Məhkəmə qərarları › İş №e-2-1(112)-4288/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4288/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4288/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri D.Əliyeva küç., 717-ci məhəllədə yerləşən evin 3 mərtəbə 4 saylı mənzilinin faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyatıa alınmasının cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 25 noyabr 2013-cü il tariхdə "xxxx" MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoхmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 2 otaqlı, 4 №-li, 87 kvm mənzilinə dair çoхmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 104 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı ("xxxx" MMC) Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çхomənzilli yaşayış binasının İİİ mərtəbəsində, 2 otaqlı, 4 №-li, 87 kvm mənzilini tikib sifarişçiyə (İddiaçıya) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kvm qiyməti 1200 manat həcmində müəyyən edilmişdir. Mənzilin ümumi sahəsi 87 kvm. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 104400 (bir yüz dörd min dörd yüz) manat olmaqla dəyişilməz olaraq qalır. İddiaçı tərəfindən mənzilin dəyəri olan 104.400 manat 25 noyabr 2013-cü il tarixdə tam olaraq"xxxx" MMC-nin xəzinəsinə ödənilmişdir. Həmin məbləğ "xxxx" MMC tərəfindən qəbul edilmiş və buna dair 25 noyabr 2013-cü il tarixdə AXU №112 nömrəli kassa mədaxil orderi verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çхomənzilli yaşayış binasının İİİ mərtəbəsində, 2 otaqlı, 4 №-li, 87 kvm mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil verilmişdir. Buna dair xx.xx.2017-ci il tarixdə mənzilin təhvil-təsliminə dair akt tərtib edilmişdir. "xxxx" MMC (podratçı) iləİddiaçı (sifarişçi) arasında 25 noyabr 2013-cü il tariхdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoхmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 2 otaqlı,4 №-li, 87 kvm mənzilinə dair çoхmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ yaranmışdır. Lakin, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin 20 dekabr 2023-cü il tariхli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Göstərilən məktubla imtinanın əsası kimi ona istinad edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindənqeyd olunan ünıvanda inşa edilmiş çoхmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tariхli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativi («Nəsimi 19» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəхsi 1 saylı Bakı Əraziİdarəsinin göstərilən хüsusata əsaslanmaqla mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçıadına qeydə alınmasından və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarış verilməsindən imtina etməsi əsassızdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunan məsələ ilə bağlı xx.xx.2023cü il tarixli, ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil- Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfinizdən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnuzun qeydiyyatı aparıla bilər. Həmçinin ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 4 saylı mənzilinə dair müraciətinizə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-326/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş yaşayış binasının 3-cü mərətəbəsində, sahəsi 94.2 kv.m. olan, 2 (iki) otaqlı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Lakin qeyd olunan icra vərəqəsində mənzilin nömrəsi göstərilmədiyindən qadağanın müraciətdə qeyd olunan mənzilə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Podrat müqaviləsindən görünür ki, sifarişçi İddiaçı Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən podratçı "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 2 otaqlı, 4 nömrəli mənzili tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Kassa mədaxil qəbzindən görünür ki, iddiaçı mənzilin dəyərini ödəmişdir. Maliyyə arayışından görünür ki, iddiaçının mübahisə predmetini təşkil edən mənzilə görə heç bir borcu yoxdur. Mənzilin təhvil-təslim aktına əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən mübahisə predmetini təşkil edən mənzil İddiaçı təhvil verilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazda göstərilən məzmunda imtina verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-53/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində, 2 otaqlı, 4 №-li, sahəsi 94,2 kv.m olan mənzil, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində, 4 otaqlı, 2 №-li, sahəsi 210 kv.m olan mənzil, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində, 2 otaqlı, 1 №-li, sahəsi 90 kv.m olan mənzil və Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində, 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzillə ikidə bir hissədə payın müəyyən edilməsinin rədd olunması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-53/2021 nömrəli qərardadı ilə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki 2 otaqlı 4 saylı mənzilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-326/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC podrat müqaviləsinə əsasən mübahisə predmetini təşkil edən mənzili iddiaçıya təhvil vermişdir. Maliyyə arayışına əsasən iddiaçı həmin mənzilə görə mənzilin dəyərini ödəmiş, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün üç əsas gətirir:

1. İstismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MTK-nın göstərilməsi;

2. Mübahisə predmetini təşkil edən mənzilin yerləşdiyi yaşayış binasının "xxxx" MMC-nin ("xxxx" MTK-nın hüquqi varisi) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi;

3. Mənzilə dair qadağanın olma ehtimalının olmasıdır. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzil üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına dair istismara icazə sənədinin olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binaya pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binaya görə pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. Həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Cavabdehin istismara icazə sənədi ilə bağlı olan imtina əsasına dair Məhkəmə aşağıdakiları diqqətə çatdırır. İstismara icazə sənədinin anlayışı Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin : - maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. İddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq mənzilin yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MTK-nın ("xxxx" MMC) adının qeyd olunması "xxxx" MMC ilə sifarişçi arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir. Bundan başqa bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Məhkəməsinin 2-2(102)-158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın təsviri hissəsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MTK arasında əmlak üzərində hüquqların tanınması və pul tələbi ilə məhkəmə mübahisəsi mövcud olmuşdur.Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, 05 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmış, həmin müqaviləyə görə "xxxx" MTK-nın tapşırığı əsasında "xxxx" MMC mübahisəli mənzilin yerləşdiyi mənzilin inşa edilməsini öz öhdəsinə götürmüş, "xxxx" MTK isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq "xxxx" MMC-yə təhvil verməyi öz öhdəsinə götürürmüşdür. Beləliklə Məhkəmə hesab edir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyildir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyinin tələbləri əsasında, tikintisi başa çatmış binaya istismara icazə sənədinin alınması ilə bağlı müraciət etmək hüququ sifarişçiyə məxsus olduğundan, hazırki mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına istismara icazə sənədi müvafiq olaraq sifarişçi qismində çıxış edən "xxxx" MTKya verilmişdir. Mənzilə dair qadağanın olub-olmaması ilə bağlı bildirilir ki, doğrudur ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki 2 otaqlı 4 saylı mənzilin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-326/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuş, daha sonra həbsin qoyulması ilə bağlı məhkəmə qərardadı ləğv edilmişdir. Göründüyü kimi hal-hazırda mənzilin üzərinə qoyulmuş hər hansı məhdudiyyətin olması müəyyən olunmur. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən də mənzilə dair məhdudiyyətin olması sübut olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin əsas imtina əsası kimi hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən evin 3 mərtəbə 4 saylı mənzilinin faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar