Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-424/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) qarşı “əlilliyin müəyyən edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1991-1995-ci illərdə daxili işlər orqanlarında xidmət keçmiş, 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. 1992-ci ilin oktyabr ayında keçmiş Ağdərə rayonunda düşmən mərmisindən kəllə-beyin travması (kontuziya) almışdır. 2020-ci ildə kəsilənə qədər 2 qrup müharibə əlili kimi pensiya və təqaüd almışdır. Son bir-neçə ildə sağlamlıq vəziyyəti daha da pisləşmiş, əlavə müalicələr almışdır. Bu ilin may ayında yenidən pensiya təyin edilməsi məqsədilə cavabdeh tərəfindən müayinə olunmuşdur. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı xəstəliyi meyarlara cavab vermədiyindən əlilliyin təyinindən imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, müharibə vaxtı aldığı travmadan əziyyət çəkir. Əsəb sistemi kəskin pozulmuşdur. Tez-tez tutmaları olur. Qulağında daimi küy vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Beyin daxili hipertenziya. Vegetativ damar distoniyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 24 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəlləbeyin travması. Baş beyin silkələnməsi. Kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yaddaş pozğunluğu, qulağında səs, yuxusuzluq, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında Medikamentoz preparatlardan “Depakin”, “Qabaqamma”, qəbul etdiyini bildirmişdir. Təqdim olunan sənədlərdə qeyd olunan diaqnoz haqqında vətəndaş şikayət bildirməmiş, anamnestik məlumatlarında epitutmanı ümumiyyətlə təsvir etməmiş, təqdim olunan sənədlərin doğruluğuna şübhə yaranmış, vətəndaşın hal-hazırda aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Saylı X1 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Baş beynin üzvi xəstəliyi (QKBT) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifləməsi, depressiv daxil olmalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Postravmatik ensefalopatiya, Baş beyin atrofik dəyişikliklər. Kəskin asteno-nevrotik vəziyyət" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Beyin şırımları və qırışları dərinləşmişdir. Hər iki təpə nahiyələrində kalsinatlaşmış sahələr diqqəti çəkir. Arxa kəllə çuxurunda ölçüsü təxminən 11 x 9 mm araxnoidal kista diqqəti çəkir” kimi qeyd olunsa da, ocaqlı nevroloji patologiya izlənilməmişdir. X11 Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinəsinin nəticəsi “Hər iki qulaqda yüngül dərəcəli sensonevral (nevrosensor) tip eşitmə azlığı geyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Dimed klinikanın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-organik əlamətləri qeyd olunur. Hipoksiya geyd olunur. Travmanın qalıq əlamətləri gevd olunur. 1 hissədə paraksizmal aktivliyi gicgah-təpə nahiyəsində qeyd olunur (5-6 dəfə qeyd olunur). 2-ci hissədə həmin zonada-qıcolma dalğalar qeyd olur (hiperventilvasiyadan sonra). 3-cü hissə-foto stimulyasiyadan sonra-qıcolma dalğalar artır (8-9 dəfə qeyd olunur). Həmin zonada MRT-də kalsinasiva və kista, qıcolma dalğalar qeyd olunur. Kəllə-daxili hipertenziyanın əlamətləri qeyd olunur" kimi göstərilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddia müddətinin ötürülməsi məsələsini qaldırsa da, dövlət tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş əlillik təyinatından imtina edilməsi barədə inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı 19 may 2017-ci il tarixdə “Hərbi əmliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, mərmi patlaması nəticəsində aldığı travmadan sonrakı vəziyyət, kəllədaxili travmalar nəticələri, keçirilmiş QKBT-nin davamli qaliq əlamətləri, posttravmatik ensefalopatiya” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinın xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Beyin daxili hipertenziya. Vegetativ damar distoniyası” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. -AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3093/2023 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı İsmiyev İsrayıl təm oğlunun əyani müayinəyə edilməklə vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh DTSERA tərəfindən qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin E00048274URA nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir”. Məktuba əlavə edilmiş Tibbi-sosial ekspert komissiyasının 10 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-89/2024 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin E00048274URA nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-12920/2023). Vətəndaş Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən 3-17-4/1-45139/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından travma aldığını qeyd etmiş, partlayış dalğasına məruz qaldığı üçün sağ qulağının pərdəsinin deşilməsindən, başağrısı, yaddaşsızlıq, qulağında səsdən şikayətlənmiş, əsəbləşdiyi zaman dilinin dolaşdığını qeyd etmiş, dərman qəbulu ilə keçib getdiyini söyləmişdir. Medikamentoz preparatlardan Depakin, Stimulaton, Spitamin qəbul etdiyini qeyd etmişdir. Xəstənin şikayətləri ilə klinik əlamətləri arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı simulyasiya etmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi dəyişikliklər aşkar edilməmişdir. Həmçinin “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq “Epilepsiva seyrək tutmalarla (avda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloii simptomatika” və digər ağırlaşmalar təsdiqlənmədiyindən əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, E00048274URA nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilməmişdir. Sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2022-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu T90.5 olan “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Beyin daxili hipertenziya. Vegetativ damar distoniyası. Simpato adrenalin krizlərlə (stasionarda olduğu müddətdə 2 dəfə kriz baş vermişdir). Postravmatik baş ağrıları. Koqnitiv pozulmalar. Baş beyinin üzvi mənşəli nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaş zəifliyi.” qeyd edilmişdir. Əsas diaqnozun ağırlaşması kimi isə: -XBT-10 kodu F07 olan Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları. Yaddaş zəifliyi. -XBT-10 kodu F07.8 olan Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu. Kobud davranış pozulmaları müəyyən edilmişdir. -XBT-10 kodu G44.3 olan Xroniki postravmatik baş ağrısı, Müalicəyə tabe olmayan daim baş ağrıları -XBT-10 kodu G93.4 olan dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya. Yaddaş və koqnetiv pozulmalar müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək xx.xx.2022-ci il tarixli E00048274URA nömrəli tibbi göndərişdə göstərilən diaqnozların mövcud olub-olmaması, mövcuddursa xəstəliyin müalicə almaqla reabilitasiya olmasının mümkün olub-olmaması və İddiaçı müəyyən edilmiş xəstəliklərin AR NK-nın 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi Meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsi, düşürsə hansı xəstəlik olması və orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Lakin ekspertiza tədqiqatı cavabdeh təşkilatın tibbi sosial eksperti X6 iştirakı ilə keçirildiyindən məhkəmə xx.xx.2024-cü il tarixli, T308/2024 nömrəli ekspert rəyini rəyini mötəbər qəbul etməmişdir. Son olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyininin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-3. SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından və müvafiq tibbi avandanlıqlarla təchiz olunmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin İ.R.lsmiyevin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, beyindaxili hipertenziya, vegetativ damar distoniyası, simpato adrenalin krizlərlə (Stasionarda olduğu müddətdə 2 dəfə kriz baş vermişdir), posttravmatik başağrıları, koqnitiv pozulmalar, baş beyinin üzvi mənşəli nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaş zəifliyi (1992-ci il tarixdə Azərb...). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifliyi, F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kobud davranış pozulmaları, G44.3-xroniki posttravmatik başağrısı, müalicəyə tabe olmayan daimi başağrıları, G93.4dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya, yaddaş və koqnitiv pozulmalar. Yanaşı xəstəliklər: İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX- koronokardioskleroz” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin DTSERA-da əyani müayinəsi zamanı “2 nömrəli X4”nın xx.xx.2022-xx.xx.2022-ci il tarixli, 5314/22 nömrəli çıxarışında qeyd olunan “Baş beynin üzvi xəstəliyi (QKBT) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifləməsi, depressiv daxilolmalarla” və “Respublika Neyrocərrahiyyə Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Posttravmatik ensefalopatiya, baş beyində atrofık dəyişikliklər, kəskin asteno-nevrotik vəziyyət” diaqnozları öz təsdiqini tapmamış, xəstənin şikayətləri ilə klinik əlamətləri arasında uyğunsuzluq müşahidə edilmiş, müayinədə simulyasiya etmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi dəyişikliklər, davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. 4,5. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “2 nömrəli X4”na müayinəyə göndərilmiş və onun xx.xx.2025-ci il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı “Üzvi (hərbi travma-qapalı kəllə-beyin travması) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozulmaları, yaddaş zəifləməsi, depressiv daxilolmalarla MMSE-22, F07.0, F07.8, F06.7, F06.3” qərarı verilmişdir. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları - F07.8. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və təyin edilmiş məhkəmə-tibbi ekspertiza tədqiqatı çərçivəsində ixtisaslaşmış tibb müəssisəsi olan 2 nömrəli X2 Həkim Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov