Məhkəmə qərarları › İş №e-2-1(112)-4313/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4313/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4313/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021ci il tarixli, **********6 nömrəli Qərarının ləğv edilməsi və cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixdən etibarən pul məbləğinin tutulması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçıya xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı pensiyasının azalması səbəbinə görə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq pensiya məbləğinin azalma səbəbi kimi xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş pensiya məbləğinin tutulması olduğu bildirilmişdir. Həmçinin verilən cavabda qeyd edilmişdir ki, xidməti yoxlama zamanı xx.xx.2013-cü il tarixində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının düzgün hesablanmaması səbəbindən yaşa görə əmək pensiyası məbləğinin xx.xx.2013-cü il tarixindən 484,35 manat hesablanaraq ödənilməli olduğu halda, 622,28 manat hesablanaraq ödənildiyinin aşkar edildiyi və əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 17832,22 manat artıq hesablanıb ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 №-li qərarına əsasən xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 17832,22 manat vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacağı göstərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən artıq ödəmənin tutulması, həmçinin iddiaçının əmək pensiya məbləğinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli **********6 №-li “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, iddiaçıya xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyasının ödənişi davam etdirilir. Xidməti yoxlama zamanı İddiaçı xx.xx.2013-cü il tarixdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının düzgün hesablanmaması səbəbindən yaşa görə əmək pensiyasının məbləğinin xx.xx.2013-cü il tarixdən 484,35 manat hesablanaraq ödənilməli olduğu halda, 622, 28 manat hesablanaraq ödənildiyi aşkar edilmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə vətəndaşa təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və nəticədə xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 17832,22 manat artıq ödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli Qərarı ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 17832,22 manat artıq ödəmə hesablanmış və xx.xx.2021-ci il tarixdən etibarən hər ay pensiya məbləğindən 168,20 manat tutulma aparılır. İddiaçının nümayəndəsi və vəkili 24 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 №-li Qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-cü maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 03070224 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 noyabr 2021-ci il tarixli “Artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” məktubunda göstərilmişdir ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2005-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi tətbiq edilməklə iddiaçının əmək pensiyasının ödənişi davam etdirilir. Pensiyanın məbləğinin azalma səbəbi xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasıdır. Xidməti yoxlama zamanı xx.xx.2013-cü il tarixində fərdi hesabının səğorta hissəsində qeydə alınmış pensiya kapitalının düzgün hesablanmaması səbəbindən yaşa görə əmək pensiyasının məbləğinin xx.xx.2013-cü il tarixindən 484,35 manat hesablanaraq ödənildiyi aşkar edilmişdir. Nəticədə əmək pensiyasının məbləği xx.xx.2013cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 17832,22 manat artıq hesablanıb ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirlir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarına əsasən xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 17832,22 manat vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərarının surətindən görünür ki, xx.xx.1952-ci il tarixində Gədəbəy rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği dəyişdirilmiş, xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 17832,22 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 24 may 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sözügedən şəxsin xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci tarixədək fərdi hesabının sığorta hissəsində 8043,12 manat (həmin tarixə indeksləşdirilmiş və 50 % ilə) pensiya kapitalı qeydə alınmışdır. İddiaçının pensiya işinin təsdiq edilmiş surətinə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 841,01 manat olmuşdur. PSKnın düzgün hesablanmaması səbəbindən xx.xx.2013-cü ildən xx.xx.2021-ci il tarixədək artıq vermə nəzərə alınmışdır. İş materiallarından göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən xx.xx.2004-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanmış və cavabdehin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçının təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş, xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 17832,22 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki nə qədər ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, cavabdehin onun barəsində qərar qəbul etmək səlahiyyəti olmamışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Məhkəmə qeyd edir ki, mübahisə predmeti qərarın qəbul edilməsi üçün cavabdehin müvafiq səlahiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı normaları təhlil olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Həmin Əsasnamənin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir. Məhkəmə bu mövqedən irəli çıxaraq, mübahisə predmeti qərarı qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə belə nəticəyə gəlir ki, hazırkı işdə iddiaçı barəsində müvafiq məzmunda qərar qəbul etmək yalnız Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətində olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, mübahisə predmeti inzibati akt müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyindən etibarsız hesab edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar