Məhkəmə qərarları › İş №e-2-1(112)-4200/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4200/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4200/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və ona hesablanmış pensiya məbləğinin dayandırılması ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Həmçinin iddiaçının nümayəndə-vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsinə ddair ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 003514 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 28 avqust 1957-ci ildə anadan olmuşdur. O, xx.xx.1974-cü il tarixdə 183 nömrəli əmrlə Yevlax Yerli sənaye kombinatında ipək toxucu sexinə şagird vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixində şagird vəzifəsindən toxucu vəzifəsinə keçirilməsi ilə bağlı 79 nömrəli əmr verilmiş, xx.xx.1976-cı ildə 182 nömrəli əmrlə toxucu ali məktəbinin hazırlıq şöbəsinə qəbul olunduğu üçün vəzifəsindən azad edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək təhsil almış, 1982-ci ildə pedaqoq vəzifəsinə qəbul olunmuş, 1988-ci ildən 1991-ci ilədək Kirovsk şəhərində 276 nömrəli məktəbdə pedaqoq vəzifəsində çalışmış, 1991-ci ildən 2021-ci ilədək həmin məktəbdə alman dili müəllimi işləmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli sənəddə qeyd etmişdir ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək pensiyası təyin edilərkən orta aylıq əməkhaqqı əsasında əmək pensiyasının sığorta hissəsi düzgün müəyyən edilməmişdir. (X1 orta aylıq əməkhaqqısı 87,22 manat olduğu halda 165,21 manat hesablanıb.) Həmçinin, xx.xx.2021ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən etmişlər. Lakin iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipini pozmuşdur. Bu maddəyə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. Qanunun tələblərinə riayət etmədən texniki səhvə yol veridiyi kimi, eyni ilə inzibati orqan tərəfindən qanunun tələblərinə riayət edilməyərək vətəndaşın etimad hüququnun pozulması ilə nəticələnəcək hərəkətlərə yol verilir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş “Sosial ödəniş üzrə artıq ödənilmiş vəsaitin aşkar edilməsi haqqında” məktub onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyasının sığorta hissəsinin düzgün hesablanmadığını” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, araşdırmanı onun iştirakı olmadan aparmış bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı iddiası tam əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinin xx.xx.2008-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək pensiyası təyin edilərkən orta aylıq əməkhaqqı əsasında əmək pensiyasının sığorta hissəsi düzgün hesablanmamış, orta aylıq əmək haqqı 87,22 manat olduğu halda 165,21 manat olaraq hesablanmışdır. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 8670,28 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə X7 şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, həbelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “inzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. X6 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir novdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında" Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulan hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması əsas hesab olunur. Həmin Qanunun 51.1-ci madddəsinə əsasən inzibati orqan inzibati icraatda edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqa nümayəndələrin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz ölməsi ilə bağlı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbi baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilmək üçün 15 oktyabr 2024-cü il tarixdək Mərkəzi Filiala dəvət olunmuşdur. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, əmək pensiyasının məbləği yenidən hesablanaraq yol verilmiş səhv inzibati orqan tərəfindən düzəldilmiş, pensiya məbləği 996,42 manatdan 733,94 manata endirilmiş, 8670,28 manat artıq ödəmə müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, iddiaçının əmək pensiyasından hər hansı tutulma edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -sənədlərdən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. Müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işinin materiallarından görünür ki: -AR DSMF-in Binəqədi rayon şöbəsinin xx.xx.2009-cu il tarixli, 1385 nömrəli qərarı ilə İddiaçı xx.xx.2008-ci ildən yaşa görə (3 uşağa görə) əmək pensiyası təyin edilmişdir. -DSMF PHŞ-nin SÖTMF-nin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, 003514 saylı qərarı ilə iddiaçıya xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad edilərək, yenidən hesablanmış və nəticədə 764,56 manat müəyyən edilmişdir. -DSMF PHŞ-nin SÖTMF-nin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 003514 saylı qərarı ilə iddiaçıya xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 733,94 manat müəyyən edilmişdir. Qərarın Qeyd hissəsində qeyd edilmişdir: İlkin təyinat zamanı orta aylıq əmək haqqının səhv hesablanması (165,21 manat) səbəbindən maddə 39.1 tətbiq edilərək xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək 8.670,28 manat artıq vermə müəyyən edildi. -Cavabdehin xx.xx.2025-ci il tarixli xidməti məktubunda bildirilmişdir ki, “iddiaçı X2 iddiasına dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-10660/2025 nömrəli xidməti məktuba baxılmışdır. Məlumat üçün bildiririk ki, iddiaçı X3 xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunan zaman onun pensiya işinin tərkibində olan sənədlərə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tərixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlər üzrə 29 il 1 ay 14 gün sığorta stajı nəzərə alınmışdır. Vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixinədək 29 il 1 ay 14 gün sığorta stajı və 2004- 2005-ci illər üzrə 2093,24 AZN əmək haqqına əsasən yenidən hesablanaraq 2019-cu il üzrə 247,01 manat müəyyən edilmişdir: Orta aylıq əmək haqqı - 2093,24:24=87,22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya təyin olunan zaman qüvvədə olan 27.1 -ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Belə ki, xx.xx.2006cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən pensiyanın məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi məbləğində müəyyən edilir, həmçinin tələb olunan iş stajından (16 il) artıq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu halda vətəndaşın 29 il 1 ay 14 gün sığorta stajına əsasən orta aylıq əmək haqqının 86%-i (29 il-16 il=13 il, hər tam ilə 2% nəzərə alınmaqla - 26 %, ümumilikdə 60%+26%=86%) hesablanmalı olur. Lakin sözügedən qanuna uyğun olaraq pensiyanın məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-indən artıq ola bilməz. Beləliklə xx.xx.2006-cı il tarixinədək 29 il 1 ay 14 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi hesablanan zaman orta aylıq əmək haqqının 85%-i nəzərə alınır və baza hissə (25 manat) çıxıldıqdan sonra yerdə qalan 49,14 manat sığorta hissə hesab edilir. 87,22x85%=74,14 manat, 74,14-25(baza hissə)=49,14. Orta aylıq əmək haqqı və sığorta stajı nəzərə alınmaqla hesablanan əmək pensiyasının 49,14 manat sığorta hissəsinin xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 116,03 manat təşkil edir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 11,22 manat təşkil edir (xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləğ). Qeyd olunanlara əsasən illər üzrə əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2019 - 119,76 (baza hissə) + 116,03 + 11,22-247,01 manat, xx.xx.2020 - 247,01 + 247,01 x 16,6%=288,02, xx.xx.2021 - 288,02 + 288,02 x11,4%=320,86. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2021ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablama zamanı MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində 01,09.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 219,52 manat təşkil edir (xx.xx.2021 -ci il tarixinə indeksləşdirilmiş məbləğ). xx.xx.2021 - 320,86 + 219,52 = 540,38, xx.xx.2022 - 540,38 + 540,38 x 3,4% = 558,76, xx.xx.2023 - 558,76 + (2Q0:12) = 575,43, 575,43 + 575,43 x 14,7% = 660, xx.xx.2024 - 660,01 + 660,01 x 11,2% = 733,94, xx.xx.2025 - 733,94 + 733,94 x 8,1% = 793,39. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçıya cavabdeh pensiya qurumunun xx.xx.2009-cu il tarixli 1385 nömrəli qərarı ilə xx.xx.2008-ci ildən hesablanmaqla ƏPQ-nin 8.1-ci maddəsinə əsasən (01 yanvar 2010-cu ilədək qüvvədə olmuş redaksiyası) 51 yaşdan (3 uşağa görə) pensiya təyin edilmiş və ödənilmişdir. Sonradan cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyası təyin edilərkən orta aylıq əməkhaqqısı əsasında əmək pensiyasının sığorta hissəsinin düzgün hesablanmadığını əsas əsas götürərək xx.xx.2024-cü il tarixli, 003514 saylı qərarla iddiaçının pensiyasını yenidən hesablayaraq pensiya məbləğini azaltmış və artıq ödənilmiş pensiya hesablamışdır. İddiaçı hazırda cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 003514 saylı qərarı və onun nəticələrini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsinin redaksiyasına əsasən (27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 8ci maddə yeni redaksiyada verilmişdir) üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; ... -8.1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan redaksiya) valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İnzibati orqan xidməti araşdırma nəticəsində iddiaçıya əmək pensiyası təyin edilərkən orta aylıq əməkhaqqı əsasında əmək pensiyasının sığorta hissəsinin düzgün hesablanmadığı, orta aylıq əmək haqqının 87,22 manat olduğu halda 165,21 manat olaraq hesablandığı, nəticədə 8670,28 manat məbləğində artıq ödəmənin müəyyən edildiyi əsasından çıxış edərək iddiaçının əmək pensiyasını xx.xx.2024-cü il tarixdə qərar ilə yenidən hesablamışdır. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2009ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunduğu halda, 15 ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də iddiaçıya pensiya təyin edildikdən sonra onun pensiyasının yenidən hesablandığından (xx.xx.2022-ci il tarixli qərarla), habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 003514 saylı qərarı ləğv edilməli və həmin tarixdən (xx.xx.2024-cü il tarixdən) pensiya məbləğinin əvvəlki qaydada ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 003514 saylı qərarı ləğv edilsin. İddiaçı həmin tarixdən (xx.xx.2024-cü il tarixdən) pensiya məbləğinin əvvəlki qaydada ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar