı əlavə şərt müəyyən etməmişdir. Normaya əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının doğma uşağı (14.1.1-ci maddədə göstərilən şərtlər daxilində) və ya övladlığa götürdüyü şəxs onun vəfatı ilə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. - maddə 117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. - maddə 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. - maddə 127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. -maddə 134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. İstinad olunan normalardan görünür ki, ər-arvad olmayan iki şəxs bir uşağı övladlığa götürə bilməz və övladlığa götürmədən sonra övladlığa götürülənin doğum haqqında akt qeydində övladlığa götürən qadının göstərişi ilə hər hansı bir şəxsin ata kimi qeyd edilməsi həmin şəxsə övladlığa götürən statusu, buna uyğun olaraq da müvafiq hüquq və vəzifələr vermir. Çünki yalnız övladlığa götürənlər övladlığa götürülənə münasibətdə doğma valideynə bərabər tutularaq onun şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə malik olur. Övladlığa götürənin qohumu isə öz statusuna uyğun olaraq övladlığa götürülənə münasibətdə hüquq və vəzifə daşıyır. Yəni işin hazırkı halında mərhum E.Qasımov İddiaçı övladlığa götürmədiyindən, onu övladlığa götürən K.Qasımovanın atası olduğundan, iddiaçıya münasibətdə valideynin deyil, babanın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə malik olmuşdur. Belə olan halda isə aydındır ki, o, iddiaçının valideyni hesab edilə (doğma uşaqla bir səviyyədə tutula) və onun vəfatına görə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciəti ilə bağlı qəbul etdiyi imtina qərarı qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı iş üzrə belə bir hal olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4176/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4176/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver