Məhkəmə qərarları › İş №e-2-1(112)-4238/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4238/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4238/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçı barəsində 2023-cü ilin may ayı üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin (VÖEN: **********) qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - Cavabdeh) iddiaçının 2023-cü ilin may ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 noyabr 2023-cü il tarixli Qərar qəbul edərək iddiaçıya 167 085,72 manat məbləğində ƏDV hesablamışdır. Vergi orqanı tərəfindən hesablamaya əsas kimi qərarda aşağıdakılar göstərilmişdir: “Bildirirlər ki, operativ vergi nəzarət tədbiri zamanı əldə olunmuş elektron daşıyıcıda olan (flaş kart) məlumatlara əsasən xx.xx.2022-xx.xx.2023 fəaliyyət dövrü üzrə təqdim edilmiş bəyannamə məlumatlarında əks olunmayan 928 254,00 manat dəyərində satış dövriyyəsi müəyyən edilmişdir.” Hesablamanın əsasından görünür ki, kameral vergi yoxlaması nəticəsində hesablama operativ vergi nəzarət tədbiri zamanı güya vergi orqanın müəyyən etdiyi əlavə satış dövriyyəsindən formalaşmışdır. Hesab edirlər ki, vergi orqanı kameral vergi yoxlaması keçirərkən iş üzrə subutları düzgün araşdırmamış, mənbəyi bəlli olmayan və ilkin uçot sənədləri hesab edilməyən məlumatlara istinad edərək əsassız və qanunsuz qərar qəbul etmişdir ki, bu səbəbdən də aşağıda qeyd etdilən əsaslara görə həmin qərar ləğv edilməlidir: Kameral vergi yoxlamasından görünür ki, hesablanmış vergi məbləği operativ vergi nəzarət zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi barədə qərarın sürəti olmasa da, tərtib edilmiş sənədlərdən görünür ki, operativ vergi nəzarəti zamanı vergi orqanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına rəiayət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və vergi ödəyicisinin uçotda olmayan obyektinin olması halların müəyyən edilməsinə nəzarət edilməsi məqsədi ilə aparılmışdır. Həmin nəzarət formaları üzrə nəzarət-kassa aparatına çekin vurulmaması halına görə, işçinin əmək bildirişi qüvvədə olmadan işlərinə yerinə cəlb edilməsinə görə və uçotda olmayan obyektin aşkar edilməsinə müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Həmin maliyyə sanksiyaları iddiaçı tərəfindən qəbul edilərək şikayət edilməmiş və ödənilmişdir. VM-nin 43.1 -ci maddəsinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Qeyd edilən normalardan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi 3 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər araşdırılmış və onlara görə cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. Belə olan təqdirdə, isə vergi orqanı yoxlanılmalı olmayan məsələ üzrə əsassız və qanunsuz olaraq güya “qara mühasibatlıq” hesab etdiyi məlumatları cəmiyyətdən götürərək özünə uyğun tərzdə və hesablanması məlum olmayan qaydada əlavə vergilər hesablamışdır. Hesab edirlər ki, vergi orqanı qanunla nəzərdə tutulmuş hüquqlarını aşmış, yoxlanılmalı məsələlərinə aid olmayan məlumatları (cəmiyyətin fəaliyyətinə aid olmayan məlumatları) götürərək əsassız olaraq əlavə vergilər hesablamışdır. Digər tərəfdən, xüsusi olaraq qeyd edilməlidir ki, “qara mühasibatlıq” məlumatların aşkar edilməsi hallarının müəyyən edilməsi VM-nin operativ vergi nəzarət tədbiri zamanı əhatə edilməli olan məsələlər siyahısında öz əksini tapmamışdır. Başqa sözlə desək, vergi orqanı tərəfindən cəmiyyətin fəaliyyətini düzgün əks etdirməyən mənbəyi bəlli olmayan məlumatların “qara mühasibatlıq” adı altında götürülməsi VM-də nəzərdə tutulmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı əməkdaşları güya iddiaçının fəaliyyətinə aid olan elektron məlumatları özündə əks etdirən 2 fləş kard götürülmüşdür. Belə ki, sənədlərin və əşyaların götürülməsi haqqında 2 ədəd protokoldan görünür ki, götürülən elektron məlumatlardı. Bir proktokolda elektron məlumatlar yazılsa da, digərində ümumiyyətlə nə qeyd edildiyi görünmür. Bundan başqa, müstəqil qaydada akt tərtib edilmişdir ki, güya müəssisədən 2 ədəd fləş kard götürülmüşdür. Fləş kardların isə yalnız həcmləri qeyd edilmiş, lakin xarici görünüşü, modeli, markası və rəngi ümumiyyətlə qeyd edilməmişdir. Yəni cəmiyyətin hansı modelli, markalı, xarici görünüşdə və rəngə olan fləş kardların götürülməsi məlum deyil və bu xüsusiyyətlər barədə aktda heçnə göstərilməmişdir. Belə olan halda, cavabdeh vergi orqanı ümumi sözlərlə yalnız həcm və fləş kard sözlərini qeyd etməkllə kifayətlənmiş, bu isə həmin fləş kardların dəyişməsi və digər fləş kardlarla əvəzlənməsi şübhəsini doğura bilər. Xüsusi olaraq qeyd edirlər ki, həmin aktda marka, model, rəng və xarici görünüş yazılmayıb və haradan bilmək olar ki, həmin fləş kardlar dəyişdirilməmiş, orada olan məlumatlar təhrif edilməmişdir. Digər tərəfdən, operativ vergi nəzarət tədbiri zamanı İT sahəsindən başı çıxmayan əməkdaşlar elektron məlumatları (bilmirik hansıları) müəyyən fləş kardlara köçürmüşlər ki, qeyd edilən hallar da müvafiq aktdan görünür. Elektron məlumatların köçürülməsinə İT sahəsi üzrə mütəxəssis cəlb edilməmişdir. İddiaçının rəhbəri və baş mühasibi 2 ədəd fləş kardın götürülməsini təsdiq etsələr də, həmin fləş kardlarda olan məlumatları öz imzaları ilə təsdiq etməmişlər. Bundan başqa, bildirirlər ki, müəssisədə baş mühasib kimi çalışan X4 iddiaçının obyektində otursa da, iddiaçının mühasibat işlərindən başqa digər vergi ödəyicilərin də mühasibatlıq işlərini görür ki, həmin məlumatlar da məhz onun kompyuterində mövcud idi. Belə olan halda, vergi orqanı həmin məlumatları da iddiaçının olduğunu zənn edərək əlavə dövriyyələr çıxartmışdır. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarda isə vergi orqanı qeyd etmişdir ki, “operativ vergi nəzarət tədbiri zamanı əldə olunmuş elektron daşıyıcıda olan (flaş kart) məlumatlara əsasən xx.xx.2022-xx.xx.2023 fəaliyyət dövrü üzrə təqdim edilmiş bəyannamə məlumatlarında əks olunmayan 928 254,00 manat dəyərində satış dövriyyəsi müəyyən edilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı qanunun tələblərinə zidd olaraq yalnız əlavə müəyyən etdiyi dövriyyənin göstərilməsi ilə kifayətlənmiş, lakin həmin dövriyyənin necə və hansı qaydada formalaşdığını, hansı elektron faylara əsasən hesabladığını və həmin dövriyyənin hansı üsullara çıxartdığını ümumiyyətlə göstərməmiş, əlavə dövriyyəni necə müəyyən etdiyini izah etməmiş və əsaslandırmamışdır. Kameral vergi yoxlaması nəticəsində qəbul edilən qərardan görünür ki, vergi orqanı cəmiyyətin xx.xx.2022-xx.xx.2023 ci illəri əhadə edən, yəni 1 il 3 aylıq dövrə görə satış dövriyyəsini müəyyən edərək həmin dövriyyəyə görə ƏDV vergisini 2023-cü ilin may ayına hesablamışdır. Başqa sözlə desək, vergi orqanı vergi ödəyicisinin bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etməklə aparmışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir. VM-nin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167 -ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Eyni Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin, VM-nin 166-cı maddəsi vergi tutulan əməliyyatın aparıldığı vaxtı müəyyən edir. Yuxarıda əksini tapmış müddəalara əsasən belə nəticəyə gəlinir ki, büdcəyə ödənilməli ƏDV, Vergi Məcəlləsinin 166 -cı maddəsinin müddəaları nəzərə alınmaqla təqvim ayı ərzində təqdim edilmiş malların (görülmüş işlərin və göstərilmiş xidmətlərin) dəyərindən hesablanan vergi məbləği ilə həmin ayda əldə edilmiş elektron vergi hesabfakturaları üzrə (idxalda gömrük bəyannamələri üzrə) Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Büdcəyə ödənilən ƏDV məbləği hər bir təqvim ayı üçün növbəti ayın 20 -dək vergi ödəyiciləri tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannaməsi əsasında hesablanır. Eyni zamanda ƏDV bəyannamələri elektron vergi hesab-fakturaları, ödəniş sənədləri əsasında Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla tərtib olunur. Göstərilənləri nəzərə alaraq qeyd edə bilərlər ki, vergi orqanı hər ay üzrə vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirməklə və hər ay üzrə aparılmış əməliyyatlara görə əlavə vergilər hesablaya bilər. Lakin 1 il 3 aylıq dövriyyəyə görə bir aya vergilərin hesablanması VM-də nəzərdə tutulmamış və kobud qanun pozuntusudur. Ümumiyyətlə vergi orqanı məhz hesablama apardığı 2023-ci ilin may ayı üzrə cəmiyyətin qərarda qeyd etdiyi 928 254,00 manat məbləğində əlavə ƏDV dövriyyəsinin olmasına dair təsdiqedici dəlil və ya sübutlarla təsdiq edə bilməmiş, mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, cəmiyyətin 2023-ci ilin may ayı üzrə 928 254,00 manat məbləğində əlavə dövriyyəsinin olması və həmin dövriyyəyə görə dövlət büdcəsinə əlavə ƏDV-nin hesablanmalı olmasını, eyni zamanda mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən digər halları öz qərarında əsaslandıra bilməmişdir. Vergi orqanı 1 il 3 aylıq dövrü üzrə müəyyən edilmiş dövriyyəyə görə 2023-cü ilin may ayı üzrə hesablamanın aparılmasını VM-nin 67.15-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışsa deyə bilərlər ki, həmin normaya əsaslanması özü-özlüyündə qanunsuz və əsassızdır. Belə ki, həmin normaya görə vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, qeyd edilən normada söhbət malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmamasının aşkar edilməsi halından gedir ki, həmin anda sonuncu hesabat ayına vergilərin hesablanmasını həyata keçirmək olar. Hazırda isə vergilərin hesablanmasına əsas uçot məlumatlarında göstərilən malların faktiki olaraq iddiaçının sahibliyində olmaması deyil, əlavə satış dövriyyəsinin müəyyən edilməsindən ibarətdir ki, bu da VM-nin 67.15-ci maddəsinin hazırki məsələyə tətbiq edilməsini istisna edir. Hətta hesab etsək ki, bu norma hazırkı məsələyə tətbiq edilməli, onda yenə də tərtib edilmiş sənədlərdən görünür ki, vergi orqanı güya əlavə satış dövriyyəsinin olmasını 2023-cü ilin mart ayında müəyyən etsə də, vergi orqanı bu normanın tələblərini pozaraq həmin hesablamanı 2023-cü ilin may ayına aparmışdır ki, bununla da yenə də həmin qanun normasının tələblərini kobud surətdə pozmuşdur. Eyni zamanda, vahid məhkəmə təcrübəsinin formalaşması ilə əlaqədar olaraq “qara mühasibatlığa” aid olan məhkəmə işləri üzrə yekunlaşmış bir sıra Ali Məhkəmənin qərarlarını məhkəmənin diqqətinə çatdırmaq istərdilər. Həmin Qərarlarda da Ali Məhkəmə bir daha öz hüquqi mövqeyini bəyan edərək “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanmasını qanunsuz hesab etmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********294300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin may ayı əlavə dəyər vergisi bəyannaməsinin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 558,08 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi, eyni zamanda operativ vergi nəzarəti tədbiri zamanı əldə olunmuş elektron daşıyıcıda olan (flaş kart) məlumatlara əsasən xx.xx.2022-xx.xx.2023 fəaliyyət dövrü üzrə təqdim edilmiş bəyannamə məlumatlarında əks olunmayan 928 254,0 manat dəyərində satış dövriyyəsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********458200 və **********996600 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 167 186,17 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********473100 nömrəli və xx.xx.2023-cü il tarixli **********400900 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən qərarların mübahisələndirmə müddəti ötürüldüyündən yenidən eyni dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və nəticədə hazırda mübahisələndirdiyi inzibati akt qəbul edilmişdir. Eyni zamanda məlumat üçün məhkəmənin nəzərinə çatdırmışlar ki, hesablamaya əsas verən sənədlər Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlarıı ilə başlamış vergi nəzarəti çərçivəsində götürülmüş, “Sənədlərin və əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli DVX 006394 nömrəli Protokolla rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli Protokol iddiaçının direktoru X5 tərəfindən imzalanmışdır. Eyni zamanda bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə “Götürülmüş sənəd qutusunun açılması barədə” Akt tərtib edilmiş və iddiaçının direktoru Əliyev Mətləb hakim oğlu və baş mühasibi X4 tərəfindən imzalanmışdır. İddia ərizəsində qeyd olunmuşdur ki, götürülmüş sənədlərin məhz iddiaçıya aid olması müəyyən edilmir, xüsusi olaraq bildirilmişdir ki, iddiaçının rəhbəri və baş mühasibi 2 ədəd fləş kardın götürülməsini təsdiq etsələr də həmin fləş kardlarda olan məlumatları öz imzaları ilə təsdiq etməmişdirlər. Bununla bağlı bildirirlər ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda elektron materialların, fləş kardların vergi ödəyicisinə məxsus olmasına etiraz etməmiş, həmin aktı imzalayaraq oradakı məlumatları təsdiq etmiş, iddia ərizəsində qeyd olunan hər hansı məlumatı akt və ya protokolda qeyd olaraq bildirməmişdir. Eyni zamanda hesablamanın mahiyyəti üzrə iddiaçının dəlillərinə nəzər yetirdikdə görünür ki, ərizədə iddiaçı hər hansı başqa bir səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş aktın mübahisələndirilməsi barədə dəlillərini qeyd etmişdir. Götürülmüş sənədlərdən aydın olmuşdur ki, iddiaçının dövriyyəsi olsa da həmin dövriyyəni gizlətmiş, Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq heç bir sənədləşmə həyata keçirməmişdir. Belə olan halda, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********458200 və **********996600 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 noyabr 2023-cü il tarixli **********294300 nömrəli qərarına əsasən iddiaçıya may 2023-cü il əlavə dəyər vergisi üzrə 169667,82 manat məbləğində vergi borcu hesablanmışdır.

9. Cavabdehin xx.xx.2023-cü il tarixli **********3619 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarı, “Operativ vergi nəzarətnin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********3616 nömrəli, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli, DVX seriyalı, 006394 nömrəli protokolu məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən birinci tələb üzrə mübahisələndirmə, ikinci tələb üzrə isə məcburetmə haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

20. İşin hallarından görünür ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 noyabr 2023-cü il tarixli **********294300 nömrəli qərarı ilə iddiaçıya 2023-cü il may ayı əlavə dəyər vergisi üzrə 169667.82 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin əlavə dəyər vergisi vergi ödəyicisinin «fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən müəyyən edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən həmin elektron yaddaş qurğusunda olan məlumatlara əsasən əldə edilmiş məlumatlara əsasən iddiaçıya əlavə dəyər vergisi hesablanmışdır.

21. Məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə etmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma suyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank sablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Lakin, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı iş üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi isə imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin “qara mühasibatlıq” sənədlərində olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara muhasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı; ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakı məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin.”

22. Eyni zamanda qeyd edilməlidir ki, “qara mühasibatlıq” sənədlərində olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı; ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakı məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin.

23. Oxşar işlər üzrə Ali Məhkəmənin mövqeyini əsas götürən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun.

24. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

25. Cavabdehin etirazının dəlillərini formal mülahizələrdən ibarət hesab edən məhəmə bildirir ki, cavabdeh tərəfindən qəbul edilən və iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilə bilinməmişdir.

26. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 noyabr 2023-cü il tarixli **********294300 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar