Məhkəmə qərarları › İş №e-2-1(112)-4306/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4306/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4306/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) ərizə ilə cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, torpaq sahəsinə cizginin verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli 5-12/1-11-38-091 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi 2008-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış keçmiş Abşeron rayonu, Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayon İcra Hakimiyətinin 13 sentyabr 1993-cü il tarixli 529/363 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya verilmiş torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının (indiki Cavabdeh) 13 sentyabr 1993-cü il tarixli 529\363 nömrəli qərarı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 2\55 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayırılmışdır. Həmin torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması məqsədilə ilə bağlı plan-cizginin verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət olunsa da, ərizəyə imtina məktubu ilə cavab verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 5-12\1-H-38-091 saylı imtina məktubunda qeyd edilir ki, “nümayəndəlikdən verilən məlumatda qeyd edilir ki, istifadənizdə olan torpaq sahəsi 2008ci ildə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış keçmiş Abşeron rayonu, Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədə uyğun sayılmır”. Sözügedən imtina qanunsuz və əsassızdır. Əmlak üzərində tam sahiblik hüququnun təmin olunmaması iddiaçının mülkiyyət hüquqlarını pozur və bu hüquqların dövlət reyestrində qeydiyyatına əngəllər yaradır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı yerləşmə cizgisini tələb etdiyindən onun iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında xx.xx.1993-cü il tarixli 629/363 saylı sərəncamdan görünür ki, Zirə qəsəbəsi, Sərdərov küçəsi 45 nömrəli evdə yaşayan, heç bir yerdə işləməyən, ailə tərkibi bir nəfərdən ibarət olan İddiaçı Zirə qəsəbəsinin şimali-qərb hissəsində 2/55 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-859/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi mişar daş hasar daxilindədir. Sahənin bir tərəfi yol, üç tərəf qonşudur. Faktiki torpaq sahəsi 1228.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ikimərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X1 Sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sənədlərdən məlum olur ki, iddiaçıya torpaq sahəsi xx.xx.1993-cü il tarixli 629/363 saylı Sərəncamla ayrılmışdır, həmin sərəncam hazırda qüvvədədir. İddiaçı bu sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmiş, torpaq sahəsinin 2008-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış keçmiş Abşeron rayonu, Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşməsi əsası ilə ona imtina cavabı verilmişdir. Buna görə də iddiaçı hazırda torpaqayıran qurum olan cavabdehdən ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş edir, cavabdeh isə həmin sənədlərin inzibati orqanın arxivində aşkar edilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 629/363 nömrəli sərəncamının qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixli) əsasən: -maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -maddə 11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. -Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. -maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cü maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni zamanda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Belə olan halda, əhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrıldığından həmin torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi də həmin qurumun vəzifəsi olmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, əslində bununla ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nı (surətinin) təqdim etmək vəzifəsi daşımışdır, həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbində haqlı olmuşdur və bu səbəbdən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 629/363 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin şimal qərb-hissəsində yerləşən 2/55 nömrəli 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar