Məhkəmə qərarları › İş №e-2-1(112)-4291/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4291/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4291/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 və üçüncü şəxs “X12” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Binəqədi rayon Xocəsən Bələdiyyəsi 25 iyul 2006-cı il tarixli, 14/33 nömrəli Qərarı ilə Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ Mübahisənin predmeti İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Binəqədi rayon Xocəsən Bələdiyyəsi 25 iyul 2006-cı il tarixli, 14/33 nömrəli Qərarı ilə Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X12” şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsi 25 iyul 2006-cı il tarixli, 14/33 nömrəli Qərarı ilə Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-980/2007-ci il tarixli iş üzrə xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə həmin torpaq sahəsinə ünvan 1 ünvan verilmiş və iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli cavab məktubu iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Həmin məktubda qeyd edilir ki, təqdim etdiyiniz sənədlər toplusunda torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad edilməmişdir. Həmçinin, cavab məktubunda qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması aşkar edilmişdir. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin mövqeyi ilə bağlı bildirmək istəyirik ki, hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən alqı-satqı aktının təsdiqlənməsi qeyri-mümkündür. Eləcə də cavabdeh orqan tərəfindən imtina əsası kimi qeyd edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad edilməməsi halı artıq aradan qaldırılmışdır və bələdiyyə tərəfindən həmin cizgidə Xocəsən Bələdiyyəsi 25 iyul 2006-cı il tarixli, 14/33 nömrəli Qərarına istinad edilməsinə dair zəruri qeydiyyat aparılmışdır. Əlavə olaraq, iddiaçıya məxsus torpaq sahəsinə bitişik olan digər daşınmaz əmlakların mülkiyyətçiləri - onun qonşuları olan X6 xx.xx.2015-ci il tarixdə, X9 xx.xx.2015ci il tarixdə, X4 isə xx.xx.2023-cü il tarixdə özlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hər üç qonşuya mülkiyyət hüququna dair çıxarış verilmişdir. Beləliklə, cavabdeh dövlət orqanı tərəfindən mülki dövriyyə iştirakçılarının hüquq bərabərliyi prinsipinin tələbləri kobud şəkildə pozulmuşdur. Bu cür davranış isə iddiaçıya münasibətdə fərqli rəftar olmaqla bərabərlik prinsipinin pozulması ilə nəticələnib və bu səbəbdən yolverilən hesab edilməməlidir. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir( Binəqədi Oyl) və ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Sulutəpə “Məhsul” bağçılıq-yoldaşlıq bağ massivinin ərazisidir, ətrafı bağ sahələridir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Üçüncü şəxs “X12” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəmə təqdim edilmiş iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X12” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X16 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. X2 tərəfindən xx.xx.2006cı il tarixdə qəbul edilmiş Qərar artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir.” Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar pertimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, qeyd olunan torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Şirkətin hüquq və təminatlarının - mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Qeyd etmək sitəyirik ki, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən “Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı_obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə normativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və suların yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarını göstərmək olar. Bu qaydalara əsasən neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 300 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Qeyd etmək istəyirik ki, vətəndaş İddiaçınm istifadəsində olan torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə əsasən, sənaye təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişilməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilməsi”nə dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11 -ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilməməsinə baxmayaraq, özbaşına tikili inşa edilməklə sənaye təyinatlı torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoyulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduqları halda, neft təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, dövlət obyektlərinin — dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4cü bəndinin tələbinə görə, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməli olduğu halda, həmin torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilərək öz təyinatına və hüquqi statusuna uyğun olaraq istifadə edilmir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmə təqdim edilmiş iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X12” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsənəsi ərazisində yerləşən daşınmaz əmlak ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X12” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi mülahizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir Məhkəmə tərəflərin və üçüncü şəxslərin (nümayəndələrin) izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tədqiq edilmiş sənədlər Torpaqların alqı-satqısına dair aktından görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin inzibati ərazisində 600 kv.m torpaq sahəsi satılması barədə 25 iyul 2006-cı il tarixli 14/33 saylı qərar qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-980/2007 nömrəli, 05 mart 2007-ci il tarixli qərnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 212 saylı evə yaşayış hüquqlarının tanınması və onu həmin ünvana qeydiyyata götürülməsinin Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və ŞVŞ-nə tapşırılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixdə Binəqədi RİHB-nın Xocəsən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Musayeva X5 rayon Xocəsən Bələdiyyəsinin 14/33 saylı, 25 iyul 2006-cı il tarixli qərarına əsasən inşa edtiyi fərdi yaşayış evin inşası başa çatmış və ona Xocəsən qəsəbəsi Sulu-təpə yaşayış massivi R.Allahverdiyev küçəsi, 212 saylı ünvan verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli, **********18 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim etdilən sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bəiədiyyə qərarına istinad olunmamışdır. İddiaçı tərəfindən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi məhkəməyə təqdim edilmişdir. Həmin cizgidə göstərilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə fərdi yaşayış evləri və digər tikililər yerləşir və Koka-kola firması fəaliyyət göstərir. İddiaçı tərəfindən həmin ərazidə yerləşən digər torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış məhkəməyə təqdim edilmişdir. - RX seriyalı ******* nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 50B/150B saylı bağ sahəsinin bir hissəsi xüsusi mülkiyyət hüququ ilə X7 məxsusdur Məhkəmənin müvafiq sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 dekabr 2024-cü il tarixli 3-48-2F/2-2605/2024 №-li məktubundan görünür ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 14/33 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. - Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 14/33 №-li, 25 iyul 2006-cı il tarixli qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 30/2-2983/2025 №-li məktubda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Binəqədi Oyl). Eyni zamanda sahədən təqribi 40 metr yaxınlığında neft quyusu və ətrafda çoxlu sayda ləğv edilmiş quyular barədə məlumatı var. Qeyd olunanlarla yanaşı, sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Məktuba qoşma kimi əlavə edilmiş xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600,0 kv.m, faktiki olaraq isə 860 kv.m-dir. Torpaq sahəsi mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənmişdir. Torpaq sahəsi üzərində iki ədəd yaşayış evi, talvar, hin mövcuddur. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgiyə aid Bələdiyyə qərarı təqdim edilməyib. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Məhkəmənin mövqeyi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” İşin faktiki hallarına əsasən iddiaçıya Xocəsən bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 25 iyun 2006-cı il tarixli 14/33 nömrəli qərarı mövcuddur. Göründüyü kimi iddiaçıya torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə verilmişdir. İnzibati orqanı olan Xocəsən Bələdiyyəsinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuki iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdeh sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə məlumatı qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh mübahisəli torpağın Dövlət Neft Şirkətinə ( X11 Şirkəti)nin istifadəsinə ayrılmış ərazi olmasını, ərazidə ləğv edilmiş neft quyusunun olmasını bildirsədə həmin ərazidə digər vətəndaşların torpağa dair müvafiq sənədlərə əsasən müəyyən olunur ki, həmin ərazidə bir çox şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onlara reyestrdən çıxarışlar verilmişdir. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə fərdi yaşayış evləri, iaşə, ticarət və digər təyinatlı obyektlər, "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin istehsal müəssisəsi də yerləşir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu və yuxarıda göstərilən digər hallar iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər Binəqədi rayon Xocəsən Bələdiyyəsi 25 iyul 2006-cı il tarixli, 14/33 nömrəli qərarı ilə Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər Binəqədi rayon Xocəsən Bələdiyyəsi 25 iyul 2006-cı il tarixli, 14/33 nömrəli qərarı ilə Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar