Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4187/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********172800 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”qərarın ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, metal qalıqları, qırıntıları yığıb, onları müxtəlif metal qırıntı məntəqələri və metal əritmə zavodlarına təqdim etmişdir. Alıcılar bu işlərin vergi tərəfi ilə bağlı ona bildirmişlər ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. Həmçinin 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən də, eyni məlumat verilmişdir. O da, fəaliyyətini buna uyğun qurmuşdur. Buna baxmayaraq, bu yaxınlarda Bakı şəhəri X2 üzrə Baş İdarəsindən ona məktub gəlmişdir ki, onu öz ərizəsi olmadan, məcburi olaraq xx.xx.2021-ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi uçotuna almışlar. Daha sonra isə, heç bir xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixli, **********172800 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən ona 7050,41 manat məbləğində gəlir vergisi hesablanmışdır. Qərarın əsaslandırılmasında qeyd olunmuşdur ki, “Vergi Məcəlləsinin müddəalarına əsasən ona Gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Halbuki, onu xx.xx.2021-ci il tarixində vergi uçotuna alıblar və vergi öhdəliyi də, bundan sonraki dövrdə yarana bilərdi. Vergi orqanı isə hesablamanı vergi ödəyicisi kimi uçotda olmadığı 2020-ci ilə dair aparmışdır. 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə "fiziki şəxsin gəlir vergisi bəyannaməsi” təqdim etsə də, vergi orqanı ona gəlir vergisi hesablanmışdır. Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etsə də, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021 tarixli **********477400 saylı qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Hesab edir ki, Vergi orqanının qərarları qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən "heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, bu halda gəlir vergisi ödəmə mənbəyində alıcı vergi ödəyicisi tərəfindən tutulur, bildiriş üzrə isə vergi orqanı tərəfindən hesablanır. Bununla da, əlavə olaraq Vergi Məcəlləsinin 5-ci maddəsinin tələbləri pozulur. Həmin Maddəyə əsasən Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.16-ci maddəsində Azərbaycan mənbəyindən gəlirin növləri sadalanır, burada əldə etmədiyin gəlirdən vergi verilməsi nəzərdə tutulmamışdır. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar.71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxarılmadan 2 faiz dərəcə ilə vergi tutulur. 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmçinin vergilər vergi orqanı tərəfindən vergi ödəyicisi qeydiyyata alındığı tarixdən əvvəlki dövrlərə hesablanır ki, bunu da, qanunsuz hesab edir. Qeyd olunan hal üzrə Vergi Məcəlləsinin 5.0.1-ci maddəsinə uyğun olaraq malları təqdim etdiyi şəxs ("X4" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********)) tərəfindən bilavasitə mənbədən vergi tutulmasına baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən də bəyənnamə üzrə vergi hesablamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********668900 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən həmin sərəncama münasibət təqdim edilərək “iş üzrə icraata xitam verilməsi barədə” vəsatət və ona əlavə edilmiş sənədlər təqdim edilmişdir. Həmin vəsatətdə göstərilmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 141008,2 manat dəyərində mallaırn (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********492200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 7050,41 manat (141008,2×5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********547500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixində cari, xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə dəqiqləşdirilmiş “Gəlir vergisinin bəyannaməsi” təqdim edilmiş və nəticədə xx.xx.2021-ci il tarixli, **********547500 nömrəli və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********1728800 saylı qərar üzrə hesablanmış 7050,41 manat vergi məbləği şəxsi hesab vərəqəsindən azaldılmış, həmin qərarlar ləğv edilmişdir. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********668900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza və etiraza əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - iddiaçı cavabdeh tərəfindən 2********** qeydiyyat nömrəsi (VÖEN) verilərək, xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınmışdır. - iddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********172800 nömrəli qərar qəbul edilərək, 7050,41 manat məbləğində vergi borcu hesablanmışdır. - cavabdeh tərəfindən iddiaçıya “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2021-ci il arixli, **********1 nömrəli bildiriş göndərilmişdir. - iddiaçının şəxsi hesab vərəqəsində 7050,41 manat məbləğində azalma öz əksini tapmışdır. - İddiaçı tərəfindən aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmiş, sonuncu tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” 17 noyabr 2021ci il tarixli, **********477400 nömrəli qərar qəbul edilmişdir. - İddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********668900 nömrəli qərar qəbul edilərək, 7050,41 manat məbləğində vergi borcu hesablanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş, iddiaçının inzibati şikayəti Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********477400 nömrəli qərarı ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatının gedişində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, **********668900 nömrəli qərar təqdim edilmiş və iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək, sözügedən qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırki işin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən “X4” MMC-yə (VÖEN:**********) xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 141008,2 manat olan 16589,2 kiloqram müxtəlif növ metal tullantılarının (mis qırıntıları) təqdim edilmişdir. İnzibati orqan tərəfindən iddiaçının metal tullantılarını təqdim etməsi, toplanmış metal tuallantılarının qısa müddətdə yığılmasının əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan mümkün olmaması, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alnmış, müxtəlif növ qara və əlvan metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 141008,20 manat məbləğinə görə 7050,41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin əsl dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən 16589,2 kq metal tullantısının toplanması mümkün deyil, o sahibkarlıq fəaliyyəti çərçivəsində fəaliyət göstərmişdir. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanın uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. İddiaçının metalları təhvil verdiyi “X4” MMC tərəfindən mübahisəli dövr üçün ödəmə mənbəyindən tutulan vergilər üzrə bəyannamələr vergi orqanına təqdim edilmiş və müvafiq bəyannamələrə əsasən Vergi Məcəlləsinin 101.6-cı maddəsi üzrə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən 2 faiz dərəcə ilə tutulan vergilər dövlət büdcəsinə ödənilmişdir. Göründüyü kimi, iddiaçı əlavə və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış (iddiaçı sahibkar kimi vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır), fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt müəyyən edilməmişdir. Beləliklə də, qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məsuliyyətə cəlb edilməsi əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “xx.xx.2021-ci il tarixli, **********668900 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-4187/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4187/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver