Məhkəmə qərarları › İş №e-2-1(112)-4186/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4186/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4186/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı (təminat xərcliyi ilə sığorta hissənin cəmi) əsasında iddiaçının əmək pensiyasının hərbi qulluqçu kimi xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi “Əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərar təqdim edərək iddiaçının müraciətinin təmin olunduğunu və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş qərardan görünür ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsini tədbiq edərək iddiaçının pensiyasını yenidən hesablamış, nəticədə iddiaçının pensiya məbləği 2512,89 manatdan 3756,65 manata çatdırılmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin məbləğin düzgün hesablanmadığı bildirdi. Cavabdehin nümayəndəsi iddianın cavabdeh tərəfindən təmin olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə cavabdeh idiaçının müraciətini təmin etdiyindən, yəni iddiaçının yığılmış pensiya kapitalına əsasən pensiya məbləğini yenidən hesabladığından cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçının pensiya məbləğini düzgün hesablanmaması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, məhkəmə iclasına cavabdehin mütəxəssisi dəvət edilmiş və mütəxəssis verilən suallara cavab olaraq pensiyanın hesablama qaydasını izah etmişdir. Belə ki, cavabdehin mütəxəssisi verdiyi izahatında bildirdi ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 31 may 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 93021,84 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünərək (93021,84:72 ay (144ay-72 ay)=1291,97 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (1132,20 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2424,17 (1132,20+1291,97) manat məbləğində müəyyən edilib. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixindən iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 2677,57 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 2945,33 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 3378,29 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 3756,66 manat məbləğində müəyyən edilib. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciəti cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar