Məhkəmə qərarları › İş №e-2-1(112)-418/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-418/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-418/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 Ağaməmməd oğlunun, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X4) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 və İstismarı Birliyi ilə 30 dekabr 2003-cü il tarixdə rəsmiləşdirilmiş 32202 saylı müqaviləyə uyğun olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka (Albalılıq) bağ massivində yerləşən ümumi sahəsi 1200 kv. metr olan “1604a” saylı bağ torpaq sahəsinə dair hüququn xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 məxsus olması haqqında arayışın (yaxud elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi ilə iddiaçının anası X8 arasında 30 dekabr 2003-cü il tarixdə 32202 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçının mərhum anası X5 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.metr olan “1604a” saylı bağ torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 2001-ci ildən etibarən iddiaçının faktiki olaraq (etibarnamə əsasında) istifadəsindədir. X8 xx.xx.2003-cü ildə vəfat etməmişdən əvvəl, həmin ilin yay aylarında torpaq sahəsinin əvvəlki sahibi ilə müvafiq qaydada razılaşmaqla, bağ torpaq sahəsi Bağlar Birliyində müvafiq qaydada mərhum anasının adına keçirilməklə, yəni anası ilə Bağlar Birliyi arasında müqavilə hazırlanmış və həmin müqaviləni anası imza etdikdən sonra müqavilə və sair sənədlər Bağlar Birliyində saxlanılmışdır. Anasına dair müqavilənin nüsxəsini götürmək üçün, o, xx.xx.2003-cü ildə Bağlar Birliyinə müraciət edib anasının adına Bağlar Birliyi tərəfindən rəsmiləşdirilmiş müqavilənin nüsxəsini (atasının iştirakı ilə) götürmüşdür. O, müqaviləni götürən zaman Bağlar Birliyinin əməkdaşı müqavilədə tarixi qeyd etmişdir. Hətta bu bağ sahəsinin əvvəlki sahibinə dair bəzi sənədlərdən surətləri də ona həmin vaxt əvvəlki sahib tərəfindən təqdim olunmuşdur. Mərhum anasına məxsus olan 1604a saylı bağ 1988-ci il tarixli müqavilə əsasında hazırkı 1604 saylı bağ ilə cəmi 25 sot olmaqla, vahid bağ sahəsi olmuşdur. Hazırda 1604 saylı bağın mülkiyyətçisi Hidayət Fəttayevdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən iddiaçıya qanuni vərəsə kimi sənəd təqdim edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.metr olan “1604a” saylı torpaq sahəsinə mülkiyyət hüququna dair elektron çıxarış, yaxud arayış verilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan Bakı şəhəri 25 saylı notariat ofisinin məktubunda mərhumun vəfat tarixi xx.xx.2003-cü il olaraq göstərilsə də, icarə müqaviləsinin bağlanma tarixi xx.xx.2003-cü il qeyd olunmuşdur. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi və torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.metr göstərilsə də, faktiki 800 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi **********77 və **********76 reyestr nömrəli mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşür. Üçüncü şəxsə məhkəmə iclası barədə bildiriş göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında bildirdi ki, anası ilə X7 arasında müqavilə bağlansa da, müqavilənin nüsxəsi anasına verilməmişdir. Anasının vəfatından sonra o, müqavilənin nüsxəsini götürmək üçün həmin idarəyə getmiş və həmin vaxt idarənin əməkdaşı müqaviləyə həmin günkü tarixi qoymuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X2 və istismarı birliyi ilə X8 arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında (1604 “a”) 32202 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Vişnyovka ərazisindəki 0,12 ha bağ sahəsi X3 istifadəsinə verilmişdir. AZ-İ seriyalı, 080330 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2003cü ildə ölmüşdür. ünvan ünvanlanmış 25 iyul 2023-cü il tarixli məktubunda xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq ərazisində 0,12 ha torpağı olan 1604a nömrəli bağ sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, ölçüsü 0,2485 ha olan, 1621 saylı bağ sahəsi X1 xüsusi mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, ölçüsü 0,1285 ha olan, 1622 saylı bağ sahəsi X1 xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 1604a saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0,1175 ha təşkil edir. Bağ sahəsi 1604 saylı bağ sahəsi ilə bir hasar daxilindədir (ara sərhəddi dəmir torla ayrılmışdır). Bağ sahəsinin ərazisi mişar daşı ilə iki hissəyə ayrılmışdır. Faktiki olaraq göstərilən 0,1175 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Keçmiş X2 və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından sənəd üzrə koordinatları müəyyən etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin bir hissəsi (az hissə) **********77, **********76 reyestr nömrəli bağ sahələri ilə və bağ evi qeydiyyata alınan 1604 saylı bağ sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, X2 və istismarı birliyi ilə X8 arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 1604 a saylı bağ sahəsi Xatın Fəttayevaya verilmişdir. Xatın Fəttayeva vəfat etdiyi üçün onun oğlu olan iddiaçı həmin bağ sahəsinin anasına məxsus olması barədə arayış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Həmin imtinanın, həm də iddiaya yazılı etirazın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan Bakı şəhəri 25 saylı notariat ofisinin məktubunda mərhumun vəfat tarixi xx.xx.2003-cü il olaraq göstərilsə də, icarə müqaviləsinin bağlanma tarixi xx.xx.2003-cü il qeyd olunmuşdur. Qeyd edilməlidir ki, Xatın Fəttayeva ilə X2 və istismarı birliyi arasında müqavilənin mövcudluğu istisna edilmir. Belə ki, həmin müqavilənin arxiv nüsxəsi də mövcuddur. Belə olan halda həmin müqavilənin tarixinin Xatın Fəttayevanın vəfatından sonrakı tarixə təsadüf etməsini məhkəmə texniki səhv kimi qiymətləndirir. Belə ki, müvafiq qurumun əməkdaşlarının səhvi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Etirazın digər dəlili isə həmin torpaq sahəsinin bir hissəsinin **********77 və **********76 reyestr nömrəli mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi qeyd edilmişdir. İş üzrə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin bir hissəsi (az hissə) **********77, **********76 reyestr nömrəli bağ sahələri ilə və bağ evi qeydiyyata alınan 1604 saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, **********77, **********76 reyestr nömrəli bağ sahələri ilə və 1604 saylı bağ sahəsi ilə üst-üstə düşən hissələr istisna olmaqla iddiaçının istifadəsində olan qalan sahəyə aid hissədə iddianın təmin edilməsinə hər hansı maneə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının istifadəsində olan 0,1173 hektar torpaq sahəsinin **********77, **********76 reyestr nömrəli bağ sahələri ilə və 1604 saylı bağ sahəsi ilə üstüstə düşən hissələr istisna olmaqla qalan hissəsinin Xatın Fəttayevaya məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka (Albalılıq) bağ massivində yerləşən ümumi sahəsi 1175 kv.metr olan “1604a” saylı bağ torpaq sahəsinin **********77 və **********76 reyestr nömrəli bağ sahələri ilə və 1604 saylı bağ sahəsi ilə üst-üstə düşən hissələr istisna olmaqla, qalan hissəsinin xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar