Məhkəmə qərarları › İş №e-2-1(112)-4302/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4302/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4302/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151294 nömrəli qərarının hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********151294 nömrəli qərarına əssən İddiaçı ASC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir və ona 1251610,91 manat borc - 2014- 2020-ci illər üzrə cəmi 834407,24 manat məbləğində mənfəət, əlavə dəyər və əmlak vergiləri; həmin vergilər üzrə cəmi 417203,67 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1145624,06 manatın ödənilməsi haqqında **********712100 nömrəli Tələbnamə də təqdim edilmişdir. Bu tələbnaməyə əsasən əsas borc 763834,77 manat, maliyyə sanksiyası 381789,29 manat təşkil edir. Bütövlükdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin borc hesablanması barədə qərarı əsaslandırılmamışdır, hesablanmış verginin əsası bəlli deyildir. Qərarın preambula hissəsində səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli **********144674 nömrəli akta istinad edilir, halbuki həmin akt xx.xx.2021-ci il tarixlidir, eyni zamanda xx.xx.2021-ci il tarixli, **********540500 nömrəli sənədə istinad edilir, halbuki həmin sənəd İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməmişdir.Bundan başqa qərardakı məbləğlə tələbnamədəki məbləğ də üst-üstə düşmür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı 2014-cü ildən başlayan dövrü əhatə etmişdir, halbuki həmin dövr üzrə Vergi Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş müddətlər buraxılmışdır. xx.xx.2021-ci il tarixli akta dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayət təqdim edilmişdir, lakin şikayətə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Aktda göstərilmişdir ki, güya icarə müqaviləsində icarə haqqı bazar qiymətinə uyğun deyildir, lakin bununla bağlı əsaslı bir sübüt gətirilməmişir.Aktda əlavə vergilər hesablanan zaman “X9” MMC tərəfindən iddiaçıya məxsus və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2014-2020-ci illər üzrə icarə haqqının müəyyənləşdirilməsinə dair ekspert rəyi əsas götürülmüşdür.Lakin “X9” MMC xx.xx.2020ci ildə təsis olunmuşdur, heç bir illik təcrübəsi belə yoxdur, onun nizamnamə kapitalı 10 manatdır, özü barəsində bir dəfə də olsun belə vergi hesabatı verməmiş, 100 manatlıq əmlakı olmayan hüquqi şəxs başqalarının fəaliyyətinə necə qiymət verə bilər, həmin MMC-nin heç ofisi də yoxdur, ünvanı kimi mənzil göstərilmişdir, rəyi imza edən şəxsin peşəkar qiymətləndirici olması nə ilə təsdiq edilir, rəydə yalnız xarici ali təhsil vurğulanmış, həmin təhsilin isə qiymətləndimə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, beləliklə “X9” MMC tamamilə etimad doğurmayan, qeyri-ciddi bir qiymətləndiricidir, onun rəyi mötəbər deyildir, rəyin predmeti icarə haqqının müəyyənləşdirilməsi olmalı olduğu halda rəydə alqı-satqı müqavilələrinə istinad edilmişdir. Rəy cari qiymətlər əsasında, digər icarəyə verənlərin qiymət təklifinə əsaslanır, halbuki Vergi Məcəlləsinin normalarına əsasən bazar qiyməti malı (işin, xidmətin), tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətidir, buna görə də ekspertin gəldiyi nəticə birtərəfli xarakter daşıyır.Rəydə ekspertin istinad etdiyi 2021-ci il elanlarından görünür ki, qeyd edilən icarə qiymətləri 90% kiçik sahəli obyektlərin icarə qiymətlərini əks etdirir. İddiaçı ASC-yə məxsus təqdim edilən icarə haqqı qiymətləri isə həm obyektlərin sahəsinin böyüklüyü, həm müqavilənin uzunmüddətliyi, obyektlərin həmin dövrdə baxımsızlığı, zirzəminin istifadə olunmaması və icarəçilər tərəfindən sonradan təmir olunması, etibarlı tərəfdaş olduğu səbəbindən aşağı qiymətlə icarəyə verilmişdir. Halbuki icarə qiymətləri arasında fərq icarə sahəsinin böyük və kiçikliyi, təmir vəziyyəti və yuxarıda qeyd edilən başqa səbəblərdən kəskin fərqlənir.Cavahdehin mübahisələndirilən qərarı qəbul edən zaman istinad etdiyi rəydə göstərilən 90 manat orta qiymət heç bir reallığı əks etdirmir və bu qiymət kiçik sahəli obyektlərin icarə qiymətinə uyğundur. Nisbətə böyük sahəli obyektlərə baxdıqda onların qiymətlərinin 50-90 manat arasında dəyişdiyini görürük. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, **********144643 nömrəli, xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən İddiaçı ASC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr yanvar 2014 – iyul 2020) təyin edilmişdir. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli, **********144674 nömrəli aktla rəsmiləşdirilmiş, həmin aktda qeyd edilənlər əsaslı hesab edildiyindən xx.xx.2021-ci il tarixli, **********151294 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində mənfəət vergisinin ödəyicisi olmuşdur. Ödəyici tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2014-cü ildə gəlir 58644,06 manat, xərcləri isə 276873,88 manat, 2015-ci ildə gəlir 66423,73 manat, xərcləri isə 52446,58 manat, 2016-cı ildə gəlir 79209,00 manat, xərcləri isə 69419,00 manat, 2017-ci ildə gəlir 101016,94 manat, xərclər isə 99750,74 manat, 2018-ci ildə gəlir 101694,91 manat, xərcləri isə 102472,63 manat, 2019-ci ildə gəlir 132202,40 manat, xərcləri isə 25511,76 manat, 2020ci ildə gəlir 103260,54 manat, xərclər isə 24348,90 manat olmuşdur. Yoxlama zamanı (ekspert rəyi əsasən) yoxlanılan illər üzrə dövriyyə məbləğinin azadıldığı müəyyən edilmiş və nəticədə 2014-cü il üzrə 55755,99 manat, 2015-ci il üzrə 59466,63 manat, 2016-cı il üzrə 66656,53 manat, 2017-cü il üzrə 83748,77 manat, 2018-ci il üzrə 78854,53 manat, 2019-cu il üzrə 97523,46 manat və 2020-ci il üzrə 22486,38 manat verginin az hesablandığı müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üçün ümumilikdə 464492,29 manat mənfəət vergisinin azaldılmasına görə 232246,15 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə təqdim edilmiş bəyannamələr müqayisə olunarkən 369532,28 manat kənarlaşma aşkar edilmişdir. ƏDV üzrə hesablamanın əsasını ekspert rəyi təşkil edir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza 23 ünvanda yerləşən İddiaçı ASC-yə məxsus obyektin təqdim edilmiş texniki pasportuna əsasən obyektin göstəriciləri aşağıdakı kimi olmuşdur: 1-ci mərtəbə 236,1 kv.m., köməkçi sahə - zirzəmi 403,9 kv.m. Ekspertin təqdim etdiyi rəyə əsasən illər üzrə qiymətlər aşağıdakı kimi müəyyən edilmişdir: sahənin 1 kv.m. üçün qiyməti ƏDV ilə: 1) 2014-ci il – qeyri yaşayış sahəsi - 76,10 manat, zirzəmi – 38,03 manat; ƏDV ilə qeyri yaşayış sahəsinin aylıq icarə məbləği 17967,21 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 15360,32 manat, obyektin icarə məbləği – 33327,53 manat, obyektin illik icarə məbləği 399930,32 manat təşkil edir. 2) sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə: 2015-ci il – qeyri yaşayış sahəsi - 79,50 manat, zirzəmi – 39,27 manat, qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 18533,85 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 15861,15 manat, obyektin icarə məbləği – 34395,00 manat, obyektin illik icarə məbləği 42740,04 manat təşkil edir. 3) sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə: 2016-cı il üzrə – qeyri yaşayış sahəsi- 86,60 manat, zirzəmi – 43,30 manat; qeyriyaşayış sahəsinin aylıq icarə məbləği 20446,26 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 17488,87 manat, obyektin icarə məbləği – 37935,13 manat, obyektin illik icarə məbləği 45535,13 manat təşkil edir; 4) sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə - 2017–ci il üzrə: qeyri yaşayış sahəsi - 99,30 manat, zirzəmi – 99,79 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 2355,56 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 20110,18 manat, obyektin icarə məbləği – 43625,74 manat, obyektin illik icarə məbləği 623508,89 manat təşkil edir; 5) 2018-ci il üzrə – sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə: qeyri- yaşayış sahəsi - 111,50 manat, zirzəmi – 55,76 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 26325,15 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 22521,46 manat, obyektin icarə məbləği – 48846,61 manat, obyektin illik icarə məbləği 586159,37 manat təşkil edir; 6) 2019-cu il üzrə sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə – qeyri- yaşayış sahəsi - 121,00 manat, zirzəmi – 60,50 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 28568,10 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 24435,95 manat, obyektin icarə məbləği – 53004,05 manat, obyektin illik icarə məbləği 636048,60 manat təşkil edir; 7) 2020-ci il üzrə – sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə qeyriyaşayış sahəsi - 93,20 manat, zirzəmi – 46,59 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 22004,52 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 18817,70 manat, obyektin icarə məbləği – 40822,22 manat, obyektin illik icarə məbləği 489866,65 manat təşkil edir. Ekspertin təqdim etdiyi rəyə əsasən illər üzrə qiymətlər aşağıdakı kimi müəyyən edilmişdir: sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV-siz: 1) 2014-ci il üzrə – qeyriyaşayış sahəsi - 64,49 manat, zirzəmi – 32,23 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 15226,09 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 13017,70 manat, obyektin icarə məbləği – 28243,67 manat, obyektin illik icarə məbləği 338924,04 manat təşkil edir. 2) 2015-ci il üzrə – qeyri yaşayış sahəsi - 66,52 manat, zirzəmi – 33,28 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 15706,52 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 13441,79 manat, obyektin icarə məbləği – 29148,31 manat, obyektin illik icarə məbləği 349779,72 manat təşkil edir. 3) 2016-cı il üzrə – qeyriyaşayış sahəsi - 73,39 manat, zirzəmi – 36,69 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 17328,21 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 14820,26 manat, obyektin icarə məbləği – 32148,42 manat, obyektin illik icarə məbləği 385781,04 manat təşkil edir; 4) 2017-ci il üzrə – qeyri-yaşayış sahəsi - 84,41 manat, zirzəmi – 42,19 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 19929,20 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 17042,52 manat, obyektin icarə məbləği – 36970,97 manat, obyektin illik icarə məbləği 443651,64 manat təşkil edir; 5) 2018-ci il üzrə – qeyri yaşayış sahəsi - 94,49 manat, zirzəmi – 47,25 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 22309,09 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 19084,28 manat, obyektin icarə məbləği – 41395,44 manat, obyektin illik icarə məbləği 496745,28 manat təşkil edir; 6) 2019-cu il üzrə – qeyri yaşayış sahəsi - 102,54 manat, zirzəmi – 51,27 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 24209,69 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 20707,95 manat, obyektin icarə məbləği – 44918,69 manat, obyektin illik icarə məbləği 639024,28 manat təşkil edir; 7) 2020-ci il üzrə – qeyri yaşayış sahəsi – 78,98 manat, zirzəmi – 39,48 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 1864,18 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 15945,97 manat, obyektin icarə məbləği – 34593,15 manat, obyektin illik icarə məbləği 415117,80 manat təşkil edir. Yoxlanılan dövrdə 2014-cü il üzrə 50450,37 manat, 2015-ci ildə 51184,11 manat, 2016-cı ildə 54830,86 manat, 2017-ci ildə 57898,59 manat, 2018-cu ildə 71109,12 manat, 2019-cu ildə 73227,72 manat və 2020-ci ildə 10831,51 manat ƏDV-nin azadıldığı müəyyən edilmişdir.Beləliklə yoxlama ilə ümümilikdə 369532,28 manat ƏDV-nin azaldılmasına görə 184766,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində onun hansı dəlilinə münasibət bildirilmədiyini qeyd etməmişdir, səyyar vergi yoxlaması aktının tarixi isə iddia ərizəsində göstərildiyi kimi xx.xx.2021-ci il deyil, xx.xx.2021-ci ildir, xx.xx.2021-ci il tarixli sənədə gəldikdə isə həmin sənəd “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” protokolun iddiaçının elektron poçtuna göndərilməsi haqqında məktubdur. Bundan başqa vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən vergi ödəyicisində keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən təyin edilmişdir.Belə ki, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddia tələbinın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ”X7 MMC-nin ekspertinin iltizamı, həmin Cəmiyyətin tərtib etdiyi “HOM PAŞ MTK şirkəti tərəfindən tikilmiş daşınmaz əmlakın xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə real bazar qiymətlərini müəyyələşdirmək məqsədilə ekspert rəyi”, xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlamasnın keçirilməsi haqqında **********144643 nömrəli qərar, xx.xx.2021-ci il tarixli **********144674 nömrəli “Səyyar vergi yoxlaması aktı”, ”Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edlməsi haqqında” **********151294 nömrəli, xx.xx.2021-ci il tarixli qərar, iddiaçı haqqında məlumat, icarəyə verilən obyektlər haqqında məlumatların fotoşəkilləri, xx.xx.2022-ci il tarixli ittiham aktı, 9/9433 №li, xx.xx.2022-ci il tarixli ekspert rəyi, icarə müqavilələri, qeyri-yaşayış sahələrinin fotoşəkilləri, ”Az-Ekspertiza” MMC-nin ekspert rəyi, ”CFR Group” MMC-nin ekspert rəyi təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 2014-2020-ci il dövrləri üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, həmin vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli, **********144674 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir, qeyd edilən səyyar vergi yoxlamasının 2-ci bölməsinə əsasən yoxlanılan dövr üzrə (ekspert rəyinə əsasən) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ildə 50450,37 manat, 2015-ci ildə 51184,11 manat, 2016-cı ildə 54830,86 manat, 2017-ci ildə 57898,59 manat, 2018-ci ildə 71109,12 manat, 2019-cu ildə 73227,72 manat və 2020-ci ildə 10831,51 manat, ümumilikdə 369532,28 manat ƏDV azaldıldığı müəyyən edilmiş, azaldılmış ƏDV ilə bağlı iddiaçıya 184766,16 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, habelə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ildə 55755,99 manat. 2015-ci ildə 59466,63 manat, 2016-cı ildə 66656,53 manat, 2017-ci ildə 83748,77 manat, 2018-ci ildə 78854,53 manat, 2019-cu ildə 97523,46 manat və 2020-ci ildə 22486,38 manat, cəmi 464492,29 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir, 232246,17 manat maliyyə sanksiyasının hesablanması təklif edilmişdir, 2020-ci il üzrə 382,67 manat əmlak vergisinin azaldılması müəyyən edilmişdir, 191,34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, qeyd edilən səyyar vergi yoxlaması aktı və xx.xx.2021-ci il tarixli, **********540500 nömrəli sənəd (qərarda adı göstərilməmişdir), cavabdehin etirazda göstərdiyinə görə “Səyyar vergi yoxlaması aktına baxılma haqqında Protokol”un göndərilməsi haqqında məktub əsas götürülməklə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ümumilikdə 834407,24 manat vergi hesablanmış, 417203,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti qeyd edilən vergilərin hesabınmasını və maliyyə sanksiyasının tətbiq edilməsini əsassız hesab edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edlməsi haqqında” **********151294 nömrəli, xx.xx.2021-ci il tarixli qərarın hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilməsini məhkəmədə tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin Məcəllənin 14.6.1-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; Həmin Məcəllənin 14.6.1.6-cı maddəsinə əsasən malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. Həmin Məcəllənin 14.6.2-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Həmin Məcəllənin 14.7-ci maddəsinə əsasən hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə əsasən “Bununla əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. “ İşin faktiki hallarına əsasən cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilər cavabdehin təqdim etdiyi “X9” MMC-nin ekspert rəyinə əsasən hesablanmışdır. Halbuki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar, həmin məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi qanunverici vergi orqanı tərəfindən yoxlama nəticəsində vergi ödəyicilərinin ödəməli olduqları verginin həcmini müəyyən etmək üçün istifadə edə biləcəyi üsul və qaydanı Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən etmişdir və qeyd edilən maddənin normalarında ödənilməli verginin həcminin ekspert rəyi əsasında müəyyən edilməsi nəzərdə tutulmamışdır, eyni zamanda cavabdeh hansı səbəbdən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada verginin hesablanması üsullarından istifadə etmədiyini məhkəməyə bildirməmişdir və əsaslandırmamışdır. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində mübahisələndirilən qərarı qəbul edən zaman istinad edilmiş səyyar vergi yoxlaması aktında iddiaçıya əlavə ƏDV və mənfəət vergilərinin, habelə əmlak vergisinin hesablanması üçün əsas götürülmüş “X9” MMC-nin tərtib etdiyi ekspert rəyinin mötəbərsizliyi ilə bağlı iddiaçının dəlilləri ilə məhkəmə razılaşır, belə ki, rəydə, rəyi ekspert kimi tərtib etmiş şəxsin müvafiq ekspert kimi fəaliyyət göstərməsinə dair sertifikatının olması öz əksini tapmamışdır,habelə qeyd edilən ekspertin fəaliyyət göstərdiyi ekspertiza cəmiyyəti xx.xx.2020-ci ildə təsis olunmuş bir cəmiyyətdir, ekspertin həmin cəmiyyətdən əvvəl də bu sahədə fəaliyyət göstərməsinə dair heç bir hal rəydə əks olunmur və buna dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir, həmin cəmiyyət ekspert rəyini tərtib edən zaman öz fəaliyyətinin nəticələri barədə vergi hesabatı verməmiş, təcrübəsi 1 ildən az olan bir cəmiyyətdir, bundan əlavə ekspert rəyindən göründüyü kimi ekspert Azərbaycanda internetin inkişaf etmədiyinə əsaslanaraq 2021-ci ilin iyul-avqust aylarında müxtəlif saytlarda verilən elanlardakı məlumatları 2014-cü ildən 2021-ci ilə qədər olan dövrlərə şamil edərək hesablamalar aparmışdır ki, bu da hesablanmış vergilərin məbləğlərinin düzgünlüyünü şübhə altına alır, belə ki, 2021-ci ildəki qiymətlərin 2014-2020-ci ildəki qiymətlərlə eyni olması işdə olan heç bir sübutla təsdiqlənmir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən də məhkəməyə iki ekspert rəyi təqdim edilmişdir, həmin ekspert rəylərindən "xxxx" MMC-nin tərtib etdiyi ekspert rəyi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyri-yaşayış təminatlı daşınmaz əmakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almış X2 tərəfindən imzalanmışdır, qeyd edilən ekspert rəyinə əsasən ünvan 3 ünvanda yerləşən ekspertizaya təqdim edilmiş daşınmaz əmlakın icarə qiyməti 1 kv metr üçün 2014-cü ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2015-ci ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2016-cı ildə əsas sahə üçün 55 manat, köməkçi sahə üçün 15 manat, 2017-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2018-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2019-cu ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2020-ci ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 25 manat müəyyən edilmişdir. Digər "xxxx" MMC-nin tərtib etdiyi ekspert rəyi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Yaşayış təminatlı daşınmaz əmakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almış X1 tərəfindən imzalanmışdır, qeyd edilən ekspert rəyinə əsasən ünvan 3 ünvanda yerləşən ekspertizaya təqdim edilmiş daşınmaz əmlakın icarə qiyməti 1 kv metr üçün 2014-cü ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2015-ci ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 15 manat, 2016-cı ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 15 manat, 2017-ci ildə əsas sahə üçün 55 manat, köməkçi sahə üçün 20 manat, 2018-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 25 manat, 2019-cu ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 25 manat, 2020-ci ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 20 manat müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinın təqdim etdiyi ekspert rəylərindəki icarə qiymətləri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi ekspert rəyindəki icarə qiymətləri ilə ziddiyyət təşkil edir, hər iki rəydəki qiymətlər cavabdehin təqdim etdiyi ekspert rəyindəki qiymətlərdən əhəmiyyətli dərəcədə azdır, hər iki rəy cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi və iddiaçıya əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün əsas kimi götürülmüş növbədənkənar səyyar vergi yoxlaması aktında istinad edilən ekspert rəyindən fərqli olaraq qiymətləndimə sahəsində müvafiq sertifikata malik olan mütəxəssislər tərəfindən imzalanmışlar. Digər tərəfdən isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının təqdim etdiyi ekspert rəylərinin mötəbərsizliyinə dair heç bir dəlili və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə habelə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarə qiymətinin düzgün göstərilməməsinə dair sübut qismində müxtəlif icarə sahələrinə dair icarə müqavilələrini məhkəməyə təqdim etmişdir, lakin məhkəmə cavabdehin yerləşdiyi ünvanda baxış keçirərkən müəyyən etmişdir ki, Bakı şəhəri, R.Rza küçəsi,3, Bakı şəhəri, R.Rza küçəsi,3/5, Bakı şəhəri, Nizami küçəsi,50 ünvanında yerləşən obyektlər İddiaçı ASC-nin ünvan 5ektindən 100 metr məsafədə yerləşirlər, ünvan 6 yerləşən obyekt tapılmadığı üçün cavabdehin nümayəndəsi həmin obyektin göstərilməsinin mümkün olmayacağını bildirmişdir.Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin yerləşdiyi Bakı şəhəri, R.Rza küçəsi, 23 ünvanının yaxınlığında başqa təsərrüfat obyektləri yerləşdiyi halda cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin ünvandan uzaqda – 100 metr məsafədə olan obyektlərin icarə müqavilələrini, habelə mövcud olmayan təsərrüfat obyektinin icarə müqaviləsini məhkəməyə təqdim etmişdir ki, bütün bu göstərilən hallar məcmu şəkildə məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əlavə vergilərin hesablanmasının və maliyyə sanksiyalarının tətbiq edilməsinin qanunauyğunluğunda və düzgünlüyündə aradan qaldırılmaz şübhələr yaradır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən isə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir Lakin işin faktiki hallarına əsasən cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlama 3 ildən artıq bir dövrü, 2014-cü ildən 2020-ci ilə qədər olan dövrü əhatə etmişdir ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur, halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Bundan əlavə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.5.-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 2014-2020-ci il dövrləri üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başa çatdırılaraq yoxlama aktı tərtib edilmişdir, həmin vergi yoxlamasının nəticələri əsasında isə iddiaçının hissəvi mübahisələndirdiyi qərar xx.xx.2021-ci ildə qəbul edilmişdir, belə olan halda cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri də pozulmuş, maddədə qeyd edilən 10 gün müddətinə də əməl edilməmişdir, nəticədə məhkəmənin gəldiyi qənaətə görə iddiaçı üçün qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bütün göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********151294 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamaqla qanunsuz əlverişsiz inzibati akt olduğu üçün hesablanmış borc hissəsində (maliyyə sanksiyası ilə birlikdə) ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ASC barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********151294 nömrəli qərarı hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ASC barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********151294 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar