Məhkəmə qərarları › İş №e-2-1(112)-4178/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4178/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4178/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «həyətyanı torpaq sahəsinə və əlavə tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 2 noyabr 2023-cü il tarixli 3-213/-30/2- 39839/2023 nömrəli bildirişi ilə Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 177 ünvanında hazırkı İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportla reyestrdən çıxarış arasında olan 80 kv.m uyğunsuzluğun aradan qaldırılması haqqında müraciətin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı 9 fevral 1993-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 125 “a” (hazırda X4 küçəsi 177) ünvanında həyətyanı torpaq sahəsi ilə birlikdə, 1953-cü ildə inşa edilmiş 1 mərtəbəli, “fin” tipli yaşayış evini (kərpicdən tikilmiş) almışdır və hal-hazırda həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşayır. Binanın kərpicdən tikilməsi və inşa olunduğu müddətdən xeyli vaxt keçməsi səbəbindən ciddi təmirə ehtiyacı olduğu nəzərə alınmaqla, 1993-cü ildə aparılmış yenidənqurma və əlavə inşaat işləri nəticəsində yaşayış və torpaq sahəsinin ölçülərində müəyyən dəyişikliklər baş vermişdir. Aparılmış dəyişikliklər barədə iddiaçı tərəfindən aidiyyati üzrə Nərimanov RİH-ə ərizə ilə müraciət olunmuş və RİH-in məsul əməkdaşlarının iştirakı ilə yerində texniki baxış keçirilmişdir. Keçirilmiş texniki baxış nəticəsində qeyd olunan ünvanda 1993-cü ildə aparılmış yenidənqurma və əlavə inşaat işləri nəticəsində inşa olunmuş birmərtəbəli fərdi yaşayış evinin və torpaq sahəsinin eskiz layihəsi Nərimanov RİH-in 30 okrtabr 2013-cü il tarixli 504 saylı sərəncamı və RİH-in memarı tərəfindən təsdiq olunmuş və həmin sərancamla 460,4 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 224,9 kv.m-dən (65,4 kv.m yaşayış və 159,5 kv.m köməkçi sahə) ibarət bir mərtəbəli fərdi yaşayış evinin və 235,5 kv.m torpaq sahəsinin mövcud vəziyyətdə sənədləşməsinə icazə verilmişdir. Bundan sonra, həmin ünvanda torpaq sahəsinin planı və ölçüsünün (kadastrının) təsdiq olunması barədə iddiaçı tərəfindən həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilmiş və Komitə tərəfindən 13 may 2014-cü il tarixdə 38441 sayla qeydiyyata alınmaqla, 460,4 kv.m torpaq sahəsinin planı və ölçüsü (kadastr) təsdiq olunmuşdur. Daha sonra iddiaçı müvafiq sənədlər əsasında cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və onun 144,9 kv.m yaşayış və köməkçi sahə üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır (16 yanvar 2023-cü il tarixli ********** saylı reyestrdən çıxarış). Eyni zamanda ona 13 yanvar 2023-cü il tarixli **********67- 10301 saylı texniki pasport verilmişdir ki, bu sənədlə də onun 144,9 kv.m yaşayış və köməkçi sahə, 80 kv.m həyət tikilisi, ümumilikdə 224,9 kv.m üzərində mülkiyyət hüququ tanınmışdır. Lakin, göründüyü kimi, texniki pasportda qeyd olunan 80 kv.m həyət tikilisi reyestrdən çıxarışda öz əksini tapmamıdır. Eyni zamanda, texniki pasportda və kadastrda qeyd olunan ümumi sahəsi 460,4 kv.m olan torpaq sahəsinin (224,9 kv.m tikintialtı sahə və 235,5 kv.m həyətyanı sahə) ölçüsü və planı qeyd olunsa da, cavabdeh tərəfindən əsassız olaraq, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasından imtina edilmişdir. Məsələnin hüquqi tərəfi aşağıdakı sənədlər və normativ-hüquqi aktlarla əsaslandırılır: Bakı şəhəri Nərimanov RİH-in müvafiq sərancamı ilə təsdiq olunmuş eskiz layihə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş kadastr )paln və ölçü). Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.2, 139.1, 139.3-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə, İPM-in 2.1, 33.1-ci maddələrinə əsaslanaraq, torpaq sahəsinin özəlləşdirilməsi yolu ilə iddiaçıya verilmiş texniki pasportda və kadastrda qeyd olunan, ümumi sahəsi 460,4 kv.m olan torpaq sahəsinin (224,9 kv.m tikintialtı sahə və 235,5 kv.m həyətyanı sahə) üzərində mülkiyyət hüququnun tanınması və göstərilən texniki pasportla çıxarış arasında olan 80 kv.m-lik uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdeh “Daşınmaz Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı 23 sentyabr 2022-ci il tarixli və 5 oktyabr 2023-cü il tarixli ərizələrlə İdarəyə müraciət etmişdir. Ona 23 iyun 2023-cü il tarixli məktublarla cavab verilmişdir. İlkin olaraq mənzil kimi qeydiyyatdan keçmiş əmlakın sökülərək yerində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə texniki pasport arasında uyğunsuzluq mövcuddur. Belə ki, “B” tikilisi texniki pasportda ayrıca həyət tikilisi kimi qeyd olunmuşdur. Qeyd olunanlara və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 177 ünvanında yerləşən 460,4 kv.m torpaq sahəsi və 80 kv.m tikiliyə (yaşayış sahəsinin) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci yarımbəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti ünvanında yerləşən 177 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti ünvanında 125 a saylı fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 460,4 kv.m torpaq sahəsinə dair texniki pasport tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 125 a ünvanında yerləşən İddiaçı məxsus mənzilin eskiz layihəsində mənzilin A tikintinin və B tikintinin planı göstərilmişdir. İş materiallarında olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti ünvanında yerləşən 177 saylı fərdi yaşayış evinə dair texniki pasportun surətindən görüür ki, həmin evin texniki pasportunda tikinti altı torpaq sahəsinin 0,02296 ha, digər sahənin 0,02357 ha olması öz əksini tapmışdır. Eyni zamanda texniki pasportda həyat tikilisinin 80 kv.m olduğuda göstərilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 125A ünvanında yerləşən daşınmaz əmlaka “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, X4, 177 ünvanlı rekviziti təyin edilmişdir. Belə ki, yuxarıda göstərilmiş hər iki ünvan rekviziti qeyd olunan fərdi yaşayış evinə aid olmaqla eynilik təşkil edir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 177 saylı fərdi yaşayış evi üzərində yüklülük ləğv edilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına “üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)” da daxil etmişdir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Hazırkı iş üzrə cavabdeh inzibati orqan lazımi sübutlara əsaslanmaqla iddiaçının təqdim etdiyi sənədlərdəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda hüquq müəyyənedici sənədlərdəki qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə hüquq müəyyənedici sənədlərdə olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Cavabdeh inzibati orqanın 460,4 kv.m torpaq sahəsi ilə bağlı irəli sürdüyü dəlillərinə gəldikdə, məhkəmə vurğulayır ki, iddia olunan torpaq sahəsinin 224,9 kv.m hissəsi tikintialtı sahə olduğundan və iddiaçının həmin sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alındığından, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməlidir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə 460,4 kv.m ölçüdə müvafiq torpaq sahəsi əks olunan texniki pasportu və fərdi yaşayış evinə dair reyestrdən çıxarışı təqdim etdiyi halda, ondan hüquqların qeydiyyatı ilə bağlı əlavə hüquqmüəyyənedici sənədin tələb olunması qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələrinə ziddir. Cavabdehin 80 kv.m tikiliyə münasibətdə irəli sürdüyü dəlilə gəldikdə isə, məhkəmə vurğulayır ki, cavabdehin həmin dəlilləridə imtina əsası kimi qiymətləndirilmir. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olduğu kimi Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 125A və Bakı şəhəri, Nərimanov rayonu, X4, 177 ünvan rekvizitləri altında olan əmlak eynidir və iddiaçıya məxsusdur. Təqdim olunmuş eskiz layihəsindən və fərdi yaşayış evinin texniki pasportundan məlum olur ki, 80 kv.m sahə yaşayış sahəsi kimi olmaqla həmin sənədlərdə öz əksini tapmışdır. Belə olan halda, iddiaçının həmin sahəyə münasibətdə də hüquqların yaranması təsdiq olunur. Cavabdeh imtina məktubunda fərdi yaşayış evinin “Mərkəzi Bankın” xeyrinə ipoteka ilə yüklü edildiyini bildirsə də, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 177 saylı fərdi yaşayış evi üzərində yüklülüyün ləğv edildiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi (prospekti) ev 177 ünvanında yerləşən 460,4 kv.m torpaq sahəsinə və 80 kv.m tikiliyə (yaşayış sahəsinə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 4.1, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi (prospekti) ev 177 ünvanında yerləşən 460,4 kv.m torpaq sahəsinə və 80 kv.m tikiliyə (yaşayış sahəsinə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar